AZ

"Tesla"nın həll edə bilmədiyi problem: Bu dəfə bir etiket çatışmır

ABŞ-ın Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) 14 575 ədəd "Tesla Model Y" üçün geri çağırma qərarı verib. Bu dəfə problem proqram təminatı ilə bağlı deyil - bəzi avtomobillərdə çəki (yük) sertifikat etiketinin olmamasıdır.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, 17 noyabr 2024 ilə 21 aprel 2026 tarixləri arasında istehsal olunan "Model Y" modelləri bu problemdən təsirlənir. "Tesla"nın Kaliforniyadakı Fremont fabrikində istifadə edilən avtomatik görüntü skan sistemi səhv işlədiyi üçün bəzi avtomobillər etiket olmadan istehsal xəttindən çıxıb.

Əksik etiket niyə vacibdir?

Sözügedən etiket adətən sürücü qapısının iç hissəsində yerləşir. Orada avtomobilin maksimum yük daşıma qabiliyyəti, təkər məlumatları və istehsal tarixi göstərilir.

Bir çox sürücü bunu fərq etməsə də, bu məlumatlar təhlükəsizlik baxımından vacibdir. Həddindən artıq yük daşınması risk yarada bilər. Eyni zamanda düzgün təkər təzyiqinin müəyyən edilməsi üçün də istifadə olunur.

Bütün avtomobillərdə problem yoxdur

"Tesla" geri çağırılan avtomobillərin təxminən 45%-ində etiketin həqiqətən olmadığını bildirir. Şirkət problemi yaradan avtomatik yoxlama sistemini düzəltdiyini açıqlayıb.

Bundan əlavə, fabrikdə artıq avtomobillərin əl ilə yoxlanıldığı qeyd olunur. Bu addımın gələcəkdə oxşar səhvlərin qarşısını alması gözlənilir.

Avtomobillər servislərə aparılacaq

"Tesla"nın əvvəlki geri çağırma proseslərində problem çox vaxt uzaqdan proqram yeniləməsi ilə həll edilirdi. Lakin bu dəfə vəziyyət fərqlidir.

"Model Y" sahibləri avtomobillərini fiziki yoxlama üçün servislərə aparmalı olacaqlar. Servis mərkəzlərində etiket yoxlanacaq, əgər çatışmırsa, yenisi əlavə ediləcək.

Xoşbəxtlikdən, bu geri çağırma mexaniki nasazlıq və ya birbaşa sürüş təhlükəsi yaradan ciddi problem ilə bağlı deyil.

Seçilən
42
1
olke.az

2Mənbələr