Bakı, 22 may, AZƏRTAC
Müxtəlif tipli şəhər əraziləri fərqli inkişaf yanaşmaları tələb edir. Xüsusilə, “sıfırdan” böyük layihələr artıq mövcud şəhər infrastrukturunun modernləşdirilməsindən imkanlara və məhdudiyyətlərə görə fərqlənir.
Bu barədə AZƏRTAC-a “GSMA Mobile for Development” şirkətinin iqlim və rəqəmsal həllər üzrə rəhbəri Akankşa Şarma bildirib.
Onun sözlərinə görə, uğurlu şəhər transformasiyası iqlim dəyişikliyinə davamlılıq, rəqəmsal inklüzivlik, nəqliyyat, mənzil siyasəti və vahid şəhər strategiyası çərçivəsində əsas xidmətlərə çıxışı özündə birləşdirən inteqrasiya olunmuş planlaşdırmadan asılı olacaq.
Agentliyin həmsöhbəti qeyd edib ki, bu gün rabitə, enerji və şəhərsalma sahələrində qəbul edilən qərarlar yaxın onilliklərdə şəhərlərin dayanıqlılığı və inklüzivliyi səviyyəsini müəyyən edəcək.
Müxbir – Tamilla Məmmədova