525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı ətrafı ərazilərdə metro stansiyalarının tikilməsi məsələsi uzun müddətdir müzakirə olunur. Xüsusilə Binəqədi, Yeni Günəşli, Xırdalan və Masazır kimi ərazilərə metro xəttinin çəkilib-çəkilməyəcəyi ictimaiyyəti daim maraqlandırır. "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov "ATV Aktual" verilişində bu məsələyə münasibət bildirib. O deyib ki, metro elə bir nəqliyyat növüdür ki, həm sürətinə, həm intervalına, həm də rahatlığına görə hər kəs onu öz evinin yanında istəyir: "Amma nəzərə alsaq ki, digər nəqliyyat növləri ilə müqayisədə metro ən bahalı investisiya tələb edən infrastruktur obyektidir, yeni stansiyaların yerləri müəyyənləşdirilən zaman çox ciddi təhlillər aparılır".
Onun sözlərinə görə, şəhər ətrafında yeni metro stansiyalarının tikilməsi mərkəzdə nəqliyyat yükünü daha da artıra bilər: "Binəqədi, Bakıxanov qəsəbəsi, Qaraçuxur, Yeni Yasamal kimi yerlərdə metro stansiyası tikilsə, həmin vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində isə onsuz da artıq yüklənmiş infrastruktur tamamilə iflic vəziyyətinə düşə bilər. Ona görə ilkin məqsəd şəhərin mərkəzini şaxələndirmək, şəhərin mərkəzinə bir neçə alternativ istiqamət üzrə gəlməyi təmin etməkdir. Ondan sonra digər əraziləri həmin şəbəkəyə qoşmaq mümkün ola bilər".
V.Aslanov qeyd edib ki, Xırdalan və Masazır istiqamətində metro xəttinin çəkilməsi üçün hazırda uyğun infrastruktur yoxdur.
Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, Bakıda nəqliyyat sıxlığının azaldılması üçün ən effektiv addımlardan biri metro infrastrukturunun genişləndirilməsidir. Əsas məqsəd insanları şəxsi avtomobillərdən uzaqlaşdıraraq ictimai nəqliyyata yönəltməkdir: "İctimai nəqliyyatın əsas növləri metro və avtobusdur, gələcəkdə tramvay xətlərinin də istifadəsi nəzərdə tutulur. İnsanlar nə qədər çox ictimai nəqliyyatdan istifadə etsələr, şəhərdə nəqliyyat yükü bir o qədər azalacaq. Lakin bunun üçün ictimai nəqliyyat əlçatan və cəlbedici olmalıdır. Metro stansiyalarının tikintisi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu istiqamətdə işlərin sürətləndirilməsi faydalı olar".
Ekspert əlavə edib ki, 2030-2040-cı illər metro şəbəkəsinin inkişafı mərhələli şəkildə həyata keçiriləcək: "Proqram üç mərhələdə icra olunacaq və nəticədə metro stansiyalarının sayının 50-dən çox olması planlaşdırılır. Bu isə Bakının təxminən 70-80 faizinin metro şəbəkəsi ilə əhatə olunmasına imkan verə bilər. Əgər paralel olaraq digər nəqliyyat layihələri də reallaşdırılsa, 70 stansiyadan ibarət metro sistemi paytaxt üçün mükəmməldir".
İqtisadçı ekspert Akif Nəsirli bildirir ki, şəhər planlanması, nəqliyyat siyasəti və ictimai mənafelər arasında dərin bir dilemma mövcuddur: "Ona görə də məsələyə çoxşaxəli yanaşmaq lazımdır. Şəhərin mərkəz hissəsinin çox yükləndiyi doğrudur. Xüsusilə "28 May" metrostansiyası və onun ətrafı hər gün milyonlarla insanın keçdiyi fövqəladə intensiv hərəkətli bir hissədir".
Ekspertə görə, metropolitenin mərkəzə yeni bir xətt çəkməsi nəzəri olaraq sıxlığı daha da artıra bilər. Onun fikrincə, şəhərin mərkəzində sıxlığı azaltmaq istənilirsə, yeni metro xətləri çəkmək deyil, tam əksi strategiya tətbiq olunmalıdır: "Mərkəz xaricində yaşayan insanların işlərinə, əyləncə yerlərinə və xidmətlərə çatmalarına maneə yaratmaq əslində sıxlığı daha da ağırlaşdırır. Masazır, Binəqədi və Xırdalan kimi ərazilərdə yaşayan insanlar alternativ nəqliyyatsız qaldıqda avtomobildən istifadəyə məcbur olurlar. Bu isə yol sıxlığını, ətraf mühitə ziyanı və fərdi nəqliyyatın üzərindəki yükü artırır".
İqtisadçının sözlərinə görə, şəhər büyüdükcə, sıxlıq bərabər paylaşılmalıdır: "Nəticə olaraq Aslanovun fikrini bu şəkildə haqlı saymaq çətindir. Sıxlıq problemi real olsa da, həlli üsulu olaraq periferik ərazilərdə yaşayan insanları rahat nəqliyyatdan məhrum etmək son dərəcə qiyməti olmayan bir həll təklifidir. Dünya şəhərləri əksər hallarda mərkəz sıxlığını mərkəz xarici xətlər, yol sistemləri və alt mərkəzlər yaradaraq azaldır. İnsanları nəqliyyat vasitəsindən məhrum buraxmaq doğru strategiya deyil".
Sevinc QARAYEVA
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.