AZ

Bakı bir daha qlobal çağırışların müzakirə edildiyi etibarlı dialoq məkanlarından olduğunu göstərdi

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

WUF13 176 ölkədən təxminən 57 min iştirakçını bir araya gətirərək indiyədək keçirilmiş ən genişmiqyaslı Ümumdünya Şəhərsalma Forumu sessiyası kimi tarixə düşüb. COP29 tədbirindən sonra ölkədə təşkil olunan ikinci ən böyük beynəlxalq tədbir kimi qiymətləndirilir və Bakı qlobal əməkdaşlıq və çoxtərəfliliyin təşviqi üçün mühüm platforma rolunu bir daha nümayiş etdirir.Mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Məmmədli Demokrat.az-a bildirib ki, Bakıda keçirilən WUF13 – Ümumdünya Şəhərsalma Forumu təkcə beynəlxalq tədbir deyil, Azərbaycanın qlobal dialoq, dayanıqlı inkişaf və çoxtərəfli əməkdaşlıq platforması kimi artan rolunun növbəti təsdiqidir:"176 ölkədən 57 mindən çox iştirakçının qatıldığı bu forum tarixdə ən genişmiqyaslı WUF sessiyası olmaqla yanaşı, COP29-dan sonra ölkəmizdə təşkil olunan ikinci ən böyük beynəlxalq tədbir kimi yadda qaldı. Bu fakt Azərbaycanın beynəlxalq etimad qazanan, böyükmiqyaslı qlobal tədbirləri yüksək səviyyədə təşkil edən ölkə statusunu bir daha nümayiş etdirir.Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə Liderlərin Bəyanatları Sessiyasının keçirilməsi ölkəmizin beynəlxalq siyasi dialoq üçün yeni platformalar formalaşdırmaq imkanlarını ortaya qoydu. Onlarla dövlət və hökumət başçısının, beynəlxalq təşkilat rəhbərlərinin iştirakı Azərbaycanın regional deyil, qlobal səviyyədə strateji tərəfdaş kimi qəbul edildiyini göstərir".Deputat deyib ki, WUF13 çərçivəsində keçirilmiş Nazirlər görüşünün yekun sənədi də mühüm mesajlar verdi:"Azərbaycanın qonaqpərvərliyi, forumun uğurlu təşkili, Prezident İlham Əliyevin liderliyi və postmünaqişə dövründə həyata keçirilən bərpa-quruculuq siyasəti yüksək qiymətləndirildi. Bu, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma proseslərinin beynəlxalq səviyyədə nümunə kimi qəbul edilməsinin göstəricisidir.Azərbaycan bu forumda yalnız ev sahibi rolunda çıxış etmədi, eyni zamanda öz təcrübəsini beynəlxalq gündəliyə təqdim etdi. Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, “Böyük Qayıdış” proqramı, ekoloji yanaşmalar və dağıdılmış yaşayış məntəqələrinin bərpası müasir şəhərsalmanın praktiki modeli kimi diqqət çəkdi. Bu gün Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa siyasəti artıq beynəlxalq müzakirə mövzusuna çevrilir. Eyni zamanda, “Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı”, Bakı Şəhər Mükafatının təsis olunması və gələcək WUF sessiyaları üçün Bakı standartlarının formalaşdırılması Azərbaycanın bu forumun qalıcı irsinin yaradılmasında iştirak etdiyini göstərir. Yəni Azərbaycan təkcə tədbir keçirən ölkə deyil, qlobal şəhərsalma gündəliyinə yeni yanaşmalar gətirən təşəbbüskar tərəfdaş kimi çıxış edir.Hesab edirəm ki, WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə, postmünaqişə reallıqlarının dünyaya çatdırılmasına və ölkəmizin dayanıqlı inkişaf, şəhərsalma və humanitar əməkdaşlıq istiqamətində mövqeyinin daha da güclənməsinə mühüm töhfə verdi. Bakı bir daha göstərdi ki, qlobal çağırışların müzakirə olunduğu etibarlı dialoq məkanlarından biridir",- deyə deputat qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
demokrat.az

1Mənbələr