Mayın 22-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Resurs səmərəliliyi və davamlılığın kəsişməsində mənzil” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sessiyada iqlim və resurs qıtlığı ilə üzləşən şəhərlər üçün praktiki mənzil həlləri tapmaq məqsədilə innovativ dizayn, materialların təkrar dövriyyəsi və dözümlülük yanaşması arasındakı əlaqələr araşdırılıb.
Müzakirələrdə Birləşmiş Millətlər Universiteti - Material Axınlarının və Resursların İnteqrə olunmuş İdarəedilməsi İnstitutunun (UNU-FLORES) direktoru Edeltraud Guenther, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Şəhərlər Bölməsinin rəhbəri Gülnarə Roll, UN-Habitat Şəhər Dayanıqlılığı Qlobal Proqramının rəhbəri Esteban Leon çıxış ediblər.
Bildirilib ki, çox vaxt biz yalnız materialların təkrar emal potensialı haqqında düşünürük, lakin birbaşa tullantıların özündən bina inşa etməyi nəzərə almırıq. Yaxud da enerjinin, materialın və maliyyə resurslarının israf olunmasının qarşısını almaq barədə, yəni bütövlükdə resurslara qənaət edilməsi haqqında kifayət qədər düşünmürük. Bu isə o deməkdir ki, biz resursların idarə olunmasını ekoloji amillərlə yanaşı, həm də sosial ölçüyə, yəni insanların, eləcə də şəhər və kənd sakinlərinin həyat qaynaqlarına diqqət yetirərək daha əhatəli bir perspektivdən formalaşdırmalıyıq. Bu yanaşma, eyni zamanda, ədalətlilik prinsipinə riayət etməyi və həqiqətən də uzunmüddətli düşünməyi tələb edir.