AZ

Neft qaz satışı ilə məşğul olan şirkətin COP29 qalmaqalı

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İl yarım əvvəl BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu Konfransı (COP29) Bakıda keçirilərkən tədbir zamanı pavilyondan istifadə etmiş şirkətlərdən biri ilə bağlı qalmaqal yaranıb.

Bizimyol.info xəbər verir ki, beynəlxalq bazarlara enerji tədarükü, neft və qaz alqı-satqısı ilə məşğul olan “ETKA Holding” bununla əlaqədar məhkəməyə verilib. Məhkəmədə iddiaçı da COP29 Azərbaycan Əməliyyat Şirkətidir.

COP29 zamanı başqa şirkətlərlə olduğu kimi, “ETKA Holding”lə də pavilyon icarəsi müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, şirkətə 50 kvadrat metr pavilyon sahəsinə giriş və ondan istifadə etməyə icazə verilib. Şirkət də öz növbəsində pavilyondan istifadəyə görə 93500 manat icarə haqqını 15 gün ərzində ödəmək öhdəliyi götürüb.

Gecikdirilmiş hər günə görə isə Əməliyyat Şirkətinə gecikdirilən məbləğin 1 faizi məbləğində cərimə ödənilməliymiş.

COP29 Əməliyyat Şirkəti hesablayıb ki, müqavilə üzrə 93500 manat əsas borc, 16830 manat ƏDV, üstəlik, 306 günlük gecikmə nəticəsində yaranmış 227 min 279 manat da cərimə borcu var. “ETKA Holding”ə qarşı 337 min 609 manat ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırılıb.

Şirkət bu iddiaya etiraz edib. “ETKA Holding”in nümayəndəsi bildirib ki, qarşı tərəf gecikdirilmiş hər günə görə ümumi məbləğin 1 faizi qədər əlavə pul tələb etməklə, borcun qısa müddətdə əsas borcdan dəfələrlə artıq məbləğə çatmasına səbəb olub. Bu isə ədalətli yanaşma deyil: “Məhkəmə təcrübəsində də əsas borcdan artıq faiz borcunun tutulmasına yol verilmir. Qarşı tərəfin təqdim etdiyi hesablamalar ədalətsiz zənginləşməyə yönəlmiş xarakter daşıyır”.

Şirkətin nümayəndəsi əlavə edib ki, “ETKA Holding”in 93500 manat borcu var və bu məbləği ödəməyi düşünürlər.

COP29 Əməliyyat Şirkətinin iddiası qismən təmin olunub. Şirkətin üzərinə ƏDV də daxil olmaqla, 110 min 330 manat (93500+16830) əsas borc və 5516 manat da dəbbə pulu (ümumilikdə 115 min 846 manat) ödəmək öhdəliyi qoyulub.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
bizimyol.info

1Mənbələr