AZ

“Problem texnologiyada deyil, istifadənin formasındadır” - Günay Əkbərova

"Məncə, problemi yalnız texnologiyanın özündə axtarmaq düzgün olmazdı. Bu gün dünyanın ən inkişaf etmiş təhsil sistemlərinə malik ölkələrində də uşaqlar texnologiyadan geniş istifadə edirlər. Məsələ daha çox onun necə və nə qədər istifadə olunmasındadır. Telefon və planşet düzgün istifadə edildikdə öyrənmə üçün böyük imkanlar yaradır, məlumat əldə etməyi asanlaşdırır, yaradıcılığı və tədqiqat bacarıqlarını inkişaf etdirir. Lakin istifadəyə nəzarət olmadıqda uşaqlar qısa və sürətli məzmunlara öyrəşir, uzunmüddətli diqqət tələb edən fəaliyyətlərdə çətinlik yaşayırlar. Bir çox ölkələrdə bu məsələyə balanslı yanaşmağa çalışırlar. Məsələn, bəzi məktəblərdə dərs zamanı telefon istifadəsinə məhdudiyyət qoyulur, lakin rəqəmsal alətlər tədris məqsədilə müəllimin nəzarəti altında istifadə edilir".

Bu fikirləri Aznews.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.

Qeyd edək ki, son illərdə rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqlar və yeniyetmələrin gündəlik həyat tərzini ciddi şəkildə dəyişib. Smartfonlar, sosial şəbəkələr və müxtəlif mobil tətbiqlər təhsilə çıxışı asanlaşdırsa da, eyni zamanda diqqət dağınıqlığı, öyrənmə prosesində fokuslanma çətinliyi və informasiyanın səthi qavranılması kimi problemləri də gündəmə gətirib. Mütəxəssislər bu tendensiyanı bəzən “telefon nəsli” anlayışı ilə izah edirlər. Bu nəslin əsas xüsusiyyəti daimi onlayn olmaq, sürətli informasiya axınına öyrəşmək və uzunmüddətli diqqət tələb edən fəaliyyətlərdə çətinlik yaşamaqdır. Təhsil prosesində isə bu vəziyyət müəllim-şagird münasibətlərinə, dərs keyfiyyətinə və ümumi akademik nəticələrə təsir göstərir. Mövzu xüsusilə məktəb yaşlı uşaqların dərsə marağı, diqqət toplama bacarığı və rəqəmsal vərdişlərin idarə olunması baxımından aktuallığını qoruyur.

G. Əkbərova qeyd edib ki, məqsəd texnologiyanı tam qadağan etmək deyil, ondan məqsədyönlü istifadə etməyi öyrətməkdir.

Seçilən
63
aznews.az

1Mənbələr