AZ

Tramp: "İranla sülh razılaşması böyük ölçüdə əldə olunub"

ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın “böyük ölçüdə əldə olunduğunu” və təfərrüatların yaxın vaxtlarda açıqlanacağını bəyan edib. O, müqavilənin Hörmüz boğazının açılmasını nəzərdə tutacağını bildirsə də, təfərrüatları açıqlamaqdan boyun qaçırıb.

Şənbə günü İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai dövlət televiziyasının efirində bəyan edib ki, son bir həftədə ABŞ və İranın mövqeləri yaxınlaşmağa başlayıb. Bununla belə, o xəbərdarlıq edib ki, bu, fundamental məsələlər üzrə razılığın əldə olunması anlamına gəlmir və Amerika tərəfini “ziddiyyətli bəyanatlar verməkdə” ittiham edib.

Tramp sosial şəbəkələrdə yazıb ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və digər ölkələrin liderləri ilə “SÜLHƏ dair Anlaşma Memorandumu” barədə “çox məhsuldar müzakirəsi” baş tutub.

“Razılaşma ümumilikdə razılaşdırılıb və Amerika Birləşmiş Ştatları, İran İslam Respublikası, eləcə də siyahıda yer alan bir sıra digər ölkələr tərəfindən yekun təsdiqini gözləyir”, – deyə Tramp bildirib.

“Hazırda müqavilənin son detalları müzakirə olunur və onlar yaxın vaxtlarda elan ediləcək”, – deyə o əlavə edib.

O, həmçinin şənbə günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığının olduğunu və bu danışığın “çox yaxşı keçdiyini” qeyd edib.

Bununla belə, “The New York Times” qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb ki, Prezident Donald Tramp tərəfindən müzakirə olunmuş İranla potensial razılaşma layihəsi hələ də rəsmi Tehranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarından necə imtina edə biləcəyi ilə bağlı əsas məsələni həll etməyib. Nəşrin xəbərinə görə, müzakirə olunan razılaşmanın əsas elementlərindən biri İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsi ilə bağlıdır. Lakin razılaşma layihəsi bunun necə baş verəcəyinə dair məsələni həll etmir.

Qəzetdə yazılıb ki, detalların İranın nüvə proqramı ilə bağlı növbəti danışıqlar mərhələsində müzakirəyə çıxarılacağı gözlənilir.

“Axios” xəbər agentliyi isə ABŞ və İran arasında ikitərəfli sülh memorandumunun layihəsinə istinadla məlumat yayıb ki, sənəd atəşkəsin 60 gün uzadılmasını və hərtərəfli sülh sazişi üzrə danışıqların davam etdirilməsini nəzərdə tutur. 

Bildirilib ki, memorandumun mətnində atəşkəs müddətində Hörmüz boğazından gəmiçilik fəaliyyətinin bərpa olunması və İranın sərbəst şəkildə neft ticarəti edə biləcəyi qeyd edilib.

Saziş layihəsində İranın Hörmüz boğazını minalardan təmizləməyə başlayacağı da vurğulanıb.

Layihəyə əsasən, ABŞ və İran atəşkəs müddətində Tehranın nüvə proqramı ilə bağlı danışıqları davam etdirəcək.

Bununla yanaşı, ABŞ tam razılaşma əldə olunana qədər İran ətrafında hərbi mövcudluğunu qoruyacaq. Lakin İran limanlarının blokadasını aradan qaldıracaq və bu ölkəyə qarşı sanksiyaları yumşaldacaq.

S.ELAY

XQ

Seçilən
72
50
xalqqazeti.az

10Mənbələr