Tbilisi, 22 may, AZƏRTAC
Azərbaycan-Gürcüstan və Türkiyə enerji sektorunda, qaz və elektrik enerjisi istiqamətində xüsusilə sıx əməkdaşlıq edirlər. Bu, hər üç ölkənin enerji sektorunu gücləndirir və eyni zamanda, Avropa İttifaqı (Aİ) da daxil olmaqla digər ölkələrin enerji sektorunun güclənməsinə töhfə verir. Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri enerji tranzitində əsas halqadır və Xəzər regionunun Türkiyə və Avropa bazarları ilə əlaqəsini təmin edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili İstanbulda keçirilən Beynəlxalq Təbii Sərvətlər Zirvəsi çərçivəsində keçirilən Enerji Nazirləri Sessiyasında çıxışı zamanı söyləyib.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, Mariam Kvrivişvili sessiya iştirakçılarına Cənubi Qafqaz Boru Kəməri vasitəsilə tranzit həcmi barədə məlumat verib və həcmin hər il durmadan artdığını vurğulayıb.
Nazir, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft nəqlinin illik həcminin əhəmiyyətli dərəcədə artmasına diqqət çəkib, Bakı-Supsa boru kəmərinin strateji və kommersiya potensialını vurğulayıb.
Mariam Kvrivişvili bildirib ki, Gürcüstan strateji tərəfdaşları Türkiyə və Azərbaycanla əməkdaşlıq çərçivəsində gələcəkdə Avropa İttifaqının enerji müstəqilliyinin dəstəklənməsində daha da vacib rol oynayacağıq.