AZ

Tulsi Qabbard istefasını Trampa təqdim etdi

Tulsi Qabbard istefasını Trampa təqdim etdi

ABŞ-ın Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard həyat yoldaşının səhhəti ilə bağlı vəziyyəti əsas gətirərək istefasını Prezident Donald Trampa təqdim edib.

AFN.az xəbər verir ki, Qabbard sosial media hesabında Prezident Trampa təqdim etdiyi istefa məktubunu paylaşıb.

Məktubunda ona verilən vəzifəyə görə Trampa təşəkkürünü bildirən Qabbard həyat yoldaşı Abrahama yaxın zamanda çox nadir rast gəlinən bir sümük xərçəngi növü diaqnozu qoyulduğunu, qarşıdakı həftələr və aylarda onu böyük çətinliklərin gözlədiyini və bu mübarizə dövründə onun yanında olub tam dəstək verə bilmək üçün dövlət xidmətindən ayrılmalı olduğunu qeyd edib.

Qabbard məktubunda bu çətin dövrdə həyat yoldaşını tək qoymaq istəmədiyini ifadə edərək, Trampa müraciətlə liderlik və ya işin gedişatı baxımından hər hansı bir axsamaya yol verməmək üçün vəzifə təhvilinin problemsiz həyata keçirilməsinə özünü həsr etdiyini və bu şəxsi prosesdə göstərdiyi anlayış üçün ona təşəkkür etdiyini vurğulayıb.

ABŞ Prezidenti Tramp Qabbardın istefa məktubunu paylaşmasından dəqiqələr sonra "Truth Social" hesabından etdiyi açıqlamada Qabbardın əla iş gördüyünü, lakin 30 iyun tarixindən etibarən administrasiyadan ayrılacağını bildirərək, onun həyat yoldaşının sağlamlıq mübarizəsində yanında olmaq istəməsini haqlı hesab etdiyini ifadə edib.

Tulsi Qabbard üçün darıxacaqlarını deyən Tramp Milli Kəşfiyyat Direktorluğunun Baş Direktor müavini Aaron Lukasın Milli Kəşfiyyat Direktoru vəzifəsini icra edən şəxs kimi fəaliyyət göstərəcəyini elan edib.

ABŞ mətbuatında daha əvvəl yayımlanan xəbərlərdə isə Qabbardın köməkçisi Co Kent kimi ABŞ-ın İrana yönəlik hücumlarına qarşı olduğu və Ağ Ev rəsmilərinin onu Venesuela ilə bağlı əməliyyat müzakirələrindən kənarda tutaraq, Trampın həssas planlaşdırma proseslərində ona tam etimad göstərmədiyi iddiaları yer almışdı.

Seçilən
87
afn.az

1Mənbələr