ain.az, Sherg.az portalına istinadən məlumat yayır.
Mayın 23-də Azərbaycan Milli Tarix Muzeyində “Cümhuriyyəti Yaradanlar” seriyasının ilk nəşri olan “Nəsiman Yaqublu” kitabının təqdimat mərasimi təşkil olundu.
Sherg.az xəbər verir ki, Tədbiri layihənin naşiri və moderatoru Yusif İlhamoğlu giriş sözü ilə açaraq kitabın hazırlanma məqsədi və seriyanın gələcək planları barədə məlumat verdi.
Təqdimatda çıxış edənlər kitabın elmi, tarixi və publisistik əhəmiyyətini vurğuladılar. Çıxışçılar sırasında tarix elmləri doktoru Nəsib Nəsibli, filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə, filologiya elmləri doktoru Bədirxan Əhmədov, Azərbaycan Respublikasının əməkdar rəssamı Rais Rəsulzadə, Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Aygün Əzimova, həmçinin Nəsiman Yaqublunun həyat yoldaşı İradə Quliyeva, oğlu Nihad Yaqublu və dostu yer aldılar.
Çıxışlarda Nəsiman Yaqublunun Azərbaycan tarixşünaslığında xüsusi yeri olduğu, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün araşdırılması və bu sahədə sistemli elmi yanaşmanın formalaşmasına verdiyi töhfələr geniş şəkildə qeyd olundu. Onun uzun illər ərzində apardığı tədqiqatların yalnız akademik mühitdə deyil, həm də ictimai düşüncədə milli tarixə marağın artmasına xidmət etdiyi bildirildi. Natiqlər Nəsiman Yaqublunun zəngin elmi irsinin gələcək tədqiqatlar üçün mühüm qaynaq rolunu oynadığını vurğuladılar.
Tədbir zamanı onun elmi yaradıcılığı, ictimai fəaliyyəti və Azərbaycan tarixşünaslığında yeri haqqında geniş fikir mübadiləsi aparıldı. Xüsusilə onun Cümhuriyyət dövrünün öyrənilməsindəki ardıcıl fəaliyyəti, arxiv materiallarının dövriyyəyə çıxarılması və yeni elmi yanaşmaların formalaşdırılması istiqamətindəki xidmətləri diqqətə çatdırıldı. Onun tələbələri, həmkarları, dostları və elmi ictimaiyyət nümayəndələri də təqdimatda iştirak edərək onunla bağlı xatirələrini bölüşdülər.
Sonda tədbir iştirakçıları belə layihələrin Azərbaycan milli tarixinin və Cümhuriyyət irsinin daha geniş şəkildə tanıdılmasına xidmət etdiyini vurğuladılar.
Qeyd edək ki, kitabın layihə rəhbəri Dilqəm Əhməd, redaktor və layihə üzrə əməkdaşı İradə Quliyeva, dizayneri isə Xəyal Danyaldır.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.