AZ

“Vaşinqton və Tehran arasında təmaslar var” AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Amerika ilə İran arasında müəyyən danışıqların getdiyi hiss olunur. Yəni ABŞ Prezidenti Donald Trampın açıqlamalarından, eyni zamanda G7 nümayəndələrinin mövqelərindən belə başa düşülür ki, İran daxilində müəyyən dairələrlə təmaslar mövcuddur. Sadəcə olaraq, bu danışıqların detalları ictimaiyyətə tam açıqlanmır. Trampın “indi danışdığı insanların əvvəlkilərdən daha ağıllı və daha rasional olduğu” barədə fikirləri də müəyyən təmasların mövcudluğuna işarə kimi görünür".

Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Əli Mustafa bildirdi.

Onun sözlərinə görə, hazırda Həcc ziyarəti dövrü yaxınlaşır və ehtimal etmək olar ki, ABŞ müsəlman dünyası üçün həssas sayılan belə bir mərhələdə İranla açıq hərbi qarşıdurmaya getməyə çalışmaz:

"Bu baxımdan mümkündür ki, Həcc mərasimindən sonra daha fəal proseslər başlasın. Buraya həm hərbi ssenarilər, həm də diplomatik təmasların intensivləşməsi daxil ola bilər. Görünən odur ki, müəyyən danışıqlar gedir və tərəflərin birbaşa, yaxud vasitəçilər üzərindən təmasları istisna deyil. Bəzən bu cür proseslərdə tərəflər eyni masada oturmur, ayrı-ayrı otaqlarda olur və vasitəçilər mesajları qarşı tərəfə çatdırırlar. Çinə gəldikdə isə, düşünürəm ki, Çin də bu proseslərin içində müəyyən formada iştirak edir. Amma Çinin ABŞ-İran münasibətlərində hansı səviyyədə maraqlı olduğu mübahisəli məsələdir. Çünki burada ABŞ-İran münasibətləri müəyyən mənada ABŞ-Çin münasibətləri ilə də bağlıdır. Çin ABŞ-nin öz üzərinə daha sərt şəkildə gəlməsini istəmir və bu mənada İran faktorunun Vaşinqtonu müəyyən qədər məşğul saxlaması Pekinin maraqlarına uyğun ola bilər".

Müsahibimizin fikrincə, Trampın son səfərlərindən sonra müəyyən anlaşmaların əldə olunması ehtimalı da istisna deyil.

"Məsələn, Çinin İrana birbaşa hərbi dəstək verməməsi ilə bağlı mesajları və bunun qarşılığında ABŞ-nin Tayvan məsələsində müəyyən yumşaq yanaşmalar sərgiləməsi ehtimalı müxtəlif müzakirələrə səbəb olur. Bu baxımdan proses müəyyən mənada ABŞ-Çin anlaşmasının elementləri kimi də qiymətləndirilə bilər. Belə bir vəziyyətdə İran ya amerikalılarla müəyyən razılığa gələ, ya da ən azı danışıqlar masasını tam tərk etməməyə çalışa bilər. Bununla yanaşı, prosesin necə yekunlaşacağını proqnozlaşdırmaq asan deyil. Çünki İran hələ də kifayət qədər sərt ritorikadan istifadə edir. Hörmüz boğazı ilə bağlı açıqlamalar və digər regional məsələlərdə Tehran geri addım atan tərəf təsiri bağışlamır. Amma bütün hallarda müəyyən hərəkətlilik müşahidə olunur və danışıqların hansısa nəticə verməsi ehtimalı qalır. Digər tərəfdən, yeni dünya düzəni kontekstindən baxdıqda prosesin tam dayanması ehtimalı aşağı görünür. Daha çox uzunmüddətli geosiyasi qarşıdurma, güc balansının formalaşması və yeni düzənin qurulması uğrunda mübarizə müşahidə edilə bilər. Hazırda əsas məsələ proseslərin hansı istiqamətdə inkişaf edəcəyini izləməkdir", - deyə siyasətçi yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
1
redaktor.az

2Mənbələr