AZ

"Brüsselin Cənubi Qafqaz siyasəti iflic oldu" - Deputat

"Avropa Parlamentində Azərbaycanla bağlı aparılan son müzakirələr Brüsselin Cənubi Qafqaz siyasətinin dərin böhran içində olduğunu bir daha üzə çıxardı. İclasda çıxış edən bir sıra avropalı deputatlar Aİ-nin regiona yönəlik fəaliyyətini sərt tənqid atəşinə tutaraq, rəsmi Bakının Avropa Parlamenti və Avronest Parlament Assambleyası ilə əməkdaşlığı dayandırmaq qərarını Brüsselin kobud siyasi səhvlərinin birbaşa nəticəsi kimi qiymətləndiriblər.

Avropalı parlamentarilər açıq şəkildə etiraf ediblər ki, Aİ-nin regionda balanslaşdırılmış mövqe nümayiş etdirə bilməməsi və hadisələrə qərəzli, ideoloji prizmadan yanaşması Cənubi Qafqazda formalaşan yeni reallıqlara tamamilə ziddir. Bu cür birtərəfli yanaşma regionda dayanıqlı sülhün əldə olunması prosesinə ciddi zərbə vurmaqla yanaşı, Avropa İttifaqının subyektiv bir tərəf kimi geosiyasi nüfuzunu da itirməsinə səbəb olur".

Bu sözləri  Musavat.com-a deputat Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, Avropa Parlamentinin daxilində səslənən bu etiraflar Qərbin müəyyən dairələrinin yürütdüyü qeyri-konstruktiv siyasətin iflası deməkdir: "Avropalı deputatların reallığı əks etdirən bu çıxışları göstərir ki, Brüsselin sülh prosesində vasitəçilik missiyasına kölgə salan addımları elə Avropanın özündə də ciddi narazılıq və təəssüf doğurur. Azərbaycan hər zaman bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın tərəfdarı olub. Lakin bəzi avropalı siyasətçilərin regiondakı reallıqları təhrif etmək, Ermənistanın destruktiv addımlarına göz yummaq və Azərbaycana qarşı əsassız təzyiq rıçaqları axtarmaq cəhdləri rəsmi Bakının sərt və prinsipial cavabı ilə qarşılaşdı. Əməkdaşlığın dondurulması birtərəfli sənədlərə və qərəzli bəyanatlara qarşı qətiyyətli bir xəbərdarlıq addımı idi".

Müzakirələr zamanı Azərbaycanın Avropa üçün sadəcə bir tərəfdaş deyil, həm də əvəzolunmaz strateji qüvvə olduğunun xüsusi qeyd edildiyini diqqətə çatdıran Vüqar İskəndərov vurğulayıb ki, Bakı ilə münasibətləri korlamaq Avropanın öz maraqlarına zərbə vurur:

"Avropa Parlamentinin tribunasından da qeyd olunduğu kimi, Azərbaycan bu gün qitənin enerji təhlükəsizliyinin təmin olunmasında, xüsusilə alternativ qaz mənbələrinin çatdırılmasında fundamental rol oynayır. Bununla yanaşı, qlobal logistika xəritəsini dəyişən 'Orta Dəhliz' layihəsinin əsas hərəkətverici qüvvəsi məhz Azərbaycandır. Şərqlə Qərbi birləşdirən bu strateji marşrut regional təhlükəsizlik və iqtisadi platforma kimi Avropanın gələcək rəqabətədavamlılığı üçün həyati əhəmiyyət kəsb edir. Brüssel dərk etməlidir ki, regional əməkdaşlığın mərkəzində dayanan güclü Azərbaycanı kənarda qoymaqla Cənubi Qafqazda hər hansı bir uğura imza atmaq qeyri-mümkündür".

Sonda deputat qeyd edib ki, Aİ daxilindəki sağlam düşüncəli qüvvələr artıq reallığı qəbul edirlər. Avropa strukturları təzyiq və diktə dilindən əl çəkməli, Cənubi Qafqazda sülhün və tərəqqinin tək ünvanı olan Azərbaycanla münasibətləri real strateji tərəfdaşlıq zəminində yenidən qurmalıdır. Əks təqdirdə, Avropa İttifaqı regiondakı proseslərdən tamamilə təcrid olunmaq riski ilə üz-üzə qalacaq".

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
47
musavat.com

1Mənbələr