AZ

Azərbaycan Prezidentinin beynəlxalq aləmdə nüfuzu və siyasi çəkisi yüksək səviyyədədir ŞƏRH

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Son illər Azərbaycanın enerji siyasəti, regional əməkdaşlıq təşəbbüsləri və geosiyasi mövqeyi beynəlxalq medianın da diqqət mərkəzindədir. Xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın artan rolu dünya mediasında geniş müzakirə olunur. Bu baxımdan Prezident İlham Əliyevin beynəlxalq televiziya kanallarına verdiyi müsahibələr həm ölkənin mövqeyinin çatdırılması, həm də regional proseslərlə bağlı mesajların verilməsi baxımından əhəmiyyətli hesab edilir. “Euronews” kimi nüfuzlu platformalarda səsləndirilən fikirlər Azərbaycanın xarici siyasət prioritetləri və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə də təsəvvür yaradır.

Milli Məclisin deputatı Elman Nəsirov məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında söyləyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” televiziyasına geniş müsahibə verib:““Euronews” Avropanın ən nüfuzlu və ən geniş auditoriyaya malik informasiya platformalarından biri hesab olunur. Bu kanalda yayımlanan müsahibələr və səsləndirilən fikirlər beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurur. Azərbaycan Prezidentinin müsahibəsi də ölkəmizin beynəlxalq nüfuzunu, siyasi və iqtisadi gücünü bir daha nümayiş etdirdi. Prezident müsahibəsində vurğuladı ki, Azərbaycan artıq dünyanın ən mötəbər beynəlxalq tədbirlərinə uğurla ev sahibliyi edən ölkələrdən birinə çevrilib. Hazırda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi də bunun bariz nümunəsidir. Prezident İlham Əliyev qeyd etdi ki, COP29-dan sonra bu tədbir ölkədə keçirilən ən yüksək səviyyəli beynəlxalq forumlardan biridir və onun mühüm nəticələr verəcəyi gözlənilir. Bu cür tədbirlərin Azərbaycanda təşkil olunması ölkənin beynəlxalq arenada artan nüfuzunun göstəricisi kimi qiymətləndirilir. Müsahibədə əsas diqqət çəkən mövzulardan biri də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol oldu. Dövlət başçısı bildirdi ki, Azərbaycan hazırda dünyanın 16 ölkəsinə qaz ixrac edir. Onlardan 10-u Avropa İttifaqı ölkəsidir və ümumilikdə 12 Avropa dövlətinə Azərbaycan qazı çatdırılır. Hazırda ölkəmiz hər il təxminən 25 milyard kubmetr qaz ixrac edir və bunun yarıya yaxın hissəsi Avropa bazarının payına düşür. Prezident qeyd etdi ki, 2027-ci ilə qədər Azərbaycan Avropa İttifaqı ölkələrinə qaz ixracını 20 milyard kubmetrə çatdırmağı planlaşdırır”.O deyib ki, Çexiya özünün neftə olan tələbatının 42 faizini Azərbaycan hesabına ödəyir:“Bununla yanaşı, Çexiya qaz sahəsində də Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu ifadə edib. Artıq Azərbaycan Almaniya və Avstriyaya da qaz ixracına başlayıb. Qarşıdakı bir-iki il ərzində yeni yataqlardan əlavə 10-15 milyard kubmetr qaz hasil olunmasının gözlənildiyi bildirildi. Bu isə Cənub Qaz Dəhlizinin daha da genişləndirilməsinə və Avropanın enerji təhlükəsizliyinə daha böyük töhfələrin verilməsinə imkan yaradacaq. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biri enerji marşrutlarının şaxələndirilməsidir. Azərbaycan bu siyasəti uğurla həyata keçirərək enerji ixracında etibarlı tərəfdaş mövqeyini daha da gücləndirib. Hazırda qazın müxtəlif marşrutlarla nəqlində Azərbaycan mühüm üstünlüyə malik ölkələrdən biri sayılır. Müsahibədə iqtisadi əlaqələrə də toxunulub. Bildirilib ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa ölkələrinin payına düşür. Bu da Avropa dövlətlərinin Azərbaycanın əsas ticarət tərəfdaşları olduğunu göstərir. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan Prezidentinin beynəlxalq aləmdə nüfuzu və siyasi çəkisi yüksək səviyyədədir. “Euronews” kanalında səsləndirilən suallar və Prezident İlham Əliyevin verdiyi cavablar göstərdi ki, bu gün Azərbaycanın beynəlxalq arenada sözü keçərlidir və ölkəmiz qlobal təhlükəsizlik, enerji əməkdaşlığı və beynəlxalq sabitlik məsələlərində mühüm rol oynayır. Müsahibədə regional sülh məsələsinə də xüsusi diqqət yetirildi. Qeyd olundu ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması artıq real görünür. Sülh müqaviləsinin paraflandığı və praktiki addımların atıldığı bildirildi. Mövcud reallıqlar fonunda yaxın dövrdə yekun sülh sazişinin imzalanması və regionda uzunmüddətli, dayanıqlı sülhün təmin olunması mümkün hesab edilir”.Politoloq Zeynal Əmrəliyev bildirib ki, Azərbaycanın enerji təhlükəsizliyi istiqamətində həyata keçirdiyi siyasət hazırda beynəlxalq səviyyədə mühüm əhəmiyyət daşıyır:“Azərbaycan bu gün dünyada enerji sabitliyinin qorunmasında aktiv iştirak edən əsas ölkələrdən biri kimi çıxış edir. Xüsusilə də Rusiya-Ukrayna müharibəsindən sonra Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu daha da artıb. Bu istiqamətdə rəsmi Bakı ardıcıl və məqsədyönlü addımlar atır. Dövlət başçısının “Euronews” kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər də göstərir ki, Azərbaycan gələcək dövrdə enerji siyasətini daha da genişləndirmək və yeni əməkdaşlıq münasibətləri qurmaq niyyətindədir. Prezident İlham Əliyevin açıqlamaları onu deməyə əsas verir ki, Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində fəal rol oynamaqda davam edəcək. Bununla yanaşı, digər region ölkələri ilə də enerji sahəsində yeni strateji tərəfdaşlıqların qurulması gözlənilir. Hazırda mövcud enerji marşrutlarının genişləndirilməsi ilə yanaşı, gələcəkdə yeni enerji xətlərinin çəkilməsi və yeni layihələrin reallaşdırılması da mümkündür”.O vurğulayıb ki, Azərbaycanın bu istiqamətdə kifayət qədər böyük potensialı mövcuddur:“Son dövrlərdə ölkəmiz enerji istehsalçısı olan dövlətlərlə, xüsusilə də Körfəz ölkələri ilə geniş əməkdaşlıq əlaqələri qurur. Qarşılıqlı əməkdaşlıq çərçivəsində enerji sahəsində yeni layihələrin həyata keçirilməsi də gündəmdədir. Eyni zamanda Azərbaycan alternativ enerji mənbələrinin inkişafına da xüsusi önəm verir. Ölkədə həm külək, həm də günəş enerjisindən istifadə ilə bağlı mühüm layihələr icra olunur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonalarının yaradılması istiqamətində geniş miqyaslı işlər aparılır. Bu layihələrin əsas məqsədi gələcəkdə həmin bölgələrdə alternativ enerji mənbələrindən tam istifadənin təmin edilməsidir. Mövcud planlara əsasən, 2050-ci ilə qədər işğaldan azad edilmiş ərazilərin tam şəkildə alternativ enerji resursları hesabına təmin olunacağı gözlənilir”.Leyla Turan

Demokrat.azQeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqamətində hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
96
demokrat.az

1Mənbələr