BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran rəsmilərinin son açıqlamaları Tehranın regional siyasətində Livandakı vəziyyətə xüsusi diqqət ayırmağa davam etdiyini göstərir. Rəsmi bəyanata görə, İran Livandakı Hizbullah hərəkatına dəstəyini davam etdirmək niyyətində olduğunu vurğulayıb.
TurkicWorld xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Livandakı Hizbullah hərəkatına göndərdiyi məktubun məzmununu təsdiqləyərək Tehranın bu istiqamətdə mövqeyini açıqlayıb.
Onun sözlərinə görə, Pakistanın vasitəçiliyi ilə aparılan danışıqların başlanğıcından etibarən İran istənilən mümkün razılaşmanın Livanda atəşkəsin təmin olunması ilə əlaqələndirilməsini əsas şərtlərdən biri kimi irəli sürüb.
Abbas Əraqçi bildirib ki, bu məsələ İranın son təklifində də yer alıb və bundan sonrakı mərhələlərdə də danışıqlar gündəliyində qalacaq.
Bundan əvvəl yayılan məlumatlarda Hizbullahın rəhbəri Naim Qasımın İran xarici işlər nazirindən Tehranın mövqeyini əks etdirən mesaj aldığı qeyd edilmişdi.