AZ

WUF14 Meksikada olacaq

"Böyük məmnuniyyətlə qeyd edirik ki, 14 ildən sonra Ümumdünya Şəhərsalma Forumu yenidən Latın Amerikasına qayıdır. Sonuncu dəfə bu forum Kolumbiyanın Medellin şəhərində keçirilib. Eyni zamanda, WUF14-ün xüsusi əhəmiyyəti ondan ibarətdir ki, o, 2030-cu ilə qədər keçiriləcək son forum olacaq". Bu sözləri Meksikanın Azərbaycandakı səfiriMariya Viktoriya Romero Kabalyero WUF13-ün yekun mətbuat konfransında söyləyib.

Səfir deyib ki, Mexiko şəhəri hökuməti BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birlikdə WUF14 üçün idarəetmə modellərinin hazırlanması, strateji istiqamətlərin müəyyənləşdirilməsi və təşkilati işlərin həyata keçirilməsi istiqamətində koordinasiya işlərinə başlayacaq, həmçinin bu prosesdə bütün maraqlı tərəflərlə sıx əməkdaşlıq ediləcək.


- Meksika hökuməti və Mexiko şəhəri adından Azərbaycanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkilinə görə ürəkdən təbrik edirəm. Sizin dəstəyinizə, qonaqpərvərliyinizə və burada keçirdiyimiz vaxtın uğurlu olmasına yaratdığınız şəraitə görə dərin minnətdarlığımızı bildiririk. Biz bir daha Azərbaycan xalqının qonaqpərvərliyinin şahidi olduq. Xüsusilə gənc könüllülər bizə böyük dəstək göstərdilər, istiqamət verdilər və fikir mübadiləsi aparmaqda kömək etdilər. Onlara xüsusi təşəkkürümü bildirirəm,- diplomat bildirib.

Mariya Viktoriya Romero Kabalyero çıxışını ölkəsində məşhur olan “Mənim evim sənin evindir” ( “Mi casa es tu casa” ) deyimi ilə bitirib.
Seçilən
43
azvision.az

1Mənbələr