AZ

Qadınları mətbəxə göndərən Kamal Abdulla… onun haqlı tərəfləri - VİDEO

Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 25-ci buraxılışının yazılı variantını təqdim edir.

Qonşularımız – dünyaya qısa bir nəzər...

– Bu həftəmiz də dünyanın siyasi gündəmində çox qaynar keçdi. Xüsusilə Çində dünyanın ən böyük ölkələrinin rəhbərlərinin görüşünü qeyd eləmək istəyirəm. Bildiyiniz kimi, birinci Tramp səfər elədi, ardınca da Putin getdi. Üçü bir yerdə görüşmədi, amma təxminən elə buna bənzər bir səfər oldu. Haradasa dünyanın taleyini həll eləmək baxımından bir az Stalin, Çörçill və Ruzvelt görüşünü xatırlatdı. Lakin mən indikilərin, xüsusən Tramp və Putinin o mənəvi çəkiyə malik olduğunu düşünmürəm.

Bütün diplomatik görüşlərdə həmişə masanın altında görünməyən oyunlar gedir. Lakin mən Çin Xalq Respublikasının sədrinin hər iki görüşünü dünyanın ən riyakar görüşü adlandırardım. Çünki Çin-ABŞ-Rusiya münasibətləri çox qarışıqdır. Məsələn, Çin Rusiyanın qalib gəlməsini də istəmir, məğlub olmasını da. Bəlkə, ABŞ da. Hətta bir çox mütəxəssislər İarana hücumların da Ukrayna hadisələrinə görə baş verdiyini deyirlər. Çünki İran birbaşa Rusiyaya kömək edirdi. Çin, bildiyim qədər, hərbi yardım göstərmir. İstəyir Rusiya zəifləsin. Çünki böyük strateji maraqları var. Eyni zamanda, tamam çöküb məhv olmasını da istəmir. Çində ikili xüsusiyyət var: iqtisadiyyat Amerika kimi azaddır, siyasi quruluş Rusiya kimi totalitar. Bəlkə, bu görüşlər də bu ikili xüsusiyyətə görə idi. Ancaq nə nəticə hasil oldu? Sonda Çin Rusiya ilə birləşib dolayısı ilə ABŞ-ı hədələdi.

İranda SEPAH-ın güclənməsi və hakimiyyəti getdikcə daha çox təsir dairəsinə salmasına dair xəbərlər dolaşır. Avropa Birliyinin terrorist təşkilat kimi tanıdığı bir qurumun hakimiyyətə gəlib xunta rejimi qurması dünyaya da, Azərbaycana mənfi təsirlər göstərə bilər.

Rusiya-Ukrayna müharibəsindən müsbət xəbərlər oxuyuruq. Proses Rusiyanın məğlubiyyətinə və özünün sülh təklifi ilə çıxış etməsinə doğru gedir. Məncə, dünyanın taleyi Ukraynada həll olunur. Ukraynanın məğlubiyyəti Cənubi Qafqazda Rusiya təsirini artıra bilər. Bu, qəti şəkildə arzuolunmazdır. Çünki Rusiya dünyadakı totalitar sistemlərin ən böyük dayağıdır və buralara xoş niyyətlə gəlmir.

Ermənistanda isə seçki yaxınlaşdıqca gərginlik artır. Paşinyanın Qarabağ qaçqınları ilə görüşdəki emosioanal çıxışlarından rəqibləri onun əleyhinə istifadə etməyə çalşırlar. Bir az da bacarırlar. Ancaq mən yenə fikrimdə qalıram. Erməni xalqı qonşularla normal münasibət qurub adam balası kimi yaşamaq istəyirsə, Paşinyanın ətrafında səıx birləşməlidir. Sülh tərəfdarı olan bir hakimiyyət Azərbaycan üçün də sərfəlidir və hər iki ölkənin inkişafına təsir göstərəcək.

Millət vəkilinin uşaqpulu dərdi...

– Həfətnin ən çox müzkirə olunan və bu gün də müzkirəsi davam edən məslələrindən biri də bu idi – millər vəkili Günay Ağamalının uşaqpulu ilə bağlı açqlaması. Hər dəfə bu mövzu gündəmə gələndə, bədii dillə desək, mənim dodağıma gülüş qonur. Hakimiyyətdə dayaq axtaran adamlar qəndin qara olması ilə bağlı danışmağa başlayırlar və gülməli vəziyyətə düşürlər. Bir də admlar məni təəccübləndirir. Onlar Ana Vətən Partiyasının təmsilçisindən nə gözləyirlər? Son 20 ildə bu partiya nə vaxt geniş kütlənin rifahına xidmət edən bir təkliflə çıxış edib? Hər halda mən görməmişəm.

Bizim hörmətli millət vəkilinin arqumenti bundan ibarətdir ki, uşaqpulu verilsə, adamlar passivləşəcək, işləməyəcək. Minumum əmək haqqının 400 manat olduğu bir ölkədə nə qədər uşaqpulu verilə bilər ki, admlar ona arxayın olub işləməsin? Əgər Günay xanım doğrudan da admların ürəklə işləyib cəmiyyətə xeyir verməsinin qayğısına qalırsa, bəlkə, maaşların artırılması ilə bağlı təklif versin?

Doğrudan da elə ailələr var məbləğindən asılı olmayaraq uşaqpuluna ciddi ehtiyac duyur. İllah da o dövrdə ki, uşaqların sayında kəskin azalma var. Biz demoqrafik bir fəlakətlə üz-üzəyik.

Millər vəkilləri bu cür açıqlamalarla doğrudan da millətin vəkili olmadıqlarını göstərirlər. Məqsəd isə aydındır. Parlament mandatını qarantiyaya almaq. Bundan heç kimk imtina eləməz. Xüsusən Azərbaycanda.

Ay aman, rektor qadınları təhqir etdi!

– Kamal müəllimin açıqlaması doğrudan da gündəmə bomba kimi düşdü. Görünür, qalmaqal həm də fikir sahibinin ictimai çəkisindən asılıdır. O həm universitet rektorudur, həm Xalq yazıçısıdır, həm də akademikdir. İnsanların hər hansı fikri müzkirə, təhlil, tənqid, hətta sərt tənqid eləməsi, ona etirazını bildirməsi yaxşı haldır. Demək, hələ cəmiyyət diridir, öz taleyinə biganə deyil. Lakin bəzən biz bu sərhədləri keçirik, buradan qadın hüquqlarını qoruyuruq, oradan kiminsə fikir azadlığını tapdamış oluruq. Bəli, nüfuzlu bir şəxsin belə bir fikir səsləndirməsi heç vaxt birmənalı qarşılanmaz və mən də bu fikri müdafiə etmirəm, ancaq fikrinə görə kimisə linç eləməyin də tərəfdarı deyiləm. Əgər Kamal Abdulla rektor kimi fəaliyyətində bu fikri icra edirsə, hə, hücumlar başadüşüləndir. Məsələn, universitetin xanım tələbələrinə deyir ki, oxumayın, gedin ailə qurun, ana olun, mətbəxdə işləyin... Axı o heç kimə belə br söz demir. Ümumiyyətlə, onun bu istiqamatdə heç bir fəaliyyətini görmürük. Sadəcə belə düşünür. Gəlin səmimi etiraf edək, bir yazıçının necə düşünməsi ona qarşı hücuma əsas vermir.

İnsanların narazılığına gəlincə, bu çox həssas bir məsələdir. Azərbaycan qadını tarix boyu böyük məhrumiyyətlər yaşayıb. İstər cəmiyyət, istərsə də ailə tərəfindən həmişə sıxışdırılıb. Hamımız yaxı bilirik ki, bu gün də əksər qadınlar ciddi basqı altında yaşayırlar. Çox vaxt ictimai yerlərdə, iş yerlərində diskriminasiyaya, bəzən cinsi təcavüzə məruz qalırlar. Xüsusən ayrılmış qadınlar iş axtarında dəhşətli mənzərlərlə üzləşirlər. Şəxsən mənim bu cür dostlarım var və mənə bu haqda çox yazıblar. Belə bir məqamda çoxunun hörmətlə yanaşdığı bir elm və ədəbiyyat adamından belə bir açıqlamaya kəskin reaksiya başadüşüləndir.

Ancaq gəlin etiraf edək ki, bizim kişilərin doxsan doqquz faizi təbiətcə patriarxaldır və aşağı-yuxarı qadın-kişi bərabərliyini qəbul etmir. Biz evdə kişi hakimiyyəti ilə barışmışıq. Hamınız öz ətrafınıza baxsanız, bunu görəcəksiniz. Bzim mentalitetdə qadın və kişi bərabər deyil. Sadcə Kamal müəllim kamera qarşısında bu həqiqəti dilinə gətirdiyi üçün insnaların hədəfinə çevrilib. Gəlin müzakirəni mədəni səviyyədə aparaq, çünki qarşımızdakı ciddi elm və mədəniyyət adamıdır.

– Bakı-Tbilisi qatarı...

Bir xoş xəbər də eşitdik. Sərhəd açıldı. Bakı-Tbilisi qatarı işə başladı. Ancaq xəbərin detalları mətbuatda gedəndən sonra bir balaca xəyal qırıqlığına uğradıq. Xəttə komfort qatar buraxılıb və bilet qiymətləri çox bahadır. 80 manat deyirlər, indi məlum olur ki, heç 120 manata da bilet tapmaq olmur, bayram tətilində isə 200 manatdan da yuxarı qalxır. Xətt açılanda ən çox mən sərhəd ərazilərdə yaşayan qohum ailələr üçün sevindim. Çünki bu ailələr bir-birinin toyuna-yasına gedə bilmirdilər. İki-üç yüz metrlikdə yaşayan qohumunun yasına getmək üçün gəlməlisən Bakıya, buradan bilet alıb Tiflisə uçmalısan, oradan da maşınla öz qonşuluğuna qayıtmalısan. İndi nə baş verir? 120-200 manata o qatarla kim gedib-gələcək? Varlılar onsuz da təyyarə ilə gedirdilər də. Bizi narahat edən problem yenə həll olunmamş qalır. Hanısasa bir mütəxəssis də haqlı olaraq demişdi ki, dörd adam toplaşıb taksi tutsa, bundan ucuz düşər. Doğru deyib. Bəs niyə belədir? Məndə belə bir təəssürat var və bu təəssüratım getdikcə dərinləşir ki, aidiyyatı sahə ilə məşğul olan insanlar reallıq hissini, rəqəm duyğularını itirirlər. Onlar heç vaxt iki rəqəmlə hesab aparmırlar. On min manatdan yuxarı maaş alan millət vəlkili uşaqpulunun nə olduğunu axıracan anlaya bilməz. O heç vaxt 50, 30, hətta 20 manatın bir kasıb ailəyə necə kömək elədiyini başa düşməz. Qatar qiymətləri də beləcə. O rəqəmi təyin edənlər 80 manatla 50 manat arasındakı fərqi hiss eləmirlər. Təklif edirəm bu barədə düşünsünlər. Ən azı o coğrafiyada yaşayan və sərhədlərin tam açılmamasından əziyyət çəkən vətəndaşlar üçün güzəştlər tətbiq olunsun. Yaxud aşağı təminatlı ailələr üçün daha ucuz marşrut aşılsın. Qoy lap komfortu da aşağı olsun. Qatarlarımız Avropadakı qatarlar kimi ola bilər, əsas məsələ insanımızın o insnalar kimi yaşamasıdır. Biz parıltıya çox gedirik. Lakin mahiyyətə varanda öz maddi resurslarımızla o qatarlara layiq olmadığımızı görürük.

Nadir Qafarzadəni narahat edən “həyasızlar”...

– Sonda bir dodaqqaçdı... Müğənni Nadir Qafarzadə Moskvaya gedib... Mənim üçün toy müğənniləri yaxşı müşahidə obyektidir... Azərbaycanın ən xoşbəxt zümrələridir bunlar. Heç bir siyasi-sosial vəziyyət bunları narahat eləmir. Yağ içində böyrək kimi yaşayırlar. Hakimiyyət də çox sevir, xalq da çox sevir. Heç bir ciddi məsuliyyət də daşımırlar. Beş-altı kitab da oxumurlar kli, efirdə heç olmasa normal danışa bilsinlər. Nadir müəllim gedib ora... Görünür, toyları var. Sağlığına qismət, qaz vurub qazan doldurur və axşam hotelə gəlib uzananda birdən-birə ağlına gəlir ki, Azərbaycandakı sosial şəbəkə istifadəçiləri bir-iki faiz istisna olmaqla çox həyasızdır. Səbəb is sadədəir: sosial şəbəkələrdə ağızlarına gələni yazırlar və havalar qızmamış soyunurlar. Bir insaın cəmiyyəti anliz etmək qabiliyyətinə baxın. Girib internetdə balaca bir araşdırma aparmır ki, ölkə əhalisinin 70 faizə yaxını sosial şəbəkələrdədir. Yaşlıları, uşaqları və smartfon telefonlardan istifadə imkanları olmayan insnaları çıxsaq, haradasa, bütün əhali... Bütün xalq! Bunun isə bir faizi 70 min nəfər edir. Yəqin bunlar da Nadir müəllimi toya çağıranlardır. Məncə, Azərbaycan xalqı Nadir deyən kimi deyil, o, sadəcə sadəlövhdür – bu səviyyədə müğənniləri milyonçuya çevirdiyinə görə...

Şərhlər

Seçilən
0
1
azia.az

2Mənbələr