AZ

Riskləri, böhranları qələbəyə çevirən model - Prezident İlham Əliyevin strategiyası 

“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası-WUF13 təkcə şəhərsalma və urbanizasiya məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma kimi deyil, həm də Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində artan rolunun, formalaşdırdığı yeni geosiyasi reallıqların və strateji inkişaf modelinin nümayişi kimi xüsusi əhəmiyyət daşıdı. Dünyanın 176 ölkəsindən 57 mindən çox iştirakçının qatıldığı forum göstərdi ki, Azərbaycan artıq yalnız regional dövlət deyil, qlobal gündəliyin formalaşmasına təsir göstərən mühüm aktorlardan birinə çevrilir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
 O bildirib ki, müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir: “Qlobal güc balansının dəyişməsi, regional münaqişələrin artması, enerji, təhlükəsizlik və iqtisadi böhranların dərinləşməsi fonunda bir çox dövlətlər yeni çağırışlar qarşısında zəiflədiyi halda, Azərbaycan tam əksinə, bu mürəkkəb prosesləri strateji fürsətə çevirməyi bacaran ölkə modeli ortaya qoyur. Bu modelin əsas müəllifi isə Prezident İlham Əliyevin həyata keçirdiyi çevik, çoxşaxəli və milli maraqlara əsaslanan siyasətdir.

Son illərdə Azərbaycanın keçdiyi yol göstərir ki, Prezident İlham Əliyev qlobal və regional prosesləri yalnız izləyən lider deyil, onları qabaqlayan, düzgün təhlil edən və ölkənin milli maraqları istiqamətində yönləndirən siyasi liderdir. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni geosiyasi reallıqlar Azərbaycanın təşəbbüskar dövlət kimi rolunu daha da gücləndirdi. Azərbaycan artıq regionda yalnız hərbi-siyasi qələbə qazanan ölkə deyil, həm də postmünaqişə inkişaf modelini formalaşdıran və bunu beynəlxalq platformalarda təqdim edən strateji mərkəzə çevrilib.

WUF13 məhz bu yeni reallığın ən bariz nümunələrindən biri oldu. Forum vasitəsilə Azərbaycan dünyaya yalnız yüksək səviyyəli təşkilatçılıq imkanlarını nümayiş etdirmədi. Eyni zamanda ölkənin gələcək inkişaf vizyonunu, şəhərsalma və dayanıqlı inkişaf konsepsiyasını, postmünaqişə bərpa modelini və regional əməkdaşlıq strategiyasını beynəlxalq ictimaiyyətə təqdim etdi”.

İ.Yusifov əlavə edib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma prosesi dünyanın diqqətlə izlədiyi mühüm inkişaf layihələrindən biridir: “İşğal dövründə tamamilə dağıdılmış ərazilərin qısa müddətdə müasir şəhər və kənd konsepsiyaları əsasında yenidən qurulması Azərbaycanın strateji planlaşdırma imkanlarını ortaya qoyur. “Ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji zonaları, müasir nəqliyyat infrastrukturu və ekoloji yanaşmalar faktiki olaraq Qarabağı gələcəyin inkişaf modeli kimi təqdim edir.

WUF13 çərçivəsində bu təcrübənin beynəlxalq auditoriyaya təqdim olunması xüsusi əhəmiyyət daşıyırdı. Çünki hazırkı dövrdə dünyada müharibələrin, humanitar böhranların və dağıntıların artdığı bir mərhələdə Azərbaycan postmünaqişə inkişafının alternativ modelini ortaya qoyur. Bu model sübut edir ki, güclü siyasi iradə, milli həmrəylik və strateji baxış olduğu halda dağıdılmış bölgələri qısa müddətdə inkişaf, təhlükəsizlik və regional əməkdaşlıq məkanına çevirmək mümkündür.

Forumun digər mühüm nəticəsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi oldu. COP29-dan sonra WUF13-ün də yüksək səviyyədə təşkili artıq yeni bir siyasi reallıq yaradır. Bakı tədricən qlobal siyasi, iqtisadi və humanitar platformaların əsas mərkəzlərindən birinə çevrilir. Bu isə təsadüfi deyil. Çünki Azərbaycan son illərdə həm Şərq-Qərb, həm Şimal-Cənub xəttində strateji körpü rolunu gücləndirib, enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri və diplomatik təşəbbüslərlə beynəlxalq sistemdə etibarlı tərəfdaş imicini formalaşdırıb.

WUF13 həm də Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementinə çevrildi. Forum vasitəsilə dünya mediasının diqqəti yenidən Bakıya yönəldi. Xarici nümayəndələr Azərbaycanın təhlükəsizlik, sabitlik, inkişaf və multikulturalizm modelini yaxından müşahidə etdilər. Bu isə ölkənin beynəlxalq informasiya məkanında mövqelərinin güclənməsinə və geosiyasi nüfuzunun artmasına xidmət etdi.

Prezident İlham Əliyevin siyasətində diqqət çəkən əsas məqamlardan biri odur ki, o, qlobal böhranları yalnız risk kimi deyil, həm də yeni imkanlar mənbəyi kimi qiymətləndirir. Enerji böhranı fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması, nəqliyyat marşrutlarının dəyişməsi şəraitində Orta Dəhlizin strateji əhəmiyyət qazanması, postmünaqişə dövründə Qarabağın beynəlxalq iqtisadi və logistika layihələrinin yeni mərkəzinə çevrilməsi bunun konkret nümunələridir.

WUF13 də bu siyasətin davamı olaraq Azərbaycanın qlobal proseslərdə daha fəal iştirakına əlavə imkanlar açdı. Forum çərçivəsində aparılan müzakirələr, əldə olunan təcrübə mübadiləsi və formalaşan yeni əməkdaşlıq əlaqələri Azərbaycanın gələcək sosial-iqtisadi inkişafına, investisiya imkanlarının genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına mühüm təsir göstərəcək.

Ən vacib məqamlardan biri isə Azərbaycanın yaratdığı yeni reallığın artıq yalnız milli çərçivədə qalmamasıdır. Bu reallıq bütövlükdə Cənubi Qafqazın gələcək inkişafına, sabitliyinə və təhlükəsizliyinə təsir edən mühüm geosiyasi amilə çevrilir. Çünki regionda dayanıqlı sülhün, iqtisadi inteqrasiyanın və əməkdaşlığın əsas təşəbbüskarı məhz Azərbaycandır.
Bu baxımdan WUF13 sadəcə beynəlxalq forum deyil, Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi və strateji təqdimatı oldu. Forum göstərdi ki, Azərbaycan artıq yalnız qlobal təşəbbüslərə qoşulan ölkə deyil, həm də beynəlxalq gündəliyə yeni ideyalar, yeni modellər və yeni reallıqlar təqdim edən dövlətdir. Bakı isə getdikcə yeni dünya düzəninin formalaşdığı əsas geosiyasi və intellektual platformalardan birinə çevrilir”.

Mürtəza

Seçilən
32
1
olke.az

2Mənbələr