AZ

Kiyev Ukrayna savaşını artıq Rusiya ərazisinə keçirir: Kreml isə “böyük fırtına”dan öncə “gizli sövdələşmə” istəyir

Həm Ukrayna, həm də Rusiya hazırkı hərbi mərhələni mümkün böyük geopolitik dəyişikliklər öncəsində geostrateji mövqe savaşı kimi qiymətləndirir... Münaqişə tərəflərinin real güzəştlər üzrə anlaşmaya hazır olmaması isə Ukrayna savaşının hələ uzun müddət davam edə biləcəyini göstərən əsas faktor sayılır...

Qlobal məkanda hərbi-siyasi proseslər çox sürətlə dəyişir. Bir müddət öncəyə qədər ABŞ Ukrayna savaşının dayandırılması üzrə “sülh prosesi”ndə vasitəçilik missiyasını öz üzərinə götürmüşdü. Ukrayna ərazilərini Rusiyanın ixtiyarına verməyə hazır olan Ağ Ev ABŞ-ın Avropadakı ənənəvi müttəfiqlərini ümumiyyətlə, “sülh prosesi”nə yaxın buraxmırdı. Kreml isə bundan tamamilə məmnun idi və Rusiyanın savaş meydanında qazana bilmədiyi hərbi qələbəni “sülh masası”nda əldə edəcəyinə böyük ümidlər bəsləyirdi. Ancaq indi situasiya ciddi şəkildə dəyişməyə başlayıb.

Məsələ ondadır ki, ABŞ üçün hazırda Yaxın Şərqdə baş verənlər Ukrayna savaşının gələcək taleyindən daha böyük önəm daşıyır. Ona görə də, Ağ Ev Ukrayna savaşının dayandırılması üzrə “sülh prosesi”ndə vasitəçilik missiyasını istənilən ölkənin öhdəsinə buraxmağa hazır olduğunu artıq rəsmən bəyan edib. Halbuki, “sülh masası”nda ABŞ-la anlaşma şəraitində hərəkət edən Rusiyaya indiki situasiya qətiyyən sərfəli deyil. Çünki Rusiya ordusunun döyüş qabiliyyəti ciddi şəkildə aşağı düşüb, iqtisadiyyat savaşın yükünü çəkmək potensialından uzaqdır, Ukrayna isə uzaqmənzilli hərbi zərbələrinin həm sayını, həm dərinliyini, həm də dəqiqliyini artırıb. Və ona görə də, Kreml üçün müharibənin məhz indiki şərtlər çərçivəsində dərhal dayandırılması taleyüklü ehtiyaca çevrilib.    

Onu da qeyd etmək lazımdır ki, mövcud situasiya Kreml və rəsmi Kiyev arasında gizli siyasi-diplomatik mərhələnin başlanma ehtimalının da önünü açmaqdadır. Əgər, qarşıduran tərəflər bu ehtimalı reallaşdırmağı bacarmazlarsa, onda Ukrayna savaşının yeni və daha təhlükəli fazaya keçə bilcəyi də artıq qətiyyən şübhə doğurmur. Və ona görə də, Ukrayna-Rusiya savaşının bundan sonra artıq yalnız cəbhə xəttində deyil, həm də siyasi-diplomatik və geopolitik müstəvidə davam edəcəyi daha inandırıcı görünür.

Maraqlıdır ki, son günlər həm Kremldən, həm Kiyevdən, həm də Qərb paytaxtlarından verilən açıqlamaların məzmunu da onu göstərir ki, hərbi qarşıdurma bir tərəfdən daha da sərtləşdirilir. Digər tərəfdən isə həm savaşın birbaşa iştirakçıları, həm də maraqlı tərəflər gələcək mümkün danışıqlar üçün öz siyasi mövqelərini tədricən formalaşdırmağa çalışırlar. Və bu baxımdan, Ukrayna savaş artıq klassik hərbi toqquşma çərçivəsindən çıxaraq, böyük dövlətlərin geostrateji qarşıdurmasının daha mürəkkəb mərhələsinə keçid etməkdədir.

Bütün bunları nəzərə aldıqda, Ukrayna prezident ofisinin rəhbəri Kiril Budanovun “Əgər, Rusiya ciddi danışıqlara hazırdırsa, onda Ukrayna da buna hazır olacaq” məzmunlu mesajı hazırda böyük maraq doğurur. Çünki bu açıqlama əslində, rəsmi Kiyevin son vaxtlar dəyişməyə başlayan siyasi-diplomatik taktikasının əsas əlamətlərindən biri hesab olunur. Rəsmi Kiyev bir tərəfdən, bütün dünyaya göstərmək istəyir ki, Ukrayna sülhə qarşı çıxan tərəf deyil. Və digər tərəfdən isə rəsmi Kiyev məhz mümkün gələcək danışıqlar prosesində siyasi üstünlüyü ələ keçirməyə də çalışır.

Eyni zamanda, Kiril Budanovun “Belə danışıqlar mobil telefonla aparılmır” açıqlaması isə Kreml və rəsmi Kiyev arasındakı münasibətlərin hazırda necə dərin böhran içərisində olduğunu da göstərir. Bu, həm də dolayısı ilə münaqişə tərəfləri arasında açıq siyasi dialoq formatının artıq tamamilə iflic vəziyyətində olduğunu və mümkün təmasların yalnız qapalı diplomatik kanallar üzərindən reallaşdırıla biləcəyini təsdiqləyir. Və müharibənin indiki mərhələsində qarşıduran tərəflərin bir-birinə minimum etimad belə, göstərməməsi yaxın gələcək üçün sülh ehtimalını da son dərəcə zəiflədir.

Bununla yanaşı, Slovakiyanın baş naziri Robert Fitsonun son açıqlamalar isə Avropa ölkələri daxilində Ukrayna savaşı ilə bağlı siyasi parçalanmanın daha da dərinləşdiyini biruzə verir. Çünki Robert Fitso açıq şəkildə bildirib ki, Ukrayna müharibəsinin sülhə yönləndirilməsi üçün prezident Volodimir Zelenski və Rusiya lideri Vladimir Putin arasında birbaşa təmas zəruridir. Və onun bu mövqeyi Avropa Birliyi daxilində getdikcə güclənən “savaşın uzanmasının qarşısı mütləq alınmalıdır” düşüncəsinin artıq daha açıq şəkildə ifadə olunmağa başladığını da göstərir.

Əslində, Slovakiya baş naziri hazırda Avropada formalaşan yeni siyasi cəbhənin təmsilçilərindən biri kimi çıxış edir. Belə ki, Macarıstanın sabiq baş naziri Viktor Orbanın vaxtilə israr etdiyi mövqeyə tədricən yaxınlaşan rəsmi Bratislava artıq açıq şəkildə Qərbin sərt anti-Rusiya strategiyasının Avropa üçün ağır iqtisadi və təhlükəsizlik problemləri yaratdığını vurğulayır. Və bu isə o deməkdir ki, Ukrayna savaşı uzandıqca, Avropa ölkələri daxilində siyasi-iqtisadi ziddiyyətlər daha da güclənə bilər.

Bütün bunlara paralel olaraq, Kremlin Ukrayna lideri Volodimir Zelenskiyə “Əgər,  prezident Vladimir Putin ilə görüş istəyirsə, onda bunun üçün özü birbaşa əlaqə saxlamalıdır” mesajı isə Rusiyanın siyasi-diplomatik taktikasının önəmli tərkib hissəsidir. Kreml bununla, beynəlxalq ictimaiyyətə həm mesaj verir ki, sülh danışıqlarının başlanması üçün təşəbbüs məhz rəsmi Kiyevdən gəlməlidir, həm də Rusiyanı “dialoqa açıq tərəf” kimi təqdim etməyə çalışır. Bu isə xüsusilə də, Qlobal Cənub düşərgəsinə aid ölkələr və neytral dövlətlər qarşısında Rusiyanın siyasi-diplomatik mövqelərini qorumaq baxımından, böyük əhəmiyyət daşıyır.

Digər tərəfdən, prezident Volodimir Zelenskinin “Müharibə öz doğma limanına qayıdır” açıqlaması isə məhz Ukraynanın son vaxtlar ciddi şəkildə dəyişən hərbi strategiyasından qaynaqlanır. Rəsmi Kiyev artıq savaşın dağıdıcı yükünü yalnız Ukrayna ərazisində saxlamaq niyyətində olmadığını biruzə verir. Çünki Rusiyanın neft emalı zavodlarına, enerji infrastrukturuna, hərbi sənaye müəssisələrinə və logistik obyektlərinə qarşı artan sarsıdıcı zərbələr Ukraynanın yeni hərbi taktiki xəttinin əsas istiqamətlərindən birinə çevrilib.

Təbii ki, Ukraynanın bu strategiyasının əsas məqsədi Rusiyanın iqtisadi dayanıqlığını zəiflətmək, enerji ixracı imkanlarını məhdudlaşdırmaq və Kremlə qarşı ölkədaxili təzyiq mexanizmini mümkün qədər gücləndirməkdir. Xüsusilə də, Ukraynanın son vaxtlar daha da intensivləşən Rusiyanın neft obyektlərinə ardıcıl hücumlar Kreml üçün olduqca həssas problem hesab olunur. Çünki Rusiya iqtisadiyyatının əsas maliyyə resursları məhz enerji ixracından formalaşır və uzunmüddətli zərbələr bu ölkənin dövlət büdcəsinin imkanlarına ciddi şəkildə neqativ təsir göstərə bilər.

Bütün bunlara paralel olaraq, prezident Volodimir Zelenski Ukraynanın hücum PUA-larının istehsalını, silah tədarükünü və hərbi resurslarını daha da artıracağını bəyan edib. Onun bu açıqlaması həm də onu göstərir ki, rəsmi Kiyev yaxın perspektivdə Rusiya ilə müharibənin sona çatacağına hələlik o qədər də inanmır. Əksinə, rəsmi Kiyev hazırda Ukrayna savaşının daha dağıdıcı ola biləcək uzunmüddətli mərhələsinə hazırlaşır. Və bu baxımdan, Qərbin Ukraynaya dəstəyini də maksimum səviyyədə qorumağa çalışır.

Ona görə də, hazırda yaranan əsas paradoks ondan ibarətdir ki, həm Kreml, həm də rəsmi Kiyev eyni anda bir tərəfdən, siyasi-diplomatik mesajlar verirlər. Digər tərəfdənsə, münaqişə iştirakçıları həm də israrla hərbi eskalasiyanı dərinləşdirirlər. Və bu isə onu göstərir ki, qarşıduran tərəflər hazırda real sülhə nail olmağa deyil, məhz gələcək mümkün danışıqlarda daha güclü mövqedən çıxış etmək imkanları qazanmağa çalışırlar.

Ancaq geopolitik baxımdan isə mövcud vəziyyət tədricən daha təhlükəli xarakter almağa başlayıb. ABŞ-ın Yaxın Şərqdə “savaş bataqlığı”na düşməsi Ağ Evin Ukrayna savaşına yönəlik siyasətində ciddi dəyişikliklərə yol açmaqdadır və bu, Rusiyada ciddi narahatlıq yaradır. Çünki Tramp administrasiyasının Ukrayna savaşının dayandırılması üzrə “sülh prosesi”ndə Rusiyanın maraqlarına uyğun mövqeyinə indi Kremldə daha çox ehtiyac duyurlar.

Məhz ona görə də həm rəsmi Kiyev, həm də Kreml hazırkı hərbi mərhələni mümkün böyük geopolitik dəyişikliklər öncəsində geostrateji mövqe savaşı kimi qiymətləndirir. Bu baxımdan, Ukrayna müharibəsi yaxın vaxtlarda həm hərbi, həm siyasi-diplomatik, həm də geopolitik istiqamətlər üzrə daha mürəkkəb və təhlükəli mərhələyə daxil ola bilər. Və indiki situasiyada qarşıduran tərəflərin real güzəştlər üzrə anlaşmaya hazır olmaması isə Ukrayna savaşının hələ uzun müddət davam edə biləcəyini göstərən əsas faktorların sırasına daxildir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg

Seçilən
45
36
musavat.com

10Mənbələr