Bakı, 23 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) şəhərsalma, ağıllı şəhərlər və dayanıqlı inkişaf sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platformadır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Ekvadorlu tədqiqatçı David Vinicio Espinel Garcia deyib.
O bildirib ki, on ildən artıqdır yaşayış mühiti və şəhərsalma sahəsində fasiləsiz fəaliyyət göstərən “U’LALAH INTERNATIONAL” təşkilatını təmsil edir. Onun sözlərinə görə, Bakıda keçirilən tədbirdə iştirakın əsas məqsədi yeni qlobal şəhərsalma gündəliyində yer almaq və Latın Amerikası ilə Azərbaycan arasında təcrübə mübadiləsini genişləndirməkdir.
Tədqiqatçı vurğulayıb ki, Bakının yüksək təşkilatçılığı, şəhərin təmizliyi və beynəlxalq iştirakçılara göstərilən qonaqpərvərlik onda böyük təəssürat yaradıb.
David Vinicio Espinel Garcia qeyd edib ki, təşkilatının fəaliyyəti 2014-cü ildə Medellində keçirilən Ümumdünya Şəhərsalma Forumu zamanı başlayıb və daha sonra Kitoda təşkil olunan “Habitat III” konfransında davam etdirilib. Hazırda Ekvadorda yaşlı insanların ehtiyaclarına uyğun ağıllı şəhərlər və yeni yaşayış məntəqələri ilə bağlı layihələr həyata keçirirlər.
Tədqiqatçı, həmçinin Azərbaycanın ağıllı şəhər təcrübələrinin Latın Amerikasında tanıdılmasında, eyni zamanda, Latın Amerikası ölkələrinin təcrübələrinin Azərbaycan ictimaiyyətinə çatdırılmasında maraqlı olduqlarını bildirib.
David Vinicio Espinel Garcia Azərbaycanın qonaqpərvərliyinə görə təşəkkürünü ifadə edib, Azərbaycan, Ekvador və Latın Amerikası arasında şəhərsalma və dayanıqlı inkişaf sahəsində əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu vurğulayıb.