AZ

28 May Müstəqillik Günü – xalqımızın milli qürur günüdür



Elə günlər vardır ki, tarixdə onlar sadəcə müəyyən hadisələrin baş verdiyi təqvim kimi deyil, bütöv bir xalqın taleyinə istiqamət verən mühüm dönüş nöqtələri kimi xatırlanır. Azərbaycan xalqı üçün 28 May məhz belə əlamətdar və müqəddəs günlərdən biridir. Bu tarix xalqımızın azadlıq iradəsinin, milli birlik ruhunun, dövlət yaratmaq əzminin və gələcəyə inamının rəmzinə çevrilmişdir. Məhz 1918-ci il mayın 28-də Azərbaycan xalqı öz siyasi taleyini müəyyənləşdirmək gücünü nümayiş etdirərək Şərqdə və bütün müsəlman aləmində ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını – Azərbaycan Xalq Cümhuriyyətini qurdu.

Bu hadisə yalnız Azərbaycanın deyil, bütövlükdə regionun və Şərq dünyasının siyasi tarixində yeni səhifə açdı. Çünki həmin dövrdə bir çox xalqlar demokratik idarəçilik modelinə doğru addımlamağa çalışdığı halda, Azərbaycan artıq müasir dövlətçilik nümunəsini ortaya qoymuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması uzun illər formalaşan milli oyanışın, azadlıq ideyalarının və ictimai düşüncənin məntiqi yekunu idi. XIX əsrin sonlarından etibarən Azərbaycanda milli şüur inkişaf etmiş, maarifçilik ideyaları geniş yayılmış, qabaqcıl ziyalılar və mütəfəkkirlər xalqın milli özünüdərk prosesinə əhəmiyyətli təsir göstərmişdilər. Cəmiyyət daxilində istiqlal arzusu güclənmiş, milli dövlət qurmaq istəyi ümummilli məqsədə çevrilmişdi. Ulu Öndər Heydər Əliyev həmin dövrün tarixi reallığını belə ifadə etmişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri get-gedə artmışdı.”

1918-ci ilin mayında qəbul edilən İstiqlal Bəyannaməsi Azərbaycan xalqının müstəqillik hüququnu bütün dünyaya bəyan edən mühüm sənəd oldu. Bu bəyannamə yalnız siyasi akt kimi deyil, həm də milli dövlətçilik tariximizin yeni ideoloji təməli kimi qiymətləndirilir. Burada xalq hakimiyyəti, demokratik idarəçilik, hüquq bərabərliyi və insan azadlıqları kimi fundamental prinsiplər əksini tapmışdı. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, bu qısa müddət ərzində dövlət quruculuğu sahəsində mühüm uğurlar qazandı. Parlament yaradıldı, hökumət formalaşdırıldı, dövlət rəmzləri qəbul olundu, milli ordu təşkil edildi, vətəndaşlıq sistemi təsis olundu və beynəlxalq əlaqələrin qurulması istiqamətində ciddi addımlar atıldı.

Həmin dövrdə həyata keçirilən islahatlar dövlətçilik tariximiz üçün xüsusi əhəmiyyət kəsb edirdi. Təhsil sisteminin milliləşdirilməsi, ana dilində tədrisin təşkili və Bakı Dövlət Universitetinin təsis olunması gələcək milli kadr potensialının hazırlanmasına hesablanmış mühüm qərarlar idi. Hüquq və məhkəmə sisteminin formalaşdırılması, hüquqi islahatların aparılması isə demokratik idarəçilik prinsiplərinin möhkəmləndirilməsinə xidmət göstərirdi.

Cənab Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirərək qeyd etmişdir: “Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir.” Həqiqətən də, Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm nailiyyətlərindən biri xalqımızda milli dövlətçilik təfəkkürünü gücləndirməsi və milli mənlik hissini daha da möhkəmləndirməsi idi. Bu dövrdə xalq ilk dəfə özünü dövlət idarəçiliyinin və siyasi hakimiyyətin birbaşa sahibi kimi hiss etdi.

Lakin 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son verildi və ölkə bolşevik işğalına məruz qaldı. Müstəqillik itirilsə də, onun ideyası xalqın yaddaşında və düşüncəsində yaşamağa davam etdi. Çünki azadlıq arzusu xalqın ruhundan silinməmişdi. XX əsrin sonlarında Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Lakin həmin dövr siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü ilə müşayiət olunduğundan dövlətçiliyimizin taleyi ciddi təhlükə altına düşmüşdü. Belə mürəkkəb şəraitdə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkənin xilası missiyasını öz üzərinə götürdü. Dövlətçiliyin qorunması, ictimai-siyasi sabitliyin təmin edilməsi və inkişaf strategiyasının müəyyənləşdirilməsi məhz onun uzaqgörən siyasəti nəticəsində mümkün oldu. Ulu Öndərin məşhur fikri dövlətçilik anlayışının mahiyyətini aydın şəkildə ifadə edir: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.”

Hazırda bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Son illərdə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi qüdrətinin artması, güclü ordu quruculuğu və milli maraqların qətiyyətlə müdafiəsi dövlətimizin mövqeyini daha da gücləndirmişdir. Tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması isə müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifələrindən birinə çevrilmişdir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız ölkəmizin bütün guşələrində qürurla dalğalanır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik.”

Bu gün 28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixinə ehtiramının, bugünkü uğurlarına qürurunun və gələcəyə olan böyük inamının ifadəsidir. Azərbaycan xalqı bir əsrdən artıq əvvəl başlanan dövlətçilik yolunu əzmlə davam etdirir. Şərqdə ilk demokratik respublikanı quran xalq bu gün regionun aparıcı və güclü dövlətlərindən birinin sahibidir. Dövlətçilik ənənələrinə söykənən müasir Azərbaycan gələcəyə inamla addımlayır və tarix bir daha sübut edir ki, müstəqillik yalnız qazanılan siyasi hüquq deyil, eyni zamanda qorunmalı, yaşadılmalı və gələcək nəsillərə ötürülməli olan ən dəyərli milli kimliyimizdir.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəalı.




Seçilən
2
1
aia.az

2Mənbələr