İctimai adamlar danışıqlarına fikir verməlidirlər, dediklərini 1000 dəfə ölçməlidirlər.
News365.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov öz sosial şəbəkə hesabında bildirib.
O, qeyd edib ki, adi adamın dediyi özünə aiddirsə, deputatın, ictimai adamın dediyi ictimai məsuliyyəti ortaya qoyur:
“Adi insanın səhvi bəzən yalnız öz taleyinə toxunur, amma deputatın, siyasətçinin və ya ictimai fiqurun düşünülməmiş bir cümləsi ictimai şüuru zədələyə, etimadı sarsıda, dövlətin mənəvi dayaqlarında çat yarada bilər. Çünki dövlət dərin anlayışdır — bunu isə hər kəs başa düşməz, daha doğrusu qavraya bilməz! Ona görə də ictimai mövqedə olan insan danışmazdan əvvəl yalnız nə deməyi deyil, dediyinin cəmiyyətə hansı mənəvi və siyasi nəticə verəcəyini də düşünməlidir”.
Politoloqun sözlərinə görə, dövlətə belə danışanlar qismində müdafiəçi Iazım deyil. Dövlətin imicinə zərər verən, ictimaiyyətə mübahisə üçün mövzu vermək xidmət ola bilməz.
“Bunu edənlər, bu gün də, dünən də, - dayaz düşünənlər, savadı aşağı olanlar, dövlətçiliyin nə olduğunu bilməyənlərdir. Azərbaycanda sosial siyasət yalnız müəyyən dövrləri əhatə edən idarəetmə modeli deyil, dövlət strategiyasının əsas sütunlarından biridir. Bu siyasət çoxşaxəli, sistemli və davamlı xarakter daşıyır. Əhalinin sosial rifahının qorunması, həssas təbəqələrin müdafiəsi, məşğulluğun artırılması, səhiyyə, təhsil və sosial təminat mexanizmlərinin gücləndirilməsi dövlət siyasətinin ayrılmaz istiqamətlərinə çevrilib”.
Zaur Məmmədov qeyd edib ki, bu gün ölkəmizdə körpələrə və uşaqlara qayğı, dövlət tərbiyələndirilməsi lazımi səviyyədə davam edir. Uşaqların müdafiəsi, erkən inkişafı, məktəbəqədər hazırlığı və sosial rifahı istiqamətində görülən işlər dövlətin humanist və məsuliyyətli yanaşmasının göstəricisidir. Körpələrin sağlam böyüməsi, uşaqların təhlükəsiz mühitdə yetişməsi və milli-mənəvi dəyərlərlə tərbiyələndirilməsi istiqamətində sistemli siyasətin davam etdirilməsi cəmiyyətin gələcəyinə qoyulan ən mühüm sərmayələrdən hesab olunur.