Bakı, 22 may, AZƏRTAC
Rəqəmsal dayanıqlıq və kibertəhlükəsizlik şəhərlərin gələcəyinin əsas elementlərinə çevrilir.
Bu barədə AZƏRTAC-a “GSMA Mobile for Development”in iqlim və rəqəmsal həllər üzrə rəhbəri Akankşa Şarma bildirib.
Onun sözlərinə görə, şəhər infrastrukturu getdikcə daha qarşılıqlı əlaqəli olduqca, etibarlı əlaqə ictimai etimadın qorunmasında, şəhərlərin təhlükəsiz və səmərəli fəaliyyətinin təmin edilməsində əsas rol oynayır.
Şarma qeyd edib ki, GSMA-nın araşdırmalarına görə, “ağıllı şəhərlər” sahəsində qoşulmaların sayı 2020-ci ildə 173 milyondan 2024-cü ildə 271 milyona qədər artıb. Proqnozlara görə, 2030-ci ilə qədər daha 222 milyon qoşulma əlavə olunacaq: “Belə sürətli artım nəqliyyat, energetika, ictimai xidmətlər və ekoloji monitorinqin inkişafı üçün əhəmiyyətli imkanlar açır, eyni zamanda, rəqəmsal infrastrukturun kibertəhlükələrdən və fasilələrdən qorunması zərurətini gücləndirir”.
O, həmçinin qeyd edib ki, toplanan məlumatların həcmi genişləndikcə, məxfilik, idarəetmə və informasiyaya məsuliyyətli çıxış məsələlərinin əhəmiyyəti artır. Onun sözlərinə görə, bu şəraitdə dövlətlər, biznes və texnoloji şirkətlər innovasiyaların etimad, şəffaflıq və təhlükəsizlik əsasında inkişaf etməsi üçün birgə çalışmalıdır.
Müxbir – Tamilla Məmmədova