Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçirilib.
Aznews.az xəbər verir ki, bağlanış mərasimində rəsmilər, BMT təmsilçiləri və digər şəxslər iştirak ediblər.
Bağlanış mərasimi bədii proqramla başlayıb, videoçarxlar nümayiş edilib.
Bağlanış mərasimində çıxış edən BMT Baş katibinin müavini Əminə Məhəmməd WUF13-ü yüksək səviyyədə keçirdiklərinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edib: “Qarabağ və digər ərazilərdə aparılan yenidənqurma işləri, icmaların reinteqrasiyası, infrastrukturun və sülhün bərpası həmin ərazilərin sosial həmrəylik, mədəni inkişaf və iqtisadi artım mərkəzlərinə çevrilməsinə xidmət edir”.
O diqqətə çatdırıb ki, bu həftə Bakıda gördüyümüz ən vacib məqamlardan biri əməkdaşlığın yalnız işlək mexanizm deyil, həm də böyük problemlərin həllində effektiv vasitə olmasıdır.
Daha sonra mərasimdə WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev görülən işlərlə bağlı detallı məlumatları iştirakçılarla bölüşüb: “Forum beynəlxalq medianın diqqət mərkəzində olub. 1000-dən çox akkreditə olunmuş media nümayəndəsi WUF13-ü geniş şəkildə işıqlandıraraq dayanıqlı urbanizasiya və beynəlxalq əməkdaşlığın əhəmiyyətinin qlobal miqyasda təşviqinə töhfə verib”.