Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ölkə boyu intensiv yağıntılar, məlum olduğu kimi Kürdə də suyun həcmini xeyli artırdı. Bir tərəfdən bunun əkin sahələri, suvarma üçün faydalı olduğu bildirilsə də, digər tərəfdən isə ətraf ərazilərə ziyan dəyməsin, yaşayış məskənləri daşqın təhlükəsi ilə üzləşməsin deyə suyun düzgün idarə olunmasıın vacibliyi vurğulandı.
Ekoloq-hidroloq Rövşən Abbasov bu günlərdə Kür çayında mövcud vəziyyəti araşdırıbvə çəkdiyi videonu sosial şəbəkədə paylaşıb. Bu barədə “Sherg.az”a danışan ekoloq bildirdi ki, Kür çayının Bala Kür adlandırılan hissəsində çəkiliş aparıb:
- Bilirsiz ki, Ana Kür və Bala Kür adları şərtidir. Əslində Bala Kürdə su daha çoxdur. Biz Bala Kürün mənsəb hissəsində olduq. Və vəziyyəti araşdırdıq. Bala Kür bu hissədə Xəzərə tökülür. Deyim ki, o hissə çox möhtəşəm su-bataqlıq landşaftına sahibdir. Özünəməxsus bir eko-sistem yaradır. Həm balıqların kürü tökməsi üçün dənizə keçməsinə şərait var, həm də quşların, məməlilərin yaşaması üçün çox yaxşı şərait var. Çox təəssüf ki, bir neçə il əvvəl Bala Kürün qarşısı kəsildi. Məqsəd dənizdən Kürə daxil olan suyun qarşısını almaq idi. Guya ki, dənizdən Kürə su daxil olurdu və çayda suyun səviyyəsi qalxırdı. Buna görə suyun qarşısını kustar bir bəndlə kəsdilər. Biz o vaxtda da demişdik ki, bunu etmək olmaz. Həmin bənd dağılıb artıq. Təbiidir, belə də olmalı idi. Amma başqa bir hadisə də baş verib. Çayın qarşısı kəsildiyindən burada Kür sağa doğru özünə yeni yataq açıb və bu da böyük bir hissədə torpaq ərazisinin itirilməsiylə nəticələnib. Belə layihələr həyata keçirilərkən həqiqi mütəxəssislərlə mütləq məsləhətləşmə aparılmalıdır. Kimsənin ixtiyarı yoxdur belə layihələrlə bağlı özbaşına qərar versin. İcraya yönəldilməzdən əvvəl layihənin ətraf mühitə təsir sənədi və başqa sənədlər də olmalıdır. Sənədlər hazırlanmalıdır, sonra layihə həyata keçirilməlidir.
Mütəxəssis bildirdi ki, əslində problemin həlli çayın yuxarı axınında suyun planlı idarəedilməsində idi. Mövcud vəziyyət bunu göstərir ki, su ehtiyatlarının idarə olunmasında ciddi tədbirlər görülməlidir. Əgər edilməzsə bir müddət daşqınla, sonra isə su çatışmazlığı ilə mübarizə aparmalı olacağıq. Hövzə idarəçiliyi aşağı axında yarana bilən problemlərin həllində əsas yoldur.
R.Abbasov bildirdi ki, bununla belə ərazi çox möhtəşəmdir, möcüzəli görünüşə malikdir:
- Xüsəsən günəş batarkən ətrafda çox gözəl mənzərə yaranır. Hesab edirəm ki, bura ölkəmizdə əsas turist esansiyalarından biri ola bilər. Bakıya çox yaxındır, insanlar bura gələ bilər. Amma şərait elə olmalıdır ki ətrafa ziyan dəyməsin, insanlarımız bu gözəl landşaftın təbii gözəlliyini görsünlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.