AZ

BMT tarixində növbəti ilk nümunəni Azərbaycan yaratdı-şəhərsalmanın qalıcıirsi...



Rizvan Qarabağlı: “Müasir şəhərsalmaya istiqamət vermək baxımından Azərbaycan ilk addımını beynəlxalq səviyyədə atdı”

Bakının ev sahibliyi ilə keçirilən XIII Ümumdünya Şəhərsalma Forumu (WUF13) müasir Azərbaycanın şəhərsalma modelini nümayiş etdirmək üçün böyük imkanlar açdı.

Azərbaycan WUF13-ə yaşıl urbanizasiya, postmünaqişə ərazilərində "Böyük Qayıdış" bərpa təcrübəsi və tarixi irsin qorunması paradiqmaları ilə töhfə verib. Forum ölkənin dayanıqlı inkişaf modelini dünyaya nümayiş etdirmək və beynəlxalq əməkdaşlığı gücləndirmək üçün strateji irsə çevrilib.

Ekspertlər hesab edirlər ki, Azərbaycanın WUF13-ün gündəliyinə də əhəmiyyətli dərəcədə substantiv töhfə verdi və unikal təcrübəsini paylaşdı. Burada söhbət Azərbaycanda müasir şəhərsalma zamanı zəngin və qədimi arxitektura ənənələrinin qorunması, işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın öz maliyyə və insan resurslarına genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, urbisidə, ekosidə və kultursidə məruz qalmış 9 şəhər və 100-dən artıq kəndin yenidən inşa edilməsi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi məqsədilə “Böyük Qayıdış” Proqramının icrası, bərpa və quruculuq işlərinin aparılması zamanı ətraf mühitin qorunmasına diqqətin yetirilməsi, dayanıqlı infrastrukturun qurulması, “ağıllı” şəhər və “ağıllı” kənd konsepsiyalarının tətbiqi məsələlərindən gedir.

Ekspertlər deyir ki, Azərbaycan COP29-da olduğu kimi, WUF13-ün də qalıcı irsini yaradıb.

Azərbaycan Memarlar İttifaqının üzvü, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlı baki-xeber.com-a bildirdi ki, Azərbaycan beynəlxalq səviyyəli tədbirə ev sahibliyi etməklə şəhərsalma ilə bağlı olan kriteriyaları, onun inkişaf məsələlərini, modernizmi dəstəkləklədiyini bir daha təsdiqlədi. R.Qarabağlı vurğuladı ki, Azərbaycanın WUF13-ün gündəliyinə verdiyi mühüm töhfəsi qalıcı irs yaratmasıdır ki, bu da qlobal şəhərsalma məsələsində istinad nöqtəsi olacaq. “Azərbaycan burada öz şəhərsalma təcrübəsini paylaşdı. Bu çox mühüm məqamdır. Biz modernizmi, müasirliyi qəbul edirik, şəhərsalma prosesində milliyimizi də qoruyuruq, qorumalıyıq”.

R.Qarabağlı vurğuladı ki, işğaldan azad edilmiş ərazilərdə-Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları əsasında inşa edilən yaşayış məntəqələri, beynəlxalq hava limanları və müasir infrastruktur qlobal urbanizasiya gündəliyinə daxil edilib.

Ekspertə görə, Şəki, Şuşa, Şamaxı, Naxçıvan və İçərişəhərin qədim memarlıq ənənələrinin qorunması ilə müasir şəhərsalma arasında balans məsələsi də diqqətdə olub.

R.Qarabağlı bildirdi ki, Azərbaycan müasir şəhərsalma ənənələrində tarixiliyə, milli memarlıq üslübüna, memarlıq məktəblərinin xüsusiyyətlərinə böyük önəm verir.

Ölkəmizin şəhərsalma prosesi dəstəklədiyini qeyd edən alim deyir ki, bu sahəyə biz də öz töhfələrimizi veririk: “Biz beynəlxalq səviyyədə həyata keçirilən bu məsələləri dəstəkləyirik, prosesə töhfələr veririk, bütün bunlarla yanaşı milliliyimizi də qoruyuruq və qorumalıyıq. Əsas məqsədimiz budur.

Müasir şəhərsalmaya istiqamət vermək baxımından Azərbaycan ilk addımını beynəlxalq səviyyədə atdı, beynəlxalq dəstək də qazandı. Vaxtilə dağılmış ərazilərimizdə 100-dən çox kənd var. Viran qalmış yerlərimizin, şəhər və kəndlərimizin bərpasına xarici investorlar, xarici ölkə bərpaçıları, tikinti şirkətləri cəlb edildi. Azərbaycan bu məsələləri BMT səviyyəsində qaldırdı. BMT səviyyəsində deyəndə dünya səviyyəsində qaldırıldığınınəzərdə tuturam. Bütün bunları rəsmi səviyyədə, yazılı şəkildə, vizual formada təqdim etdi. Bunun olduqca böyük əhəmiyyəti var və bu proses artıq ənənə şəkli alacaq. İllər keçəcək, bu kimi tədbirılər başqa ölkələrdə də keçiriləcək. Bu ümumi şəhərsalma prinsiplərinin bir-birinə inteqrasiyasıdır, yəni şəhərlərin. Ancaq burada təhlükəli nədir? Belə götürüləndə şəhərlər eyni tipdə tikilə bilər, yəni bir-birinə bənzəyər. Onda görürsünüz göydələn binalar bir-birinə bənzəyir. Hansı ölkəyə getsən, göydələn binaya baxsan, bir neçəsi fərqlənir. O yaşayış binaları, göydələnlər ki, var onlar bir-birindən heç fərqlənmir. Bax, bu təhlükə var. Buna modernləşmə deyirlər, yəni modernizm. Ona görə də forumdakı kiçik çıxışımda da vurğuladım ki, ənənəni unutmaq olmaz, ənənəni yaddan çıxarmamalıyıq. Necə tikirik, hansı memarlıq üslubundan, eklektikadan istifadə etsək də, burada mütləq ənənə, milli memarlıq üslubu yaddan çıxmamalıdır. Azərbaycanda 14 memarlıq məktəbi var. Hətta orada regionalizmi deyilən bir məsələ var. Azərbaycanda region memarlıq məktəblərini qabartmaq lazımdır ki, şəhərsalmanın hər bir regionun şəhərsalma memarlıq üslubu olmalıdır. Məsələn, Aran,Şirvan, Maraga, Naxçıvan, Qəzvin, Həmədan şəhər memarlıq üslubu və s. var. Yəni burada regionalizmin modernizm məsələsi var. O modernizmi tətbiq edirik, amma regionalizm də region memarlıq məktəbini yaşatmaq lazımdır. Ulu Öndər deyirdi ki, nəyi tikirsiniz, necə tikirsiniz tikin, amma milli memarlıqdan, millilikdən uzaqlaşmayın.

Memarlıqda hansı yeniliklər olmalıdır? Birincisi, memarlıq yerində saya bilməz. Əgər dünya inkişaf, texnika inkişaf edirsə, memarlıq da inkişaf etməlidir. Burada innovativ məsələlər də var. Yəni bunların hamısı inkişafdadır. Bilirsiniz, bununla ayaqlaşmalıyıq, ayaqlaşmasaq inkişafdan qalarıq. Ölkə inkişaf edir. Xarici ölkələr, Avropa ölkələri, Yaponiya, Çin görürsüz necə inkişaf edir. Bizim də memarlığımız inkişaf etməlidir. Ancaq burada ənənəni, Azərbaycan memarlığı üslubunu unutmaq olmaz. Çünki şəhərsalma xalqın simasıdır. Prezident xalqın siması olan kimi şəhərsalma, şəhərlər də xalqın simasıdır. Ümumi Azərbaycan memarlığı aydındır, öz yerində. Ancaq bu regionalizm məsələsində region memarlıq məktəbləri də seçilməlidirlər. Məsələn, biz burada durub Qəbələyə getsək, Qəbələ şəhərinə baxanda qəbələlilər, orada yaşayan insanları bir növ biz xatırlamış, düşünmüş oluruq. Eləcə də cənub bölgəsinə, məsələn, Lənkəran zonasına getsək, oranın iqlim şəraiti burada əsas götürülür? Lənkəran, Şəki zonasında o binaların damlarının ətəkləri divardan xeyli irəli çıxarılır. Nəyə görə? Çünki orada yağıntının miqdarı çoxdur. Ona görə memarlıqda iqlim şəraiti mütləq öyrənilməlidir. Deyək ki, Çikaqoda tikilən göydələn binaları gətirib Şəki ərazisində inşa də bilmərik”.

R.Qarabağlı qeyd etdi ki, Qarabağda dağılmış şəhərlərin bərpası zamanı tarixilik mütləq şəkildə qorunmalıdır.

“Tarixiliyi qorumaq üçün o evlərin tökülmüş daşlarını yerinə qoymaq lazımdır. Bərpa da o daşlardan yararlanmaq mütləqdir. Dünya şəhər salması öz yerində, amma biz gərək öz binalarımızı inşa edərkən prosesin öz yaradıcılıq süzgəcimizdən keçirək. Onu regionalizmin memarlıq məktəblərinin süzgəcindən keçirək və tətbiq edək. Ola bilər ki, bizim binalarımız betondan, şüşədən olsun. Ancaq burada da bir memarlıq var. Bizim şəbəkəmiz var. Tarixən pəncərələrimizin şəbəkələri olub. Memarlıqda o şəbəkələrdən istifadə etmək lazımdır orada milliliyimiz görünsün”. R.Qarabağlı onu təkrar vurğuladı ki, memarlıq ənənəmizi unutmamalıyıq. “Amma müasirliklə, modernizmlə ayaqlaşaq, onu qəbul edək, onunla daba-daba zidd olmayaq, əksinə ona inteqrasiya edək. Modernizm olsun, amma millimiz orada öz yerində olmalıdır”-deyə R.Qarabağlı vurğuladı.

İradə SARIYEVA

Seçilən
81
baki-xeber.com

1Mənbələr