AZ

Bakı mühüm beynəlxalq məsələlərin müzakirəsi, qlobal həmrəyliyin təşviqi üçün vacib məkandır - ŞƏRH

Dünyanın 176 ölkədən 58000-dən artıq nümayəndənin iştirakı ilə Azərbaycanda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ölkəmizin beynəlxalq səviyyədə tanıdılması və əldə etdiyi uğurları nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Bu nüfuzlu tədbrilə Azərbaycan qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək imkanlarını bir daha nümayiş etdirdi. Bir daha təsdiqləndi ki, Bakı mühüm beynəlxalq məsələlərin müzakirəsi, qlobal həmrəyliyin təşviqi üçün vacib məkandır.  Bu tədbirə görə, Prezident İlham Əliyevə, Azərbaycan dövlətinə və xalqına dəfələrlə minnətdarlıq ifadə olundu. WUF13-ün yekunları üzrə qəbul edilmiş "Bakı Fəaliyyətə Çağırış" (Baku Call to Action) sənədində bu fikir öz əksini tapdı.  Sənəddə, bildirilib ki, tarixdə ilk dəfə olaraq, ev sahibi ölkənin təşəbbüsü ilə 27 dövlət və hökumət başçısı, yüzdən çox nazir, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və yüksəksəviyyəli bir neçə rəsmi şəxs Liderlər Sammitində iştirak edib. 

Sənəddə ev sahibi Azərbaycanın təcrübəsi də daxil olmaqla, münaqişədənsonrakı bərpa və yenidənqurma sahəsində mühüm beynəlxalq nümunələr qeyd edilib. Yenidənqurma və bərpa səylərinin prioritetləşdirilməsi, eləcə də məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi məqsədilə əlaqələndirilmiş yanaşmanın tətbiqinə çağırış da əksini tapıb. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası üzrə təcrübəsi dünyada müharibədən sonrakı bərpanın əhəmiyyətli nümunələrindən biri hesab olunur.

Qiymətləndirmələrə əsasən, dünyada 3,4 milyard insan adekvat mənzil təminatından məhrumdur. Sənəddə mənzil və iqlim dəyişiklikləri arasında güclənən qarşılıqlı əlaqəyə də geniş yer ayrılır. Bildirilir ki, mənzil baxımından ən həssas əhali qrupları çox vaxt daşqınlar, ekstremal istilər və ekoloji deqradasiya da daxil olmaqla iqlim risklərinə ən çox məruz qalan təbəqələrdir. Mütəxəssislərin fikrincə, bu sənəd müxtəlif şəraitlərdə mənzil problemlərinin həlli istiqamətində kollektiv məsuliyyət və daha sıx əməkdaşlıq üçün yol xəritəsi rolunu oynamağı hədəfləyir. 

UN-Habitat Gənclər Məsləhət Şurasının üzvü Jonathan Oriki Some WUF13-ün rəsmi bağlanış mərasimində bildirib ki, “Bakı Fəaliyyətə Çağırış” sənədi ehtiyac duyduğumuz transformativ dəyişikliyə yol göstərə biləcək praktik, əlçatan və aydın bir yol xəritəsi təqdim edir: “Bu, bizə xatırladır ki, fəaliyyətsiz baxışlar nə ev, nə şəhər, nə də gələcək qura bilər". Bu mənada sözügedən sənəddə vurğulandığı kimi, “Bakı Fəaliyyətə Çağırış” sənədi mənzil böhranını onun köklərində həll etməyə yönəlmiş iddialı bir çağırışdır. 

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mayın 17-dən 22-dək Bakıda keçirilib.
UN-Habitat tərəfindən çağırılan və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forum “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuşdu.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
68
50
ikisahil.az

10Mənbələr