"Yeni standartlar və tələblər artıq alternativ enerjidən istifadəni populyarlaşdırır".
Bunu Day.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, əmlak eksperti Vüqar Oruc deyib.
O, Azərbaycanda evlərdə günəş panellərindən istifadənin nə qədər yayğın olduğu barədə fikirlərini səsləndirib.
Ekspert bildirib ki, bu istiqamətdə işğaldan azad olunmuş ərazilərdə mühüm dövlət layihələri həyata keçirilir, proses isə davamlı olacaq.
"Fərdi qaydada isə günəş panelləri əsasən villalarda, rayonlardakı evlərdə və premium tipli mənzillərin yerləşdiyi binalarda tətbiq olunur. Hələ ki, geniş yayılmayıb. Bunun əsas səbəbi isə yüksək investisiya tələb edən sistemin - inverter, akkumulyator, panellər və montaj xərclərinin - fərdi vətəndaşlar tərəfindən ödənilməsinin çətin olmasıdır.
Azərbaycanda yaxın gələcəkdə günəş panelləri və alternativ enerjinin əhəmiyyəti barədə maarifləndirmə işləri genişlənəcək. "Enerji pasportu" kimi yeniliklər də binalarda izolyasiya problemlərinin aradan qaldırılmasına, istilik və hidroizolyasiyanın təmin edilməsinə imkan verəcək. Bu isə alternativ enerjidən istifadəyə əlverişli şərait yaradacaq", - o deyib.
V. Oruc əlavə edib ki, köhnə, istismar müddəti bitmiş və ya keyfiyyətsiz tikilmiş binalarda günəş panellərinin tətbiqi məqsədəuyğun deyil:
"Çünki enerji qənaəti və xərclərin optimallaşdırılması mümkün olmur. Yeni tikililər isə normativlərə uyğun şəkildə inşa olunacaq və enerji qənaətini təmin edən izolyasiya tədbirləri sayəsində alternativ enerjidən istifadəyə daha uyğun olacaq.
Azərbaycanın aran zonaları, Qarabağ, Naxçıvan və Abşeron yarımadası günəş panelləri üçün əlverişli imkanlara malikdir, çünki günəşli günlərin sayı çoxdur. Enerjidən səmərəli istifadə və xərclərə qənaət prinsipləri yeni dövrün tələbləridir", - o vurğulayıb.
Əmlak eksperti əlavə edib ki, gələcəkdə alternativ enerji əsas enerji mənbəyi olacaq və bu həm ekoloji təmiz yaşayış şəraitlərinin formalaşmasına, həm karbon emissiyasının azalmasına, həm də ESG prinsiplərinə uyğun yaşıl yaşayışın təmin edilməsinə xidmət edəcək.
"Texnologiyanın inkişafı isə artıq alternativ enerji resurslarının populyarlaşmasına səbəb olur və bu ciddi sənaye və yanaşma inqilabıdır", - o qeyd edib.
Nəsimi Ələsgərli