Bu layihənin təqdimat mərasimi keçirilib. Tədbirdə iş adamı Emin Ağalarov, “FN Sports & Development” holdinqinin İdarə Heyətinin Müşahidə Şurasının sədri Həmid Fərəməzov, AFFA və Peşəkar Futbol Liqasının rəsmiləri, klub prezidentləri, veteran futbolçular və jurnalistlər iştirak edib. Maraq üçün bu sırada AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov, “Sabah”ın idman direktoru İqor Ponomaryov, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov, hakim-inspektor Asim Xudiyev kimi adların olduğunu qeyd edək.
Tədbirdə əvvəlcə layihə barədə məlumat verilib. Bildirilib ki, 10 min yerlik stadionda klub və yığmaların iştirakı ilə oyunlar, təlim-məşq toplanışları təşkil olunacaq. Həmçinin avrokubok matçlarının da burda keçirilməsi mümkündü. Arenada təkcə futbol yox, MMA, cüdo, güləş və başqa idman növləri üzrə yarışlar və məşqlər də olacaq. Videotəqdimatdan sonra Emin Ağalarov və Həmid Fərəməzov arenanın inşasına başlanılmasını nəzərdə tutan müqaviləni imzalayıb. Daha sonra qonaqlar çıxış edərək, layihəyə xeyir-dua verib.
İş ondadı ki, bu stadionun cari mövsümdə 1-ci liqada çempion olaraq premyer-liqaya vəsiqə qazanan “Şəfa” üçün nəzərdə tutulduğu haqda iddialar var. Bu məqamı dəqiqləşdirmək üçün “FN Sports & Development” holdinqinin rəhbəri Sərdar Salmanzadə ilə əlaqə saxlamağı lazım bildik. Axı məlumatların həqiqətəuyğun olmaq ehtimalı var. Ona görə ki, Sərdar bəy vaxtilə “Şəfa”nın aşağı yaş qruplarında çıxış edib, daha sonra klubun əsas komandasının da formasını geyib. O, müxtəlif dövrlərdə “Şəfa” və “Ramana” klublarına da rəhbərlik edib. Özü də “Şəfa”dakı vəzifəsindən yaxınlarda, daha dəqiqi, martın ilk günlərində ayrılıb.
Xatırlayırsızsa, Sərdar bəy hələ o vaxt “Futbol+”ə açıqlamasında “Şəfa” azarkeşi olduğunu, bu komandanı çox sevdiyini və dəstəyini əsirgəməyəcəyini demişdi. Bildirmişdi ki, futbolla bağlı daha geniş layihələri var, daha geniş miqyasda çalışmaq istəyir. Odu ki, Sərdar bəyi dinləyək:
“Stadionun “Şəfa”ya hansısa aidiyyatı yoxdu. Şəxsi müstəvidə həll edilən məsələdi. İstəsə, “Şəfa” da başqa klublar kimi bizə müraciət edər, nəzərdən keçirərəm. İdman qurğusu mənim rəhbərlik etdiyim holdinqdi. Buranın tərkibində xeyli şirkət var. Sadəcə, müqaviləni Həmid bəyin imzalamasını uyğun gördük. Stadiondan “See Breeze” ilə birlikdə yararlanacağıq. İnşallah, yaxşı olacaq”.
Fürsətdən istifadə edib, Sərdar bəydən “Şəfa”nın çempion olmasıyla bağlı təəssüratını da soruşduq:
“Bu klubun akademiyasında, əsas komandasında böyümüşəm. Prezident olaraq kollektivin Region Liqasından premyer-liqaya qədər irəliləməsində böyük rolum olub. Allaha şükür, məqsədimə çatdım. İndi hədəfim tək bir kluba deyil, ölkəmizə, millətimizə xidmət etməkdi. Düşünürəm ki, infrastrukturun yaxşılaşdırılmasının, stadionların tikilməsinin, peşəkar futbol klublarının yaradılmasının vaxtıdı. Bu istiqamətdə çalışıram və uğurlu olacağıma inanıram”.
KƏNAN BAHADIR