AZ

Xarici dil müəllimləri ilə yeni imtahan modeli üzrə görüş: Şagirdlər minimum 100 sözdən ibarət mətn yazacaqlar

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 22 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) təşəbbüsü ilə, Elm və Təhsil Nazirliyi, Şirvan-Salyan, Mil-Muğan, Qarabağ, Şərqi Zəngəzur və Şəki-Zaqatala regional təhsil idarələrinin dəstəyi əsasında müvafiq olaraq Şirvan, Bərdə və Şəki şəhərlərində regionlarda müvafiq olaraq 270, 232 və 250 xarici dil müəlliminin iştirakı ilə görüşlər təşkil olunub.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib.

Tədbirlərdə Dövlət İmtahan Mərkəzinin Şirvan regional bölməsinin müdiri Hafis Bağırov, Bərdə regional bölməsinin müdiri Vüsal Cəfərov və Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov çıxış edərək belə görüşlərin regionlarda keçirilməsinin əhəmiyyətini qeyd edərək onların maarifləndirici rolundan bəhs ediblər.

DİM-in Dövlət dili və xarici dillər şöbəsinin müdiri Könül Hacıyeva xarici dil fənləri üzrə qiymətləndirmə sistemində edilən yeniliklər, tətbiq olunan yanaşmalar və ölçmə meyarları barədə geniş məlumat verib. O, həmçinin yeni imtahan modelində nəzərdə tutulan yazı tapşırığı haqqında danışaraq metodiki tövsiyələrini iştirakçılarla bölüşüb. Bildirilib ki, yenilənmiş modelin əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real və kommunikativ mühitdə qiymətləndirməkdir.

Qeyd olunub ki, yeni modelə əsasən 2027-ci ildən etibarən şagirdlərdən minimum 100 sözdən ibarət qısa mətn yazmaları tələb olunacaq. Bu yanaşma onların yazı bacarıqlarının, fikri ardıcıl ifadə etmə qabiliyyətinin və dil vasitələrindən istifadə səviyyəsinin daha obyektiv qiymətləndirilməsinə şərait yaradacaq. Bununla yanaşı vurğulanıb ki, bu dəyişiklik tədris prosesində yazı bacarıqlarının inkişafına daha çox diqqət yetirilməsini zəruri edir.

Görüşlər zamanı Şirvan-Salyan, Mil-Muğan, Qarabağ, Şərqi Zəngəzur və Şəki-Zaqatala iqtisadi rayonları üzrə xarici dil nəticələrində müəyyən irəliləyişin müşahidə olunduğu da qeyd edilib. Qeyd olunan iqtisadi rayonların 9-cu sinif şagirdlərinin buraxılış imtahanında xarici dil fənni üzrə orta statistik göstəriciləri 2024/2025 və 2025/2026-cı tədris illəri üzrə müvafiq olaraq 26.57–30.76, 23.99–26.57, 28.97–31.03, 33.61–38.30 və 31.44–37.74 faiz təşkil edib. Həmin iqtisadi rayonların 11-ci sinif şagirdlərinin buraxılış imtahanında xarici dil fənni üzrə orta statistik göstəriciləri isə müvafiq olaraq 32.95–33.35, 30.05–31.70, 38.11–36.19, 44.99–45.90 və 39.42–41.56 faiz olub. Statistik nəticələrə daha geniş nəzər saldıqda region daxilində ayrı-ayrı rayonlar üzrə nəticələr arasında fərqlər qalmaqdadır ki, bu da bəzi istiqamətlərdə metodik dəstəyin daha da gücləndirilməsinə ehtiyac olduğunu göstərir.

Plenar hissələrdən sonra tədbir ingilis, rus, alman və fransız dilləri üzrə seminarlarla davam etdirilib. DİM-in fənn üzrə kuratorları – Murad Muradov (alman dili), Fatma Ağayeva (fransız dili), Gülayə Cavadova (ingilis dili) və Xalidə Babaşova (rus dili) yeni imtahan modelindəki dəyişiklikləri ətraflı şəkildə izah ediblər.

Seminarlar zamanı iştirakçılara 100 sözdən ibarət yazılı tapşırığın mahiyyəti, qiymətləndirmə meyarları və nümunə cavablar təqdim olunaraq müzakirə edilib. Tədbirin sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb, sorğu aparılıb və yeniliklərlə bağlı geniş fikir mübadiləsi həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
azertag.az

2Mənbələr