AZ

"WUF13 Azərbaycan üçün misilsiz əhəmiyyətə malik hadisəyə çevrildi"

BAKI, 23 may. TELEQRAF

"Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası — WUF13 Azərbaycan üçün misilsiz əhəmiyyətə malik hadisəyə çevrildi. Belə miqyaslı beynəlxalq tədbirin Bakıda keçirilməsi paytaxtımızın qlobal diplomatiya və dayanıqlı inkişaf mərkəzi statusunu qəti şəkildə möhkəmləndirdi. Bu hadisə məntiqi olaraq COP29-un uğurunu davam etdirərək Azərbaycanı təkcə güclü regional aktor kateqoriyasından çıxarıb qlobal gündəliyi formalaşdıran dövlətlər sırasına yüksəltdi. Bu uğurun arxasında yalnız ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətinə verilən qiymət deyil, həm də Azərbaycanın beynəlxalq arenada qəbul edilməsində baş verən fundamental dəyişiklik dayanır".

Bu fikirləri Teleqraf-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, uzun illər ərzində Azərbaycan dünyada əsasən klassik geosiyasi amillər prizmasından qəbul olunurdu — Avropanın mühüm enerji təchizatçısı, “Şərq–Qərb” və “Şimal–Cənub” nəqliyyat dəhlizlərinin etibarlı qovşağı və proqnozlaşdırılan siyasi tərəfdaş kimi. WUF13 bu təsəvvürü keyfiyyətcə dəyişdirdi. Azərbaycan özünü qlobal intellektual dialoq mərkəzi kimi təqdim etdi. Bakıda artıq lokal regional məsələlər deyil, bəşəriyyətin gələcəyi müzakirə olunurdu — 2050-ci ilə qədər dünya əhalisinin 70 faizindən çoxunun yaşayacağı şəhərlərin necə formalaşacağı müəyyənləşdirilirdi. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) forumun keçirilməsini məhz Bakıya etibar etməsi Azərbaycanın potensialına və Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyinə verilən yüksək beynəlxalq qiymətin göstəricisidir.
Bakıda keçirilən forum BMT sistemi tarixində bir sıra unikal nailiyyətlərlə yadda qaldı. İlk növbədə, tədbir miqyasına görə mütləq rekord qeydə alındı: 182 ölkədən 40 mindən çox iştirakçı. WUF tarixində indiyədək heç bir sessiya bu göstəriciyə nail olmamışdı. Bakı bir həftə ərzində hökumət başçılarının, meqapolislərin merlərinin, aparıcı memarların, iqlim üzrə ekspertlərin, İT şirkətlərinin nümayəndələrinin və vətəndaş cəmiyyəti təmsilçilərinin bir araya gəldiyi qlobal platformaya çevrildi.
Forumun statusunu keyfiyyətcə dəyişdirən əsas yenilik isə proqram çərçivəsində Liderlər Sammitinin (Leaders’ Summit) keçirilməsi oldu. Əvvəllər WUF daha çox ekspert-praktik xarakter daşıyırdı. Azərbaycan diplomatiyası isə tədbirə güclü siyasi impuls verərək onun səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldə bildi. Bununla da urbanistika və dayanıqlı inkişaf sahəsində qərarların artıq ən yüksək siyasi səviyyədə müzakirə olunmasına şərait yaradıldı ki, bu da onların real icrası imkanlarını xeyli artırır".

Millət vəkilinin fikrincə, WUF13 çərçivəsində ən çox diqqət çəkən mövzulardan biri Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində həyata keçirdiyi layihələrin təqdimatı oldu: "Azad edilmiş ərazilərdə aparılan quruculuq işləri xarici ekspertlər tərəfindən böyük maraqla qarşılandı. Azərbaycanın təcrübəsinin unikallığı ondadır ki, ölkə tamamilə dağıdılmış ərazilərdə sıfırdan genişmiqyaslı quruculuq həyata keçirərkən eyni zamanda Dördüncü Sənaye İnqilabının standartlarını tətbiq edir. Beynəlxalq ictimaiyyətə “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyaları əyani şəkildə nümayiş etdirildi. Ağalı kəndi və Füzuli şəhərinin timsalında sübut olundu ki, rəqəmsallaşma və inklüzivlik kənd ərazilərində belə bir çox ənənəvi meqapolislərdən daha sürətlə tətbiq oluna bilər. Yaşıl enerji zonaları da xüsusi maraq doğurdu — bütöv regionların bərpası zamanı ənənəvi enerji mənbələrindən imtina edilməsi, hidro, külək və günəş enerjisinə üstünlük verilməsi müasir urbanistika baxımından mühüm yanaşma kimi qiymətləndirildi.
Humanitar aspekt və təhlükəsizlik məsələləri də diqqətdən kənarda qalmadı. Xüsusilə mina təhlükəsinin mövcud olduğu şəraitdə urbanizasiya məsələləri forumun əsas müzakirə mövzularından biri idi. Azərbaycan təhlükəsiz ərazi planlaşdırılması üzrə unikal təcrübəsini bölüşdü ki, bu da münaqişədən əziyyət çəkmiş onlarla ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Faktiki olaraq Bakı dünyaya XXI əsrin postmünaqişə urbanistikası üzrə hazır və işlək model təqdim etdi ki, bu model gələcəkdə BMT üçün nümunə rolunu oynaya bilər".
Sevinc Fətəliyeva qeyd edib ki, WUF13-ün nəticələri həm qısamüddətli praktik, həm də uzunmüddətli strateji xarakter daşıyır. İlk növbədə, bu, Azərbaycanın beynəlxalq nüfuzunun daha da güclənməsidir. Bakı artıq qlobal diplomatik mərkəzlərdən biri kimi mövqeyini qəti şəkildə möhkəmləndirib. Azərbaycan ən mürəkkəb beynəlxalq prosesləri uğurla idarə etmək və qlobal dialoq platforması yaratmaq imkanına malik olduğunu nümayiş etdirdi.
İkincisi, forum yeni investisiya imkanları formalaşdırır. Dünyanın aparıcı inkişaf şirkətləri, texnologiya qurumları və yaşıl fondları ilə qurulan birbaşa əlaqələrin yaxın illərdə ölkəmizin nəqliyyat, kommunal və rəqəmsal infrastrukturunda innovativ layihələrə çevrilməsi gözlənilir.
Üçüncüsü, forum mühüm ekspert və bilik transferi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan mütəxəssisləri urbanistika, dayanıqlı inkişaf, rəqəmsal idarəetmə və ekoloji planlaşdırma sahəsində qabaqcıl beynəlxalq təcrübəyə birbaşa çıxış əldə etdilər. Bu isə gələcəkdə ölkəmizdə şəhərsalma standartlarının yeni mərhələyə yüksəlməsinə təkan verəcək.
Eyni zamanda, WUF13 Azərbaycanın şəhər inkişafı siyasətinə də yeni impuls verir. Forumda müzakirə olunan desentralizasiya, inklüzivlik, mikromobillik və yaşıl şəhər mühiti kimi tendensiyalar gələcəkdə Bakı və digər şəhərlərin baş planlarının yenilənməsində mühüm rol oynayacaq.
"WUF13-ün əsas fəlsəfi nəticəsi isə “şəhər” anlayışının yenidən düşünülməsi oldu. Müasir şəhər artıq yalnız beton, asfalt və kvadratmetrlərlə ölçülmür. Şəhər insan, təhlükəsizlik, inklüzivlik və ətraf mühitlə harmoniyadır. Bu yanaşma xüsusilə postmünaqişə bərpası və sosial dayanıqlılığa həsr olunmuş panel müzakirələrində aydın şəkildə öz əksini tapdı. Azad edilmiş torpaqlara həyatın qaytarılması zamanı prioritet insan amilinə — ailələrin, qadınların və uşaqların təhlükəsiz, inkişaf etmiş və motivasiyaedici mühitdə yaşamasına verilir. İcmaların bərpasında qadın liderliyi, təhsilin əlçatanlığı, yaşıl məkanlar və imkan bərabərliyi uzunmüddətli sülhün əsas sütunları kimi təqdim olunur.
WUF13-ü ən yüksək səviyyədə təşkil etməklə Azərbaycan bu humanist fəlsəfəni tam şəkildə bölüşdüyünü nümayiş etdirdi. Ölkəmiz yalnız təhlükəsiz, ekoloji və rəqəmsal şəhər mühiti yaradılması üzrə qlobal tendensiyaya qoşulmadı — Azərbaycan bu prosesin aparıcı iştirakçılarından birinə çevrilərək dünyanı “Bakı standartları” haqqında danışmağa vadar etdi", - deyə deputat vurğulayıb.

Seçilən
44
teleqraf.com

1Mənbələr