AZ

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq

Gənclər üçün “Microsoft World Championship Hackathon” keçirilib

Bakı, 23 may, AZƏRTAC

“Bakı Dizayn Akademiyasın”da mayın 23-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “PAŞA Bank” və ASAN İnnovativ İnkişaf Mərkəzinin sponsorluğu ilə “Microsoft World Championship Hackathon” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Məhsulun inkişafı və Strateji partnyorlar şöbəsinin rəhbəri Çərkəz Sadıqlı, “Bakı Dizayn Akademiyasın”ın təsisçisi Aysel Gülmməmmədova çıxış ediblər.

Daha sonra tədbirdə “2026-cı il Adobe Championship Hackathon” qaliblərinə beynəlxalq sertifikatlar təqdim olunub.

Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti Fəxriyyə Xələfova AZƏRTAC-a açıqlamasında bildirib ki, Bakı Dizayn Akademiyası müxtəlif yaradıcı və peşəkar istiqamətlər üzrə fəaliyyət göstərir və bu fəaliyyətlərin nəticəsi olaraq burada təhsil alan gənclər beynəlxalq yarışlarda iştirak edərək uğurlar əldə edirlər.

F.Xələfova əlavə edib ki, bu gün keçirilən tədbirdə bir qrup gəncə diplomlar təqdim olunub. Təqdim edilən diplomlar həmin gənclərin “Adobe Design” üzrə beynəlxalq müsabiqədə qalib olduqlarını təsdiqləyir və onlar Azərbaycanı beynəlxalq platformada təmsil edəcəklər. Bu isə ölkəmiz üçün çox vacibdir.

“Bakı Dizayn Akademiyasının dəstəyi ilə gənclər müxtəlif rəqəmsal platformalarda və beynəlxalq layihələrdə iştirak edir, uğur qazanır və sonradan müxtəlif ölkələrdən dəvətlər alırlar. Bu gün burada rəsmi qonaqlar və münsiflər heyəti olaraq gənclərlə ünsiyyətdə olduq, onlara tövsiyələrimizi verdik və gələcək fəaliyyətlərində uğurlar arzuladıq. Ən vacibi isə onların nailiyyətlərini təsdiqləyən diplomları təqdim etdik. Bu, onlar üçün unudulmaz xatirəyə çevriləcək”, - deyə Əməkdar incəsənət xadimi vurğulayıb.

“Bakı Dizayn Akademiyası”nın təsisçisi Aysel Gülməmmədova isə bildirib ki, Azərbaycan ilk dəfə olaraq “Microsoft” üzrə dünya çempionatında iştirak edəcək. Bu yarışma rəqəmsal savadlılıq, informasiya texnologiyaları üzrə bilik və bacarıqları qiymətləndirən beynəlxalq imtahan formatıdır. Yarışma bir neçə mərhələdən ibarətdir. İlkin mərhələ seçim xarakteri daşıyır və müraciət edən iştirakçılar arasından yalnız 50 nəfər növbəti mərhələyə vəsiqə qazanır. Daha sonra keçirilən seçim nəticəsində 20 nəfər ikinci mərhələyə keçir. İkinci mərhələ beynəlxalq imtahan mərhələsidir. Bu mərhələdə “Microsoft” üzrə ən yüksək nəticə göstərən 3 nəfər qalib seçilərək final mərhələsinə vəsiqə qazanır və ABŞ-də keçiriləcək dünya çempionatında iştirak şansı əldə edir.

Daha sonra tədbirdə “2026-cı il Adobe Championship Hackathon” qalibləri Leyla Bağırzadə və Leyla Novruzova gənclər üçün motivasiya çıxışı ediblər. Bildirilib ki, layihə iştirakçılara yalnız yarışma təcrübəsi deyil, həmdə “networking”, karyera inkişafı və qlobal texnologiya ekosisteminə inteqrasiya imkanı yaradır.

Qeyd edək ki, “Microsoft Office Specialist World Championship” (“MOS Championship”) “Microsoft Office” proqramları üzrə keçirilən dünyanın ən nüfuzlu beynəlxalq çempionatlarından biridir.

Yarışma “Microsoft” tərəfindən rəsmi şəkildə dəstəklənir və “Certiport” tərəfindən təşkil olunur. Layihənin əsas məqsədi gənclərin rəqəmsal bilikləri, xüsusilə “Microsoft Excel” üzrə praktiki bacarıqlarını inkişaf etdirmək, onların beynəlxalq sertifikat əldə etməsinə və dünya səviyyəsində rəqabət aparmasına imkan yaratmaqdır.

Bu il layihə Azərbaycanda “Bakı Dizayn Akademiyası” tərəfindən həyata keçirilir. Tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi, “PAŞA Bank” və ASAN İnnovativ İnkişaf Mərkəzinin sponsorluğu ilə təşkil olunub.

Müxbir - Pərvanə Qafarova
Fotoqraf - İlkin Cavanşirov
Videooperator - Namiq Abdullayev
Seçilən
30
azertag.az

1Mənbələr