AZ

WUF13-də Azərbaycanın “Böyük Qayıdış” modeli beynəlxalq dəstək qazandı

Azərbaycanın post-münaqişə bərpası sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəkləndi.

WUF13 Azərbaycanın “Böyük Qayıdış” çərçivəsində formalaşdırdığı şəhərsalma modelinin beynəlxalq standartlara çevrilməsi yolunda mühüm mərhələ oldu.

Musavat.com xəbər verir ki, bu gün Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü sessiyası (WUF13) yekun sənədlərin qəbulu ilə öz işini başa çatdırdı. Mötəbər beynəlxalq forum tərəfindən qəbul edilmiş “Bakı Fəaliyyətə Çağırışı”nda və nazirlər görüşünün yekun sənədində Azərbaycanın irəli sürdüyü “Təhlükəsiz Qayıdış üçün Ağıllı və Dayanıqlı Məskunlaşma Həlləri Paketi” (4SRP) təşəbbüsü dəstəkləndi.

Yüksək səviyyəli görüşün xülasəsində nazirlərin “WUF13 çərçivəsində Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Bakı İqlim və Sülh Mərkəzi (Bakı Mərkəzi) ilə birgə hazırladığı “Təhlükəsiz Qayıdış üçün Ağıllı və Dayanıqlı Məskunlaşma Həlləri Paketi” (4SRP) təşəbbüsünü alqışladıqları” qeyd olunub. Qlobal miqyasda növbəti iki il üçün şəhərsalma siyasəti üzrə əsas tövsiyələri özündə əks etdirən “Bakı Fəaliyyətə Çağırışı” da 4SRP təşəbbüsünün əsas məqsədlərini təsdiqləyərək bildirir: “Biz yenidənqurma və bərpa səylərinin prioritetləşdirilməsi və nəticə etibarilə məcburi köçkünlərin öz evlərinə qayıdışı üçün əlaqələndirilmiş yanaşmaya çağırırıq.”

Qeyd olunan təşəbbüs 19 may 2026-cı il tarixində WUF13 çərçivəsində keçirilmiş yüksək səviyyəli panel zamanı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən UN-Habitat, BMqT və Baku Hub ilə birgə irəli sürülmüşdür.

Təşəbbüs iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası, məcburi köç, münaqişə və humanitar həssaslıq kimi bir-biri ilə əlaqəli çağırışlara cavab olaraq inteqrasiya olunmuş şəhərsalma və bərpa yanaşmalarının hazırlanmasını nəzərdə tutur.

Təşəbbüs tərəfdaşlarının vurğuladığı kimi, sözügedən yanaşmaları ehtiva edəcək beynəlxalq standartların formalaşdırılması prosesində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi genişmiqyaslı bərpa işləri, post-münaqişə şəraitində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi üzrə təcrübəsindən geniş istifadə olunacaqdır.

Eyni zamanda, təşəbbüs post-münaqişə və həssas regionlar üçün praktiki şəhərsalma modellərinin hazırlanması, onların beynəlxalq səviyyədə təşviqi, eləcə də iqlim və inkişaf maliyyəsinə çıxış imkanlarının asanlaşdırılması baxımından mühüm platforma kimi qiymətləndirilir.

Nigar Həsənli
Musavat.com

 

Seçilən
6
7
musavat.com

10Mənbələr