AZ

Acun Ilıcalının ''Hall Siti''si premyer-liqada!

Yeni mövsümdə İngiltərə çempionatında oynamağa haqq qazanan sonuncu - 3-cü komandanın adı bəlli oldu. Məlum səbəblər üzündən uzun illər unudulmayacaq bir qalmaqala səbəb olan bu mövsümkü çempionşipin pley-offunda final görüşü baş tutdu. ''Uembli''də türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu ''Hall Siti'' ilə ''Midlsbro'' üz-üzə gəldi. Qol epizodları baxımından o qədər də zəngin olmayan və əsasən taktiki mübarizə şəraitində keçən qarşılaşma əlavə vaxta doğru gedirdi. Amma əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə ''Hall Siti''nin əsas qol silahı Oliver Makberni səhnəyə çıxdı. Təcrübəli forvardın vurduğu qol görüşdə yeganə oldu və ''Hall Siti'' Acun Ilıcalının dönəmində ilk dəfə premyer-liqada oynamağa haqq qazandı! Bu uğurun əsas memarı isə bosniyalı mütəxəssis Sergey Yakiroviç oldu. ''Pələnglər'' sonuncu dəfə İngiltərə futbolunun elitasında 2016/17 mövsümündə çıxış etmişdilər. Qeyd edək ki, çempionşipdə mövsümü ilk iki pillədə bitirən ''Koventri'' ilə ''İpsviç'' premyer-liqaya birbaşa vəsiqə qazanıblar. ''Hall Siti'' isə son turda 6-cı pilləyə yüksələrək pley-offa vəsiqə qazanmışdı. Maraqlıdı ki, ötən mövsüm bu kollektiv yalnız son turda top fərqi sayəsində çempionşipdə yerini qorumuşdu. ''Hall Siti'' həm də premyer-liqaya vəsiqə qazanmaqla təxminən 300 milyon avroya yaxın gəlir əldə etmiş oldu!

Seçilən
28
7
football-plus.az

10Mənbələr