AZ

İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq Deputat

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “X” hesabında Zəngəzur dəhlizi ilə bağlı absurd açıqlama verib. “Zəngəzur dəhlizi ilə bağlı xəritəni Vaşinqton yox, Tehran müəyyən edir”, - deyə o bildirib.

İranlı siyasətçinin açıqlamasına münasibət bildirən Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a dedi ki, Vilayəti İranın xarici işlər naziri olub və diplomatiyanın, diplomatik leksikonun incəliklərinə yaxşı bələddir:

"Zəngəzur dəhlizi ilə bağlı bu gün baş verən və baş verməli olan proseslərin təhrif olunaraq yenidən gündəmə gətirilməsi mənə görə peşəkar diplomat və siyasətçi üçün ciddi qüsurdur. Əgər Əli Əkbər Vilayəti həqiqətən vətənpərvərdirsə, qoy əvvəlcə Hörmüz körfəzindən danışsın, İranın gələcəyi ilə bağlı fikirlərini açıqlasın. İranda əhalinin gündən-günə ağırlaşan sosial vəziyyətindən, maliyyə sistemindəki problemlərdən danışsın. Məncə, ilk növbədə bu məsələlər və körfəz ölkələri ilə münasibətlərdəki problemlər həll olunmalıdır. Yalnız bundan sonra Zəngəzur məsələsinə münasibət bildirmək daha məntiqli olar".

Millət vəkilinin fikrincə, burada söhbət müəyyən mənada “psixodiplomatiya”dan gedir və bu yanaşma İran diplomatiyasına, xarici siyasətinə zərbə vurur:

"Bu, qonşularla münasibətləri gərginləşdirmək cəhdidir və İranda yaşayan milyonlarla azərbaycanlı belə açıqlamaları Əli Əkbər Vilayətiyə bağışlamayacaq. Gün gələcək, bu açıqlamaların hansı məqsədlə verildiyi barədə suallar ona və onun kimi danışan siyasətçilərə ünvanlanacaq. Nəticə etibarilə, Zəngəzur dəhlizinin açılması İranda yaşayan milyonlarla insanın rifahına da xidmət edir. Eyni zamanda Araz dəhlizinin açılması da İranda yaşayan azərbaycanlıların və ümumilikdə İran vətəndaşlarının maraqlarına cavab verir. Əgər bu dəhlizlərdən biri reallaşmayacaqsa, digərinin də həyata keçməsi çətin olacaq. Ona görə də Əli Əkbər Vilayəti dediklərini daha diqqətlə ölçüb-biçərək səsləndirsə, daha düzgün olar. Görünür, o, müəyyən fars radikal şovinist və imperialist dairələrinin maraqlarına uyğun açıqlamalar verir ki, bu da İran xalqlarının ümumi mənafelərinə ziddir".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
1
redaktor.az

2Mənbələr