Mayın 22-də Bakı şəhərində "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində şəhərsalma, iqlimədavamlı urbanizasiya və dayanıqlı inkişaf məsələlərinə dair müzakirələr Forumun son günündə də davam etdirilib.
Publika.az xəbər verir ki, WUF13 tədbirinin altıncı günü çərçivəsində çoxsaylı dialoqlar, xüsusi sessiyalar və qrup iclasları təşkil olunub, rəsmi bağlanış mərasimi və bayraq endirmə mərasimi keçirilib. Forum çərçivəsində "Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil" mövzusunda qadınların dəyirmi masası keçirilib. Tədbirdə BMT Baş katibinin müavini Əminə Məhəmməd, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Böyük Britaniya Lordlar Palatasının üzvü, Millətlər Birliyinin 6-cı Baş katibi Patrisiya Skotland iştirak ediblər. Sessiyada qadınların mənzil və torpaq hüquqlarının gücləndirilməsi, inklüziv şəhər inkişafı, təhlükəsiz şəhər mühiti və dayanıqlı urbanizasiya məsələləri müzakirə olunub. Çıxışlarda inklüziv mənzil siyasətlərinin hazırlanmasının, qadınların maliyyə və kredit resurslarına çıxış imkanlarının genişləndirilməsinin, həmçinin onların şəhərsalma və qərarqəbuletmə proseslərində daha fəal iştirakının daha dayanıqlı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılmasında mühüm rol oynadığı qeyd edilib.
WUF13 çərçivəsində keçirilən "Münaqişədən sonrakı şəhər yenidənqurması: Humanitar minatəmizləmənin kritik rolu" mövzusunda sessiyada Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edib. Sessiyada postmünaqişə dövründə mina təhlükəsinin bərpa və yenidənqurma prosesinə təsiri, dayanıqlı şəhər inkişafı və əhalinin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunub.
Çıxışında Vüqar Süleymanov mina təhlükəsinin yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində bərpa prosesini ləngitdiyini, inkişaf imkanlarını məhdudlaşdırdığını və insanların təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib. O qeyd edib ki, Azərbaycan 2020-ci ildən etibarən humanitar minatəmizləmə istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib, indiyədək 270 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 250 mindən artıq mina və partlayıcı qurğu zərərsizləşdirilib. Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə inteqrasiya edilib.
Bakının ev sahibliyi etdiyi WUF13 tədbiri çərçivəsində "Urbisiddən dirçəlişə: Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında dayanıqlı bərpa, məskunlaşma və inkişaf" mövzusunda panel müzakirəsi keçirilib. Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov; Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, eləcə də "Chapman Taylor" qrupunun idarə heyətinin direktoru Marselina Zielinski çıxış ediblər. Sessiyada işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi, dayanıqlı məskunlaşma, müasir şəhərsalma yanaşmaları və post-münaqişə dövründə şəhər inkişafı məsələləri müzakirə olunub. Qeyd edilib ki, regionda həyata keçirilən layihələr "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarına uyğun şəkildə icra olunur. Yeni yaşayış məntəqələrində dayanıqlı infrastrukturun qurulması, yaşıl enerji həllərinin tətbiqi, rəqəmsal idarəetmə sistemləri, sosial obyektlərin inşası və əhalinin rahat yaşayışının təmin edilməsi istiqamətində geniş tədbirlər görülür.