AZ

ABŞ-ın burnunun ucunda "casus yuvası": Çin və Rusiyadan şok gediş

ABŞ ilə Kuba arasında eks-prezident Raul Kastronun həbs qərarı ilə bağlı diplomatik münasibətlərin ən gərgin həddə çatdığı bir vaxtda, Vaşinqtonun birbaşa təhlükəsizlik coğrafiyasına yönəlmiş qlobal xarakterli şok kəşfiyyat məlumatları sızdırılıb. Dünyanın iki böyük nüvə dövləti olan Çin və Rusiyanın Amerika sahillərinin cəmi bir neçə milliyində yerləşən adada öz hərbi-casusluq fəaliyyətlərini görünməmiş dərəcədə aktivləşdirdiyi məlum olub.

Musavat.com xəbər verir ki, ABŞ kəşfiyyat orqanlarının hazırladığı xüsusi hesabatlara əsasən, Çin Xalq Respublikası və Rusiya Federasiyası Kubadakı strateji elektron casusluq fəaliyyətlərini ən pik həddə çatdırıblar. ABŞ dövlət qaynaklarının yaydığı rəsmi məlumatda qeyd olunur ki, Pekin və Moskva hələ 2023-cü ildən başlayaraq Kuba adasında yerləşən elektron kəşfiyyat (SIGINT) mərkəzlərini və texnoloji vasitələrini tamamilə modernləşdirib, həmçinin həmin gizli hərbi obyektlərdə xidmət edən casus və mühəndis heyətinin sayını kütləvi şəkildə artırıblar. Hazırda bu gizli kəşfiyyat şəbəkəsinin tərkibində Çinin nəzarətində olan azı üç, Rusiyanın tabeliyində isə iki xüsusi elektron izləmə və dinləmə bazasının fəaliyyət göstərdiyi bildirilir.

ABŞ ordusunun idarəetmə mərkəzlərinə yönələn bu təhlükəli casusluq fəaliyyətinin əsas hədəfi Amerika Birləşmiş Ştatlarının Florida ştatında yerləşən strateji komandanlıq və hərbi dəniz-hava bazalarıdır. Çin və Rusiya xüsusi xidmət orqanları bu elektron casusluq obyektləri vasitəsilə ABŞ ordusunun gizli daxili kommunikasiyalarını, raket sınaqlarını və dəniz hərəkətliliyini yaxından izləyir, əldə edilən strateji məlumatların mühüm bir hissəsini isə Vaşinqtonla düşmən münasibətdə olan Kuba hökumətinə ötürürlər. Beynəlxalq hərbi analitiklər rəsmi Vaşinqtonun Raul Kastro barəsində çıxardığı beynəlxalq həbs orderindən sonra Kubanın Çin və Rusiya üçün daha açıq hərbi plasdarma çevriləcəyini və bu vəziyyətin ABŞ-ın milli təhlükəsizliyinə qarşı Karib böhranından bəri ən ciddi təhdid olduğunu vurğulayırlar.

Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr