AZ

Rusiya Paşinyanı qazla boğmaq istəyir

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin ardınca Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ermənistanı hədələyib. Medvedyev Ermənistana satılan Rusiya qazının qiymətinin Avropa səviyyəsinə qaldırılacağı təqdirdə erməni xalqının baş nazir Nikol Paşinyanı hakimiyyətdən qovacağını bəyan edib. 

Dmitri Medvedyev çıxışında Ermənistanın adını birbaşa çəkməyərək ondan rişxəndlə “A ölkəsi” deyə bəhs edib və dənizə heç bir çıxışı olmayan, tamamilə quru blokadasında yerləşən bir ölkəyə ABŞ-dən gəmilərlə maye qaz daşınması ideyasının tam bir axmaqlıq və absurd olduğunu nümayiş etdirib.

73ee9700-e731-32d5-8ff9-e4a991b5f71b_1200.jpg

Məlum olduğu kimi, Ermənistan enerji baxımından Rusiyadan ciddi şəkildə asılıdır. Sənaye, elektrik istehsalı və məişət istehlakı üçün qaz həyati əhəmiyyət daşıyır. Bu səbəbdən qaz qiymətinin kəskin artması inflyasiyanı yüksəldə, kommunal xərcləri artıra, kiçik biznesə və sosial təbəqələrə ağır zərbə vura bilər. Yəni iqtisadi təzyiq aləti kimi Moskvanın əlində real alət mövcuddur.

Rusiya qazın qiymətini üç dəfə artırmaqla və bu tip təzyiqlərlə Ermənistanda xalqın ayağa qalxıb hakimiyyəti dəyişməsinə nail ola bilərmi?

FİKRET

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, Rusiyanın İrəvana bu cür təzyiqlərə əl atacağı gözlənilən idi:

“Bu, son deyil, ritorikadan praktiki addımlara keçilməsi gözlənilir. Seçki günü yaxınlaşqıqca təzyiqlər daha da şiddətlənəcək. Rusiya bir zamanlar yaratdığı forpostun müstəqil dövlət olmasını istəmir. Bunun üçün də imkanında olan bütün vasitələrdən istifadə etmək istəyir. Amma reallıq fərqlidir. Erməni cəmiyyətinin böyük hissəsi artıq Rusiyanın Ermənistanı bir dövlət kimi görmədiyini, onu bir alət kimi regionda istifadə etdiyini açıq-aydın şəkildə görür və bu vəziyyətə artıq müsbət yanaşmır. Rusiyanın Ermənistanı qazın qiymətini üç dəfə bahalaşdırmaqla şantaj etməsi erməni cəmiyyətində Rusiyaya münasibətə mənfi təsir göstərəcək. Rusiya erməniləri özündən bir qədər narazı salacaq. Bəli, Rusiya illərdir Ermənistana çox ucuz qiymətə qaz satır. İndi isə deyir ki, qazı ona görə ucuz satıram, digər yardımları ona görə edirəm ki, mənim istədiyim xətdən kənara çıxmayasan. Rusiya Ermənistanı öz əlindən buraxmaq istəmir. Qaz təhdidi nəticə verməsə, başqa üsullara da əl atılacağı gözlənilir. Seçkiyə sayılı günlər qalanda və ya seçkidən dərhal sonra Ermənistanda silahlı qarşıdurma vəziyyəti meydana gələ bilər. Bu, gözlənilir. Bunun nə ilə bitəcəyi isə bəlli deyil. Xalqı ayağa qaldırmaq mümkün olmayanda qeyd etdiyimiz variant tətbiq oluna bilər”.

Sabiq nazir hesab edir ki, ABŞ-nin Ermənistana ciddi dəstəyinə heç vaxt olmadığı qədər zərurət get-gedə yaranır:

“Vəziyyət çox ciddidir. Dəstək olmasa, Ermənistanda Rusiyanın istədiyi ssenarinin həyata keçirilməsi ehtimalı var. Lakin Vaşinqton vəziyyətə müdaxilə etsə, Rusiyanın təzyiqlərinin ciddi nəticəsi olmayacaq”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr