Bəzi turoperatorların Türkiyə istiqamətinə erkən rezervasiyalarla bağlı adambaşına 65 ABŞ dollar məbləğində əlavə ödəniş tələbi turistlərlə turagentlikləri üz-üzə qoyub. Turoperatorlar dünyada yanacağın qiymətinin bahalaşmasını əsas gətirərək aviabiletlərin qiymətində dəyişiklik olduğunu bildirir və əlavə ödəniş tələb edirlər.
Bəs erkən rezervasiyalar üçün əlavə ödəniş tələb etmək hansı hüquqi və etik qaydalara uyğundur? Bu, müştərilərin hüquqlarını pozmurmu?
“İnsanlar ucuz olması üçün paketi 3-5 ay qabaqdan əldə ediblər”
Turizmçi Rəhman Quliyevin sözlərinə görə, adətən vətəndaşlar həm qiymət, həm seçim baxımından əlverişli olması üçün öncədən turpaketlər sifariş edirlər: “Amma indi turoperatorların əvvəldən satılan məhsul üçün adambaşına əlavə 65 ABŞ dolları tələb etmələri əsassızdır. Turagentliklər bu məsələni başa düşsələr də, turistlərin bunu anlayışla qarşılamaları mümkünsüzdür. Çünki insanlar ucuz olması üçün paketi 3-5 ay qabaqdan əldə ediblər. Biz onlayn saytlara da nəzər salsaq görərik ki, hələlik aviabiletlərin qiymətində bahalaşma olmayıb. Düzdür, dünyadakı geosiyasi vəziyyətə görə enerji və loqistika qiymətləri qalxıb. Yanacaq qiymətlərində də qalxma müşahidə olunur. Bu da yaxın gələcəkdə aviabiletlərin qiymətinin qalxmasına ehtimal verir. Amma bu reallıq bu gündən sonraya rəsmiləşdirilən rezervasiyalara şamil olunmalıdır”. R.Qliyev bildirir ki, öncədən paket satan turoperatorlar bir neçə ay əvvəldən 30 faiz ödənişi alıblar: “Onlar öz işlərini düzgün şəkildə həll etsəydilər, müqaviləni aviaşirkətlə düzgün bağlasaydılar və əldə etdikləri 30 faizdən qrup şəklində ödəniş etsəydilər, həmin blok yerləri müqavilədə bağlanan qiymətlə əldə etmiş olardılar. Aviabileti 30 faiz pulla 100 faiz də əldə etmək mümkün idi. Amma etməyiblər və indi turoperatorların səhvi ucbatından bazarda anlaşılmazlıq yaranıb”. Turizmçi yaranan problemdə AZAL-ın rolunun olmadığını bildirir: “AZAL heç bir müştəriyə zəng edib deməyib ki, əlavə ödəniş edin. Zamanında turoperatorlar əldə etdikləri 30 faizdən pul ödəyib biletləri alsaydılar, bu problem heç zaman olmayacaqdı. İndi isə çətin bir durum yaranıb. Turagentlər, kiçik vergi ödəyicisi olan firmalar kütləvi surətdə zərərlə işləyirlər. Bu da iş yerlərinin bağlanmasına və kütləvi işçi ixtisarlarına gətirib çıxaracaq”.