Ötən mövsüm 2-ci liqada gümüş medal qazanan, yalnız “Şahdağ Qusar”dan geri olan “Şəfa” bu mövsüm ilk turdan etibarən inamlı oyun göstərdi, sona bir tur qalmış çempionluğu təmin etdi. 26 oyunun yalnız birində uduzan paytaxt təmsilçisi həm də legionersiz oynamaqla diqqəti çəkir.
Bu uğurun altında baş məşqçi imzası da var. Futbolçu karyerasını erkən bitirən, özünü məşqçi kimi sınayan Elgiz Kərəmlinin hansı ailədən olduğundan xəbərdarsız. Futbol bu məşqçinin qanındadı. Elgiz dörd dəfə Azərbaycan çempionatının bombardiri olmuş, bir mövsümə 39 qol vurmaqla ölkə futbolunun tarixinə düşmüş Nazim Əliyevin oğludu. Nazim bəy futbolçu kimi uğurlu olsa da, baş məşqçi kimi böyük uğurları olmayıb. Nazim Əliyevlə elə Elgiz Kərəmlinin çempionluğu haqda söhbət etdik.
- Oğlunuz ardıcıl iki mövsüm böyük uğura imza atdı. Ötən mövsüm 2-ci liqada ikinci oldu, 1-ci liqada isə “Şəfa”nı çempion etdi. Bu uğuru ondan gözləyərdiz?
- Açığı, o qədər də gözləmirdim. Rəqibləri də güclü idi. Hər komandada legioner var idi. “Şəfa”da plan elədi ki, legionersiz oynayırlar. Əcnəbi futbolçu olmadan çempionluq qazanmalarına daha çox sevindim. Ümumiyyətlə, mən həmişə özümüzkülərin oynamasının tərəfdarıyam.
- Bu çempionluqda Elgiz Kərəmlinin nə dərəcədə rolu var?
- Bütün komandalarda baş məşqçidən çox şey aslıdı. Təhlil edirlər, taktika fikirləşirlər. Məşqçilik asan iş deyil. Üstəlik bunu cavan məşqçi bacardı.
- Məşqçi karyeranız futbolçu həyatınız qədər uğurlu olmayıb. Oğlunuzun baş məşqçi Nazim Əliyevi unutduracağına inanırsız?
- Niyə ki?! Mən də baş məşqçi işləmişəm. Amma daha çox zəif, büdcə problemi olan komandalarda. Elə “Şəfa”nın özündə də çalışmışam, altı ay maaş almamışam. Milli komandada Şahin Diniyevin köməkçisi olmuşam. Türkiyəni Bakıda məğlub etmişik. Köməkçi məşqçilər də kiçik iş görmür.
- Bəli, səhv etmirəmsə, 2014-də Böyükağa Hacıyevin də yanında “Neftçi”də məşqçi işləmisiz.
- Bəli, düzdü.
- Elgizin elita səviyyəsində baş məşqçi olduğunu düşünürsüz? Sizcə, orda “baş çıxara” bilər?
- Əlbəttə. Birinci liqada elə-belə çempion olmursan ki. Rəhbərliyin strategiyası, məşqçi korpusunun böyük rolu var. Bunlar hamısı vacibdi. 1-ci liqa ilə premyer-liqa arasında səviyyə fərqi çox deyil. Bu mövsüm “Qəbələ”yə qarşı səfərdə kubok matçı oynadılar. “Qəbələ” minimal hesabla, çətinliklə uddu.
- Söz-söhbət var ki, “Şəfa” rəhbərliyi premyer-liqa üçün baş məşqçi axtarışındadı, Elgiz Kərəmliyə güvənmir. Sizcə, belə addım atsalar, Elgiz bəyin əziyyətini yerə vurmuş olmazlar?
-Nəinki Elgizi, əziyyət çəkib, komandanı bura qədər gətirən məşqçini göndərmək düzgün deyil. Tək məşqçiyə yox, futbolçulara da aiddi. Onlar da özlərini sübut etməlidi. Alınmasa, dəyişmək olar. Şans vermək lazımdı. Onların əziyyəti var. Başqası da gəlib, eyni işi görəcək də. Nə edəcək ki?!
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta