AZ

VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı iki gün davam edəcək

Mayın 23-də VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı təşkil olunub. Analitik təhlil imtahanı 4 sessiya olmaqla 2 gün ərzində davam edəcək.

“İki sahil” xəbər verir ki, imtahanlar Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda, 158, 263, 238 və 56 nömrəli tam orta məktəblərdə, Sumqayıt şəhərində yerləşən 1 nömrəli tam orta məktəbdə, Nərimanov rayonu Məktəb-Lisey Kompleksində, Azərbaycan İdman Akademiyasında, Azərbaycan Tibb Universitetinin 5 saylı tədris binasında, eləcə də Naxçıvan şəhərində yerləşən 4 nömrəli məktəbdə yaradılmış imtahan mərkəzlərində təşkil olunur.

Namizədlər əvvəlcədən seçdikləri 10:00 və 15:30 sessiyalarında imtahanda iştirak edirlər. Xaricdən qoşulan namizədlər üçün də distant formatda proktorinq üsulu ilə 4 sessiyadan ibarət imtahan təşkil olunub.

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə müsahibəsində bildirib ki, əyani mərhələnin ilk turu olan Analitik təhlil imtahanında 7315 namizədin iştirakı gözlənilir: “İmtahan Verbal, Rəqəmsal və Abstrakt təhlil olmaqla 3 blok üzrə keçirilir. İştirakçılara imtahanın tamamlanması üçün ümumilikdə 3 saat vaxt ayrılıb. Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə nəticələr bir çox beynəlxalq imtahan sistemində tətbiq olunan T-şkala əsasında hesablanacaq. Bu metod TOEFL, GMAT və SAT kimi beynəlxalq imtahanlarda istifadə olunan ən qabaqcıl qiymətləndirmə üsullarından biri hesab edilir. Analitik təhlil imtahanının nəticələri imtahan başa çatdıqdan sonra 5-7 iş günü ərzində iştirakçıların şəxsi kabinetinə hesabat formasında göndəriləcək”.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi çərçivəsində yalnız nəzəri biliklər deyil, eyni zamanda, analitik düşüncə, qərarvermə, məsuliyyət götürmə, komanda idarəetməsi və liderlik bacarıqları da qiymətləndirilir. Müsabiqə qalibləri Mentorluq proqramı, fərdi inkişaf planları və real layihələrdə iştirak imkanları əldə edərək peşəkar inkişaflarını davam etdirirlər. Müsabiqədə iştirak etmək üçün namizədlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, qeydiyyatın son gününə qədər 21-51 yaş aralığında olmalı, ali təhsilə və minimum 2 illik idarəetmə təcrübəsinə malik olmalıdırlar.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.

Seçilən
4
5
ikisahil.az

6Mənbələr