AZ

Sahil İsgəndərov: Çoxqütblü dünya nizamı uğrunda mübarizə XXI əsrin əsas geosiyasi intriqasıdır

BAKI, 24 may. TELEQRAF

Son illər beynəlxalq münasibətlər sistemi İkinci Dünya Müharibəsinin sonundan bəri ən dərin böhranlarından birini yaşayır. Dünyanın bütün aparıcı gücləri də daxil olmaqla, ABŞ, Çin, Rusiya, Avropa İttifaqı (Aİ) və Qlobal Cənub dövlətləri yeni dünya nizamının formalaşdırılmasına zərurət yarandığını vurğulayırlar. İkinci Dünya Müharibəsinin qalibləri tərəfindən yaradılamış Yalta-Potsdam beynəlxalq münasibətlər sisteminin və BMT-nin artıq müasir dövrün tələblərinə cavab vermədiyi bildirilir.

Teleqraf xəbər verir ki, bu sözləri politoloq Sahil İsgəndərov deyib.

Onun sözlərinə görə, bu fonda gələcək dünya nizamının konturlarını müəyyənləşdirmək hüququ uğrunda rəqabət güclənir:

"Yeni güc mərkəzləri təkcə iqtisadi təsirə deyil, həm də qlobal nüfuzun yenidən bölüşdürülməsində iştirak etmək iddiasını irəli sürürlər. Çin, Hindistan, Türkiyə, BRICS ölkələri, Fars körfəzi dövlətləri və vahid Qlobal Cənub bu müstəvidə xüsusi fəallıq sərgiləyirlər. Hətta XX əsrdə iki dünya müharibəsini başladan Almaniya belə yeni dünya nizamının qurulmasında öz qətiyyətli iştirakına ehtiyac olduğunu getdikcə daha açıq şəkildə bəyan edir.

Lakin beynəlxalq münasibətlərin tarixi göstərir ki, indiyədək heç bir dünya nizamı təkamül yolu ilə və könüllü şəkildə yaranmayıb. Hər bir yeni sistem böyük bir müharibə nəticəsində formalaşıb və onun arxitekturası qalib dövlətlər tərəfindən müəyyən edilib. Yeni qaydaları müəyyənləşdirən, təsir dairələrini yenidən bölüşdürən və mahiyyət etibarilə dünyanın yeni siyasi tarixini yazanlar qalib dövlətlər olublar".

Politoloq otuzillik müharibədən (1618–1648) sonra yaranan Vestfal dünya nizamının ilk tam mənalı beynəlxalq münasibətlər sistemi sayıldığını bildirib:

"Vestfal sülhü dövlət suverenliyi və milli dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini təsbit etdi. Klassik dövlətçilik və Avropa güc balansı dövrü məhz o zaman başladı.

Vestfal sistemi dünya siyasətinin əsas qərarlarının aparıcı Avropa gücləri tərəfindən qəbul edildiyi avromərkəzçilik dövrünü əks etdirirdi. Dünya hələ qloballaşmamışdı və beynəlxalq münasibətlər əsasən Avropa imperiyalarının maraqları ətrafında qurulurdu.

Birinci Dünya Müharibəsindən sonra universal beynəlxalq təhlükəsizlik sistemi yaratmaq üçün yeni cəhd gündəmə gəldi. 1919-cu il Paris Sülh Konfransında ABŞ prezidenti Vudro Vilson beynəlxalq münasibətlərin yeni modelinin təməlini qoyan məşhur “14 bənd”ini təklif etdi.

Bu sistemin əsas qayəsi mütləq dövlət suverenliyinin məhdudlaşdırılması idi. Bir çox beynəlxalq siyasi məsələlər artıq yalnız dövlətlərin daxili işləri hesab edilmirdi və beynəlxalq ictimaiyyətin məsuliyyətinə verilirdi.

Paris Konfransının əsas institusional nəticəsi kimi qlobal miqyaslı ilk beynəlxalq hökumətlərarası təşkilat olan Millətlər Liqası yaradıldı. Onun məqsədi müharibələrin qarşısını almaq, əməkdaşlığı təşviq etmək və kollektiv təhlükəsizliyi təmin etmək idi".

Sahil İsgəndərov bildirib ki, 1930-cu illərdə Millətlər Liqasının başqa bir dünya müharibəsinin qarşısını almaqda aciz olduğu aydınlaşdı:

"Almaniyanın 1933-cü ildə təşkilatdan çıxması Versal sisteminin süqutunu səciyyələndirdi. Beynəlxalq qurumlar revanşizm, militarizm və böyük dövlətlərin dünyanın yenidən bölüşdürülməsi uğrunda mübarizəsi qarşısında aciz olduqlarını sübut etdilər.

İkinci Dünya Müharibəsindən sonra formalaşmış müasir dünya nizamının təməli qalib dövlətlərin — SSRİ, ABŞ, Böyük Britaniya, Çin və Fransanın qərarları əsasında Yalta və Potsdam konfransları tərəfindən qoyuldu.

1945-ci ildə yaradılan Birləşmiş Millətlər Təşkilatı (BMT) yeni dünya nizamının əsas beynəlxalq təsisatına çevrildi. Yalta-Potsdam dünya nizamında xüsusi əhəmiyyət kəsb edən BMT Təhlükəsizlik Şurasının (TŞ) beş daimi üzvünə müstəsna veto hüququ verildi. Beləliklə, qlobal təhlükəsizlik strukturu İkinci Dünya Müharibəsinin qalibləri arasında güc balansı əsasında quruldu.

Mahiyyət etibarilə Yalta-Potsdam sistemi ikiqütblü dünya nizamının nümunəsi idi. Dünya iki hərbi-siyasi və ideoloji blok arasında bölünmüşdü: ABŞ-nin rəhbərlik etdiyi Qərb bloku və Sovet İttifaqının başçılığı altında olan Şərq bloku.

Soyuq müharibə dövründəki sərt qarşıdurmaya baxmayaraq, beynəlxalq münasibətlər sistemində nisbi proqnozlaşdırmanı təmin edən məhz bu ikiqütblülük idi. Nüvə bərabərliyi və qarşılıqlı çəkindirmə supergüclər arasında birbaşa toqquşmanı bloklayırdı".

Politoloqun sözlərinə görə, 1991-ci ildə SSRİ-nin süqutundan sonra beynəlxalq münasibətlər sistemi faktiki olaraq əvvəlki tarazlığını itirdi:

"ABŞ yeganə qlobal supergücə çevrildi və dünya təkqütblü nizam dövrünə keçid etdi. Vaşinqton bu tarixi andan öz qlobal liderliyini möhkəmləndirmək üçün istifadə etməyə çalışdı. Məhz bu dövrdə Vaşinqton ABŞ-nin siyasi, maliyyə və hərbi dominantlığına əsaslanan “liberal dünya nizamı”nı gündəmə gətirdi.

Lakin XXI əsrin əvvəllərində təkqütblü modelin ciddi məhdudiyyətlərlə üzləşdiyi üzə çıxdı. ABŞ-nin İraq və Əfqanıstandakı hərbi kampaniyaları, Çinin yüksəlişi, Rusiyanın güclənməsi, dünya siyasətinin regionallaşması və qloballaşma böhranı tədricən Amerika hegemoniyasını sarsıtmağa başladı.

Bu gün Amerika liderliyinin böhranı getdikcə daha aydın görünür. Donald Trampın nikbin ritorikasına rəğmən, ABŞ qlobal nəzarəti saxlamaqda artan çətinliklərlə üzləşir. İranla bağlı vəziyyət, Rusiyanın strateji məğlubiyyətinə nail ola bilməməsi, Çinin yüksəlişi və Qərb düşərgəsindəki ixtilaf Vaşinqtonun imkanlarının məhdudluğunu nümayiş etdirir.

Donald Trampın Ağ Evə qayıtması mövcud beynəlxalq münasibətlər sisteminin transformasiyasının mühüm göstəricisinə çevrilib. Ənənəvi Amerika isteblişmentindən fərqli olaraq, Tramp müharibədən sonrakı dünya nizamının bir çox təməl prinsiplərini faktiki olaraq şübhə altına alır.

Tramp administrasiyası tədricən Yalta-Potsdam sisteminin əsas elementləri olan bir sıra beynəlxalq qurumlardan uzaqlaşır. Bu kontekstdə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə qarşıdurma xüsusi diqqət çəkir. Rusiya prezidenti Vladimir Putinin və İsrailin baş naziri Binyamin Netanyahunun həbsi barədə qərar verən BCM-i Tramp siyasi motivli qurum kimi qiymətləndirərək ona qarşı sanksiyalar tətbiq etdi. Bu əsasda bir neçə gün əvvəl Donald Tramp Çin və Rusiyaya BCM-ə qarşı mübarizədə səyləri birləşdirmək təklifini irəli sürüb.

Bu addım Vaşinqtonun universal dünya nizamı modelindən böyük dövlətlər arasında pərdəarxası sövdələşmələr sisteminə keçmək cəhdi kimi də qiymətləndirilə bilər.

Əslində Tramp əsas qlobal oyunçuların beynəlxalq qurumlardan kənar birbaşa danışıqlar apardığı yeni “güc mərkəzləri” konsepsiyasını təbliğ edir. Lakin bu model həm Avropada, həm də ABŞ-nin özündə əhəmiyyətli müqavimətlə üzləşir".

Sahil İsgəndərov beynəlxalq münasibətlərin yenilənməsindən ən böyük faydanı Pekin qazana biləcəyini düşünür:

"Son onilliklər ərzində qlobal gücün alternativ mərkəzinə çevrilən Çin böyük iqtisadi, texnoloji və hərbi sıçrayış edib.

Bu mənada Çinin artıq dünya nizamının gələcəyinin müzakirəsi üçün əsas diplomatik platformaya çevrilməsi xüsusi diqqətə layiqdir. Son yarım ildə BMT TŞ-nin daimi üzvü olan bütün dövlətlərin liderləri Pekinə səfər ediblər.

Bu, Çinin yeni qlobal oyun qaydalarının formalaşmasında iştirak edə bilən bir dövlət kimi artan statusunun tanınmasını nümayiş etdirir.

Yeri gəlmişkən, Vladimir Putinin Pekinə son səfəri zamanı Çin və Rusiya çoxqütblü dünyanın və yeni növ beynəlxalq münasibətlərin yaranması ilə bağlı birgə bəyannamə imzalayıblar. Moskva və Pekin Amerika raketdən müdafiə sisteminə qarşı mübarizə, beynəlxalq qurumlarda islahatlar və Qərb hegemonluğunun məhdudlaşdırılması da daxil olmaqla qlobal siyasətin əsas məsələləri üzrə mövqelərini getdikcə daha çox uzlaşdıracaqlarını açıqlayıblar.

Bununla yanaşı, Çin son dərəcə ehtiyatlı strategiyaya sadiq qalır. ABŞ və Avropa ilə münasibətlərində manevr imkanı saxlayan Pekin, Rusiya ilə rəsmi hərbi-siyasi ittifaqdan yayınır. Si Cinpinin “müttəfiq olmamaq, qarşıdurmaya getməmək və üçüncü ölkələri hədəfə almamaq” formulu Çinin Yalta-Potsdam sistemini birdən-birə pozmaq yox, tədricən öz maraqlarına uyğunlaşdırmaq istəyindən xəbər verir.

\Mövcud transformasiyada əsas uduzanlardan birinə çevrilmək riski ilə qarşılaşan Avropa İttifaqı (Aİ) son dərəcə qibtəolunmaz vəziyyətə düşüb: bir tərəfdən təhlükəsizlik baxımından ABŞ-dən asılıdır, digər tərəfdən isə özünün kürəyi arxasında ABŞ–Çin–Rusiya üçbucağı çərçivəsində baş tuta biləcək sövdələşmələrdən ehtiyatlanır.

Avropa liderlərinin açıqlamaları getdikcə “qoca qitə”nin yeni dünya nizamının formalaşdırılması prosesindən mümkün kənarlaşdırılması ilə bağlı narahatlığı əks etdirir. Hətta ABŞ-nin NATO üzrə müttəfiqləri — Fransa və Böyük Britaniyanın Trampın alternativ beynəlxalq mexanizmlər yaratmaq təşəbbüslərini faktiki olaraq dəstəkləməməsi də bundan xəbər verir.

Eyni zamanda, Brüsselin fikrincə, ABŞ, Rusiya və Çinin istifadə etdiyi “parçala və hökm sür” strategiyası Aİ daxilində təlaşları artırır. Avropa köhnə dünya nizamının dağılması ilə özünün geosiyasi səlahiyyətlərinin məhdudlaşacağını yaxşı anlayır".

Politoloq bildirib ki, hazırda bəşəriyyətin qarşısında dayanan əsas sual böyük bir müharibəyə sürüklənmədən yeni dünya nizamına keçidin mümkün olub-olmamasıdır:

"Təəssüf ki, bəşər tarixinin bu suala cavabı çox bədbindir. Belə ki, Vestfal sistemi Otuzillik müharibədən, Versal sistemi Birinci Dünya Müharibəsindən, Yalta-Potsdam sistemi isə İkinci Dünya Müharibəsindən sonra formalaşıb. Beynəlxalq münasibətlər sisteminin bütün əsas transformasiyaları genişmiqyaslı hərbi münaqişələr və sərhəd dəyişiklikləri ilə müşayiət olunub.

Bu gün dünya yenidən qlobal keçid vəziyyətindədir. Ukraynadakı müharibə, Tayvan böhranı, ABŞ və Çin arasındakı qarşıdurma, Yaxın Şərqdəki qeyri-sabitlik, kosmosun militarizasiyası və silahlara nəzarət sisteminin çökməsi — bütün bunlar keçid dövrünün əlamətləridir.

İstisna deyil ki, bəşəriyyət artıq lokal münaqişələrin yox, dünyanın yenidən bölüşdürülməsi kimi daha böyük bir prosesin fraqmentlərinə şahidlik edir.

Beynəlxalq sistemin hazırkı böhranı müvəqqəti bir nasazlıq deyil, bütün qlobal arxitekturanın fundamental transformasiyasıdır. Yalta-Potsdam nizamı tədricən öz effektivliyini itirir və köhnə institutlar artıq əvvəlki güc balansını qorumaq iqtidarında deyil.

Lakin dünya nizamı hələ tam formalaşmayıb. ABŞ liderliyini qorumağa çalışır, Çin qlobal təsirin ehtiyatla yenidən bölüşdürülməsinə çalışır, Rusiya təkqütblü modelin çökməsini istəyir, Avropa suverenliyini itirməkdən qorxur, Qlobal Cənub isə daha ədalətli qlobal münasibətlər sisteminin yaradılmasını tələb edir.

XXI əsrin əsas intriqası bəşəriyyətin qlobal fəlakət olmadan yeni beynəlxalq münasibətlər sisteminə keçə bilib-bilməyəcəyidir. Lakin tarixi faktlar indiyədək bu cür həddindən artıq nikbinlik üçün ciddi əsas verməyib".

Seçilən
30
teleqraf.com

1Mənbələr