Xəbər verdiyimiz kimi, dünən Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öz işini bağlanış mərasimi ilə yekunlaşdırdı.
Mayın 17-dən etibarən paytaxtda təşkil olunan forum çərçivəsində yüzlərlə sessiya, panel müzakirəsi, sərgi və müxtəlif yan tədbirlər baş tutdu.
Şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya sahəsində dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri hesab olunan WUF13 həm geniş iştirakçılığı, həm də qlobal problemlərin müzakirəsi baxımından diqqət çəkdi.
Bəs Bakıda keçirilən WUF13 ümumilikdə nə ilə yadda qaldı?
“Cebheinfo.az”-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, Azərbaycan növbəti dəfə bütün dünyaya ən nüfuzlu beynəlxalq tədbirləri qəbul etmək, hazırlamaq və uğurla həyata keçirmək bacarığını nümayiş etdirdi.
"Azərbaycan dövlətinin gücü bir daha ortaya qoyuldu. Dünyanın müxtəlif ölkələrindən 50 mindən artıq insanın iştirak etdiyi belə bir tədbiri təşkil etmək çox az sayda dövlətin imkanları daxilindədir. Azərbaycan isə bunu uğurla bacardığını göstərdi.
Ölkə həm dostlarına öz potensialını göstərdi və onlar bu uğura sevindilər, həm də bizi sevməyənlər, rəqiblər və düşmənlər gördülər ki, Azərbaycan istənilən təşəbbüsü həyata keçirməyə qadir dövlətdir. Bu isə məsələnin görünən tərəfidir".
Onun sözlərinə görə, mahiyyət etibarilə də bu, çox böyük bir tədbir oldu:
"Bu gün şəhərsalma qaydaları bütün dünyanı düşündürən əsas məsələlərdən biridir. Belə deyək dünya getdikcə şəhərləşir. Tədbirdə də səsləndirildiyi kimi, artıq dünya əhalisinin 50 faizdən çoxu şəhərlərdə yaşayır.
Proqnozlara görə, yaxın 25-30 il ərzində bu göstərici 70 faizi keçəcək. Bu isə təcili tədbirlərin görülməsini, yeni istiqamətlərin və normaların müəyyənləşdirilməsini zəruri edir.
Bu baxımdan, forumda dünyanın həddindən artıq maraq göstərdiyi və mühüm hesab etdiyi məsələlərdən biri müzakirə olunub. Müzakirələr zamanı müxtəlif təkliflər, yanaşmalar və modellər irəli sürülüb.
Şəhər həyatının təşkili ilə bağlı məsələlər geniş şəkildə diqqət mərkəzində olub. Bir tərəfdən şəhərlərin memarlığı, arxitekturası, binaların tikintisi, sanitariya göstəricilərinin qorunması və digər məsələlər müzakirə edilib.
Digər tərəfdən isə şəhər problemlərinin əsas istiqamətlərindən biri olan əhalinin sıxlığı məsələsinə toxunulub".
O bildirib ki, bu həm əhalinin həddindən artıq artması və insanların təminatı məsələləri ilə bağlıdır:
"Ərzaq təminatı, hərəkət, istirahət imkanları, eyni zamanda nəqliyyatın təşkili bu problemlərin əsas istiqamətlərini təşkil edir. Bu gün nəqliyyat ən vacib məsələlərdən biridir.
Hələ XIX əsrin ikinci yarısında nəqliyyatla bağlı ciddi problemlər ortaya çıxmışdı və onların necə həll olunacağı müzakirə edilirdi. Həmin dövrdə avtomobillər mövcud olmasa da, böyük şəhərlərdə indiki dillə desək, tıxaclar yaranırdı.
Avropanın böyük şəhərlərində at arabaları, faytonlar və karetaların hərəkəti o qədər sıx və qarışıq idi ki, bəzən atlar və nəqliyyat vasitələri az qala bir-birinin üstünə çıxırdı. Bu vəziyyət həm insanların təhlükəsizliyi üçün risk yaradır, həm də şəhər həyatını iflic edirdi.
Problemin digər tərəfi isə sanitar vəziyyətlə bağlı idi. Atların yaratdığı tullantılar şəhərlərin təmizliyini ciddi şəkildə çətinləşdirirdi. Xüsusi xidmətlər gecə yarısından səhərə qədər çalışsalar da, şəhərləri tam təmiz saxlamaq mümkün olmurdu.
Məhz bu problemlərin həlli yolları axtarılarkən metro ideyası ortaya çıxdı və sonradan reallaşdı. Ondan sonra şəhər həyatı, metro İngiltərədə, Londonda fəaliyyətə başladı və daha sonra digər ölkələrə yayılaraq şəhər həyatını köklü şəkildə dəyişdirdi".
Akif Nağı inanır ki, bu tədbir bütün dünyada şəhərsalma problemlərinin aradan qaldırılması və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib bir mərhələ oldu:
“İndi elə bir zaman gəlib çatıb ki, doğrudan da kardinal dəyişikliklər olmalıdır. Bunun ətrafında müzakirələr gedir. Ona görə də belə müzakirələrin mərkəzinin Bakıda olması bizim üçün çox böyük nüfuz gətirir.
Bu, vacib məsələdir. Çıxışlara da baxdıq, Azərbaycan Prezidentinin çıxışını izlədik, yekun çıxışlara da nəzər saldıq. Həm Azərbaycan rəhbərliyi, həm də forum tərəfindən səsləndirilən məsələlər və çağırışlar diqqətə alınacaq".