AZ

Paşinyan Axalkalaki–Qars dəmir yolunun açıldığını açıqladı

BAKI, 24 may. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan Axalkalaki–Qars dəmir yolunun Ermənistanın ixrac və idxal əməliyyatları üçün açıq olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Axalkalaki–Qars dəmir yolu artıq Azərbaycan dəmir yolu kimi Ermənistanın xarici ticarət əməliyyatları üçün istifadəyə verilib:

“Sevinclə bildirirəm ki, Axalkalaki–Qars dəmir yolu artıq Ermənistandan ixrac və Ermənistana idxal üçün açıqdır. Bu, ölkəmizin iqtisadi həyatı üçün mühüm hadisədir. Türkiyə və Gürcüstandakı tərəfdaşlarımıza təşəkkür edirəm”, – o qeyd edib.

Paşinyan vurğulayıb ki, Ermənistan hazırda Gürcüstan və Azərbaycan ərazisi vasitəsilə Rusiya ilə, həmçinin Rusiya və Qazaxıstan üzərindən Çinlə dəmir yolu bağlantısına malikdir. Onun sözlərinə görə, bundan sonra Gürcüstan və Türkiyə üzərindən Avropa İttifaqı ilə də dəmir yolu əlaqəsi mümkün olacaq.

Baş nazir əlavə edib ki, yaxın gələcəkdə Ermənistan–Türkiyə, Ermənistan–Azərbaycan, eləcə də Naxçıvan üzərindən Ermənistan–İran dəmir yolu xəttinin açılması da gündəmdədir.

Paşinyan qeyd edib ki, bu layihələrin həyata keçirilməsi TRIPP layihəsi çərçivəsində mümkün olacaq və yaxın dövrdə regionda yeni nəqliyyat bağlantılarının şahidi olunacaq.

Seçilən
21
50
teleqraf.com

10Mənbələr