AZ

ABŞ kəşfiyyatı Livana 100 SEPAH zabitinin göndərildiyini açıqlayıb

SEPAH-a bağlı hərbi mütəxəssislər hazırda Livanda “Hizbullah” hərəkatının yenidən silahlandırılmasını və təlimini həyata keçirir...

ABŞ kəşfiyyatı Livana 100 SEPAH zabitinin göndərildiyini açıqlayıb

“Hizbullah”ın yenidən silahlandırıldığı bildirilib...

Poliqon xəbər verir ki, ABŞ kəşfiyyatının qiymətləndirmələrinə əsasən, son aylarda Livana İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təxminən 100 zabiti gəlib. Bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, SEPAH-a bağlı hərbi mütəxəssislər hazırda Livanda “Hizbullah” hərəkatının silahlılarının yenidən silahlandırılması, hərbi hazırlığı və koordinasiyası ilə məşğul olurlar. Mənbələr bildirirlər ki, İran tərəfi bölgədəki təsir imkanlarını qorumaq və təşkilatın döyüş potensialını bərpa etmək üçün fəaliyyətini gücləndirib.

Telekanalın məlumatında qeyd olunub ki, Suriyada devrilmiş Bəşər Əsəd rejiminin keçmiş nümayəndələrinin bir hissəsi də Livana sığınıb. İddialara əsasən, həmin şəxslər Suriyadakı əvvəlki əlaqə və logistika şəbəkələrindən istifadə edərək maliyyə vəsaitlərinin və müxtəlif resursların qaçaqmalçılıq yolu ilə daşınmasını təşkil edirlər.

Mənbələrin sözlərinə görə, bu fəaliyyətlər regionda təhlükəsizlik vəziyyətinin yenidən gərginləşməsi ehtimalını artırır. Xüsusilə İranın Livandakı təsirinin genişlənməsi və “Hizbullah”ın hərbi imkanlarının artırılması İsrail və Qərb ölkələrinin diqqət mərkəzində qalır.

Rəsmi Tehran və “Hizbullah” hərəkatı isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Poliqon.info

Seçilən
5
poliqon.info

1Mənbələr