AZ

Sözlərin yox, pauzaların yorurdu məni

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tural BALABƏYLİ

Soyuyan axşam

Soyuq idi baxışların -

qışın ən uzun metaforası kimi

düşürdü gecənin çiyinlərinə.

Qar yağırdı elə bil

Xəbəri yox idi göy üzünün,

göy üzündəki ulduzların...

Külək pəncərəni döyürdü yavaşca,

sən isə bu soyuqda

sükutu danışdırırdın baxışlarınla.

Otaqda zəif bir işıq vardı,

işığın altında yorğun bir masa,

masanın üstündə yarımçıq çay,

çayın içində soyuyan bir axşam,

axşamın üzünə şırım çəkirdi -

zəif işığıyla masanın üstündəki şam.

Hər şey adi görünürdü,

bircə ürəyimdən başqa.

Sən danışanda

sözlərin yox, pauzaların yorurdu məni.

Elə bil hər cümlənin içində

gizli bir ayrılıq gəzirdi.

Mən bunu hiss edirdim -

şeirin ritmi pozulan kimi,

ürəyin də ahəngi dəyişirdi.

Saçların gecəyə qarışırdı,

gecə şəhərə,

şəhər isə mənim tənhalığıma.

Bu necə təşbeh idi belə -

insan bir adamın içində

öz itkisini tapırdı.

Soyuq idi baxışların.

Bir epitet kimi qalırdı yaddaşımda.

Nə qədər unutmaq istəsəm də,

hər dəfə gecə düşəndə

adın yenə gəlirdi ağlıma -

bitməyən bir hekayənin

ən kədərli cümləsi kimi,

oxunurdu qarşımda...

Bir sükutu bölüşmək

Ehtiras insanın içində

səssiz başlayan bir yanğın kimi doğulur.

Əvvəlcə bir baxışın kənarında gizlənir,

sonra bir toxunuşun yaddaşında böyüyür,

axırda insanın özündən də böyük

bir hissəyə çevrilir.

Nə tam sevgi olur,

nə də sadə arzu -

ikisinin arasında qalan,

adı qoyulmadıqca daha da güclənən

bir hal kimi yaşayır.

Sevgi isə daha sakitdir;

Ehtirasın qaldırdığı toz

yerə çökəndən sonra görünür.

Bəzən əl tutmaqdır,

bir sükutu bölüşmək -

beləcə səssizliyə bürünür.

İnsan onu hər an hiss etmir,

amma o, yenə də oradadır -

gündəlik həyatın içində,

adi günlərin nəfəsində.

Sevgi yandırmır insanı,

onu saxlayır.

Amma o saxlanmanın içində də

bir ağırlıq var -

insanı yavaş-yavaş dəyişdirən,

onu başqa bir formaya salan

səssiz bir bağ kimi

təşnə olan dodağa ümid verən

boş bardaq kimi.

Ayrılıq isə bu iki yaşantının

sınandığı yerdir.

Ehtiras orada külə dönür,

sevgi ya böyüyür, ya da ölür.

Ayrılıq gələndə insan anlayır ki,

hisslər təkcə yaşanmır -

həm də itirilir.

İtən isə

insanın özü olur

insan özü özündə gömülür.

Ən çətini budur:

ayrılıq təkcə iki insan arasında olmur.

Bir vaxtlar "biz" olan hər şey parçalanır.

Sözlər mənasını itirir,

toxunuşlar yaddaşa çevrilir,

yaxud yaddaşa nəsə gətirir,

sükut isə

ən uzun cümlə olur.

Ehtiras insanı özündən çıxarır,

Sevgi, əksinə, özündə saxlayır,

ayrılıq aradakı körpünü yandırar.

insan yanmış körpünün kənarında dayanar

anlayır ki, geri dönüş yoxdur -

amma bilər, o körpünün

keçilməmiş tərəfi çoxdur.

Bəlkə də ən dərin həqiqət budur:

ehtirasla başlamaq,

sevgi ilə davam etmək.

Ayrılıqla heç də bitmir -

sadəcə insanın içində

hisslər başqa bir formaya çevrilir

və yaşamağa davam edir.

Sən mənim...

Sən mənim hər şeyimsən...

Bu cümlə

dilimdə adi səslənir, bəlkə,

amma içimdə

bir ömrün dağıntısı kimi əks-səda verir.

Mən səni

hamının sevdiyi kimi sevmədim;

Bir az yağış kimi,

bir az gecikmiş qatar kimi,

bir az da

adamın özünə etiraf edə bilmədiyi

kədər kimi sevdim.

Sən gələndən sonra

otaqdakı əşyaların yeri dəyişmədi,

həyatın mənası dəyişdi.

Stul yenə həmin stul idi,

pəncərə yenə küləyə açılırdı,

sadəcə mən

əvvəlki adam deyildim

sevgin içimə dolsun, deyə

içimdə əyildim.

İndi hər gecə

fikirlərim yorğun küçələrdə dolaşır,

sənin adın

bütün şəhərin divarlarına

səssizcə yazılır...

Mən səni unuda bilmərəm.

Çünki insan

bəzi adamları yaddaşında yox,

qanında daşıyır.

Sən mənim

ən gözəl səhvim,

ən uzun susmağım,

ən çox içimdə qalan cümləmsən -

xatirələrin bu əzgin canımda yaşayır.

Çox qəribədir...

adam birini bu qədər sevəndə

onu itirməkdən yox,

onsuz qalacağı adama çevrilməkdən qorxur.

Gözlərin - bir vaxtlar

həyat verdiyim yer

Gecə yenə dörd divarın içində böyüyür,

külək pəncərədən yox, içimdən keçir bu dəfə.

Siqaret tüstüsü havada yox olmur,

sanki hər nəfəsimdə bir az da çoxalır sənsizlik.

Mən özümlə danışmağa başlamışam artıq -

"sən" deyə müraciət etdiyim adam

bəzən mən oluram,

bəzən səni xatırladan boşluq.

Sevgi qəribə şeydir...

gələndə səs salmır,

gedəndə isə bütün şəhəri oyadır.

Bir vaxtlar çiyinlərində yatdığım qadın,

indi yuxularımda belə yad kimi keçir.

Gözlərin - bir vaxtlar həyat verdiyim yer,

indi baxmağa qorxduğum uçurumdur.

Xəyanət bəzən bir addım deyil,

bir yoldur -

sən bilmədən çıxırsan o yola,

geri qayıdanda artıq heç kim səni tanımır.

İçki stəkanında özümü axtardım,

tapdığım yalnız dərinlik oldu.

O dərinlikdə nə səs var, nə işıq,

sadəcə boğulan xatirələr.

Darıxmaq...

adama ən çox tanıdığı yerlərdə toxunur,

ən çox sevdiyi səsin yoxluğunda.

Bir gün anladım -

insan tərk ediləndə yox,

unutmağa başlayanda ölür.

İndi külək pərdələri yox,

məni tərpədir.

Dörd divar isə sakitdir -

çünki onlar hər şeyi bilir,

amma heç nə demir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
525.az

1Mənbələr