AZ

Kremldən İrəvana qarşı daha bir zərbə: "Cermuk" suyu bazardan silindi

Rusiyada Ermənistan istehsalı olan “Cermuk” mineral suyunun idxalı və satışı yenidən dayandırılıb.

Musavat.com xəbər verir ki, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti – “Rospotrebnadzor” məhsulun tərkibində hidrokarbonatın miqdarının normadan artıq olduğunu açıqlayıb.

Məlumata görə, aparılan yoxlamalar zamanı məhsulun göstəricilərinin etiketdə qeyd olunan məlumatlara uyğun gəlmədiyi müəyyən edilib. Qurum bunu Avrasiya İqtisadi İttifaqının Qablaşdırılmış içməli suyun, o cümlədən təbii mineral suyun təhlükəsizliyi haqqında texniki reqlamentinin pozulması kimi qiymətləndirib.

“Rospotrebnadzor” qeyd edib ki, məhsulun müalicəvi xüsusiyyətləri ilə bağlı istehlakçıların yanlış məlumatlandırılması sağlamlığın pisləşməsinə və qeyri-effektiv müalicəyə səbəb ola bilər.

Qurum bununla bağlı Avrasiya İqtisadi Komissiyasına və Aİİ-yə üzv dövlətlərin səlahiyyətli orqanlarına rəsmi bildiriş göndərib.

Qeyd edək ki, son günlər Rusiya ilə Ermənistan arasında siyasi gərginlik daha da artıb. Moskva artıq Ermənistandan gül idxalını dayandırıb. Rusiya mediasında yayılan məlumatlara görə, Kreml meyvə-tərəvəz idxalı ilə bağlı da yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.

 

Musavat.com

Seçilən
83
musavat.com

1Mənbələr