AZ

Praqa mayda nağıla çevrilir: Asiyalı turist axını, qədim küçələr və Vltava romantikası - Reportaj, fotolar

May ayında Praqa tamam başqa gözəlliyə bürünür. Səhərlər qədim qotik qüllələrin üzərinə yayılan günəş işığı, axşamlar isə Vltava çayı boyunca uzanan romantik mənzərə şəhəri sanki açıq hava nağılına çevirir.

May ayının ikinci həftəsindən başlayaraq şəhərdə gün ərzində temperatur 22–27 dərəcə arasında dəyişir ki, bu da turistlər üçün ideal hava şəraiti yaradır. Praqanın tarixi mərkəzi turistlərlə sözün həqiqi mənasında aşıb-daşır. Müşahidə edəndə görürsən ki, şəhərə gələnlərin böyük hissəsini Asiya ölkələrindən olan turistlər təşkil edir. Küçələrdə ən çox yapon, koreyalı və çinli turistlərə rast gəlmək mümkündür. Bundan başqa almanlar və ingilislər də şəhərə ən çox səfər edən turistlər arasındadır.

Xatırladaq ki, Praqanın tarixi mərkəzi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Buna görə də şəhərin qədim hissəsində həm memarlıq, həm də atmosfer xüsusi qorunur. Burada avtomobillə hərəkət etmək və xüsusilə maşın saxlamaq olduqca çətindir. Dar küçələr, məhdud parklanma yerləri və turist sıxlığı səbəbindən məsləhətdir ki, mərkəzə gələnlər ictimai nəqliyyatdan istifadə etsin. Bəzən ictimai nəqliyyatda diplomatları və dövlət məmurlarını da görmək mümkündür. Bu isə Praqada ictimai nəqliyyatın nə qədər rahat və təhlükəsiz olduğunun göstəricisi sayılır.

Şəhərdə ictimai nəqliyyat qiymətləri də Avropanın bir çox paytaxtı ilə müqayisədə münasib hesab olunur. 30 dəqiqəlik bilet təxminən 36–40 kron, yəni 2.5–3 manat civarındadır. 90 dəqiqəlik bilet 46–50 kron, yəni təxminən 3–3.5 manat edir. 24 saatlıq bilet isə 140–150 kron, təxminən 9–10 manatdır. Bu biletlərlə metro, tramvay və avtobusdan istifadə etmək mümkündür. Şəhərdə uşaqlar və yaşlı insanlar üçün güzəştlər də tətbiq olunur. Məsələn, 65 yaşdan yuxarı şəxslər pasport və ya şəxsiyyət vəsiqəsi təqdim etməklə ictimai nəqliyyatdan pulsuz istifadə edə bilir.

Praqanın tarixi mərkəzini görmək istəyən turistlərin çoxu metro ilə “Malostranska” stansiyasına gəlir. Bu stansiyadan çıxan kimi insanı qədim Praqa atmosferi qarşılayır. Buradan pilləkənlərlə yuxarı qalxaraq şəhərin ən möhtəşəm məkanlarından biri olan Praqa qalasına doğru yol başlayır.

Praqanın ən məşhur simvollarından biri və dünyanın ən böyük qədim qala komplekslərindən hesab olunur. Qala Vltava çayının üzərində yerləşən yüksək təpədə salınıb və şəhərin demək olar hər nöqtəsindən görünür. Onun tarixi IX əsrə, təxminən 870-ci illərə gedib çıxır. Məlumata görə, əvvəllər burada kiçik istehkam və kilsə tikilib, lakin zaman keçdikcə isə ərazi nəhəng saray və dini mərkəzə çevrilib.



Uzun əsrlər boyu Bohemiya kralları, Müqəddəs Roma imperatorları və Çexiya hökmdarları bu qalada yaşayıblar. Hazırda isə bura Çexiya prezidentinin rəsmi iqamətgahıdır. Qala kompleksinin ümumi sahəsi təxminən 70 min kvadratmetrdən çoxdur və buna görə "Ginnesin rekordlar kitabı"nda dünyanın ən böyük qədim qala kompleksi kimi qeyd olunur.

Qalanın daxilində bir çox məşhur tikili yerləşir. Ən möhtəşəmi qotik memarlığın şah əsərlərindən sayılan Müqəddəs Vitus kafedralıdır. Burada çex krallarının məzarları və tac xəzinələri saxlanılır.

Bundan başqa Köhnə Kral Sarayı, Müqəddəs Georgi Bazilikası və məşhur Qızıl küçə də burada yerləşir. Qızıl küçədə vaxtilə qala mühafizəçiləri və sənətkarlar yaşayıb. Sonralar isə Frans Kafka kimi məşhur şəxslər burada olub. Küçənin kiçik rəngli evləri və qədim atmosferi turistlərin xüsusi marağına səbəb olur.

Praqanın ən məşhur simvollarından biri də Köhnə Şəhər meydanında yerləşən məşhur astronomik saatdır. Bu, dünyanın ən qədim işlək astronomik saatlarından biri hesab olunur. Saat 1410-cu ildə hazırlanıb və bu günə qədər işləməsi turistlərdə xüsusi maraq yaradır.
Praqa astronomik saatı təkcə zamanı göstərmir. Burada Günəşin və Ayın hərəkəti, qədim təqvim göstəriciləri və müxtəlif astronomik məlumatlar əks olunur. Saatın üzərində orta əsr simvolları və fiqurları yerləşir. Ən maraqlı hissə isə hər saat tamamında baş verir. Minlərlə turist saatın qarşısında dayanaraq kiçik “şou”nu izləyir. Saat tamam olanda kiçik pəncərələr açılır və İsa peyğəmbərin 12 həvarisinin fiqurları bir-bir görünür. Eyni anda skelet formasındakı “ölüm” fiquru zəngi çalır. Bu səhnə xüsusilə uşaqlar və turistlər üçün çox maraqlı görünür. Hər saat başı meydanda böyük izdiham yaranır və insanlar telefonla həmin anı lentə almağa çalışırlar.

Praqaya gəlmisənsə, mütləq və mütləq Vltava çayı üzərindəki məşhur Karl körpüsünü keçməlisən. Bu körpü şəhərin həm tarixi, həm də mədəni ruhunu özündə birləşdirən ən məşhur məkanlardan biridir. Bu orta əsr daş körpüsü 1357–1402-ci illərdə tikilib və uzunluğu 500 metrdən çoxdur. Körpünün hər iki tərəfində qotik qüllələr yerləşir. Körpü boyunca 50 heykəl düzülüb və hər biri ayrıca tarix daşıyır.

İlin istənilən fəslində burada turist sıxlığı müşahidə olunur. Vltava çayının fonunda küçə musiqiçiləri çıxış edir, rəssamlar şəkillər çəkir, turistlər isə qədim Praqanın mənzərəsini seyr edirlər. Karl körpüsü açıq səma altında canlı bir qalereyanı xatırladır.

Körpü üzərində turistlərin ən çox diqqət göstərdiyi heykəllərdən biri Müqəddəs Yan Nepomuk heykəlidir. İnanca görə, heykəlin alt hissəsindəki parlaq bürünc təsvirə əl sürtən insan bir gün yenidən Praqaya qayıdır. Buna görə də həmin hissə minlərlə turistin toxunuşundan artıq parıldayır. Əfsanəyə görə Yan Nepomuk kralın sirrini açmaqdan imtina etdiyi üçün Vltava çayına atılıb. Heykəlin yerləşdiyi yerin də onun çaya atıldığı nöqtəyə yaxın olduğu deyilir.

Karl körpüsünün giriş hissəsində isə şəhərin məşhur şirniyyatı olan trdelnik hazırlayan dükanlar yerləşir. Praqanın mərkəzində demək olar ki, hər addımda bu şirniyyatın qoxusunu hiss etmək mümkündür. uzun metal silindrin üzərinə sarınan şirin xəmirdən hazırlanır. Xəmir kömür közünün üzərində fırladılaraq bişirilir, daha sonra üzərinə şəkər, darçın, qoz və ya badam səpilir. Bişəndən sonra içi boş silindr formasında olur.

Son illərdə trdelnikin müxtəlif növləri hazırlanmağa başlayıb. Artıq klassik variantdan əlavə içərisinə dondurma, “Nutella”, çiyələk, banan və krem doldurulan versiyalar da turistlər arasında böyük populyarlıq qazanıb. Qiymətlər isə yerləşdiyi məkana görə dəyişir. Sadə klassik trdelnik təxminən 80–120 kron, yəni 5–8 manat civarındadır. “Nutella”lı və ya dondurmalı variantlar isə 140–220 kron, yəni təxminən 9–15 manata satılır. Şəhərin mərkəzində qiymətlər bir qədər baha olsa da, turistlər məhz Karl körpüsü və Köhnə Şəhər ətrafında bu şirniyyatdan dadmağa üstünlük verirlər.

Yeməklərə gəldikdə isə, çex mətbəxi azərbaycanlıların ağız dadından müəyyən qədər fərqlənir. Bəzən insan öz damaq dadına uyğun yemək seçməkdə çətinlik çəkir. Buna baxmayaraq, Praqada dadılması tövsiyə olunan yeməklər də var. Xüsusilə qulyaş şorbası turistlərin ən çox seçdiyi yeməklərdəndir. Bundan başqa “smažený obalený sýr” adlanan qızardılmış pendir yeməyi də maraqlı seçimdir. Bu yemək kartof fri və ev üsulu ilə hazırlanmış tartar sousu ilə təqdim olunur. Pendirsevərlər üçün isə olduqca maraqlı və fərqli dad hesab edilir.
Praqa qədim memarlığı, romantik atmosferi, küçə musiqiçiləri, qotik qüllələri və Vltava çayı boyunca uzanan mənzərələri ilə insanı özünə valeh edən şəhərlərdən biridir. Burada insan bəzən özünü orta əsrlər filmində hiss edir. Elə buna görə də Praqaya gələn turistlərin böyük hissəsi bu şəhərə yenidən qayıtmaq arzusu ilə ayrılır.


Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Seçilən
46
38
musavat.com

10Mənbələr