AZ

CBS: ABŞ 3 gün ərzində İrana yeni zərbələrə hazırlaşır

BAKI, 23 may. TELEQRAF

ABŞ administrasiyası yaxın üç gün ərzində İrana qarşı mümkün yeni hərbi əməliyyatlara hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon və ABŞ kəşfiyyat icmasının bəzi nümayəndələri mümkün hücum ehtimalına görə ABŞ-də mayın 25-də qeyd olunacaq Anım Günü münasibətilə nəzərdə tutulan üç günlük istirahət planlarını ləğv ediblər.

Telekanalın məlumatında bildirilir ki, ABŞ Müdafiə Nazirliyi və kəşfiyyat strukturları Yaxın Şərqdə yerləşən bəzi bölmələrin əməliyyat zonasından çıxarılması fonunda xaricdəki Amerika hərbi obyektlərində şəxsi heyətlə bağlı siyahıları yeniləməyə başlayıblar.

Qeyd olunur ki, bu addım İranın mümkün cavab tədbirləri ilə bağlı narahatlıqlar səbəbindən bölgədə ABŞ hərbi iştirakının azaldılması məqsədi daşıyır.

CBS vurğulayır ki, cümə axşamı axşamına olan məlumata əsasən, İrana qarşı yeni zərbələrlə bağlı yekun qərar hələ qəbul edilməyib.

Bundan əvvəl “Axios” portalı ABŞ Prezidenti Donald Trump-ın İranla danışıqların gedişindən narazı olduğu üçün yeni zərbələrə meylləndiyini yazmışdı.

Məlumata görə, Tramp vitse-prezident Cey Di Vens, Pentaqon rəhbəri Pit Heqset, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və digər yüksəkvəzifəli şəxslərin iştirakı ilə müşavirə keçirib.

Müşavirədə İranla danışıqların vəziyyəti və onların uğursuzluğa düçar olacağı təqdirdə mümkün ssenarilər müzakirə olunub.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də Donald Tramp İranla qarşılıqlı iki həftəlik atəşkəs elan edib.

Tehranın məlumatına görə, 40 gün davam edən müharibə zamanı ABŞ-İsrail zərbələri nəticəsində 3 min 375 iranlı həlak olub.

Aprelin 11-də Tehran və Vaşinqton arasında İslamabadda danışıqlar keçirilsə də, tərəflər uzunmüddətli razılaşma əldə edə bilməyiblər.

İran dövlət televiziyası isə Tehranın Vaşinqtonun birtərəfli qaydada uzatdığı atəşkəsi tanımayacağını bildirib.

Seçilən
42
teleqraf.com

1Mənbələr