Mənzil insan hüququdur və onun təmin edilməsi dövlətlərin demokratik vəzifəsidir.
APA xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhər Forumunun (WUF13) bağlanış mərasimində Qambiyanın paytaxtı Banjul şəhərinin meri və Afrika Yerli Seçilmiş Qadınlar Şəbəkəsinin (REFELA Africa) prezidenti Rohey Malik Lou deyib.
Onun sözlərinə görə, ləyaqətli mənzil təminatı keyfiyyətli ictimai xidmətlər olmadan mümkün deyil.
“Bakıdan bu çağırışı edirik: mənzil insan hüququdur və onun təminatı demokratik vəzifədir”, - deyə o vurğulayıb.
Rohey Malik Lou qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci məqsədi və Yeni Şəhər Gündəliyi qarşısında duran hədəflərə nail olmaq üçün inkişafın qarşısını alan struktur maneələr aradan qaldırılmalıdır.
Onun sözlərinə görə, bərabərsizlik, yoxsulluq və mənzilin maliyyə aktivinə çevrilməsi kimi problemlər şəhərlərin dayanıqlı inkişafına mane olur.
REFELA Africa prezidenti vurğulayıb ki, yerli və regional hakimiyyət orqanları yalnız qərarların icraçısı deyil, həm də qlobal öhdəliklərin formalaşdırılmasında iştirak edən siyasi tərəflərdir.
“Bu, təkcə siyasət məsələsi deyil. Bu, etimad, demokratiya və çoxtərəfli əməkdaşlığın gələcəyi məsələsidir”, - deyə o əlavə edib.